Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Türk məktəbləri nurçuluq və pantürkizm yayır?


Xarəzmidə Türk məktəbi
Xarəzmidə Türk məktəbi
Orta Asyada türk məktəbləri 1990-cı illərin ortalarından açılmağa başlayıb. Təkcə Özbəkistanda 65 belə məktəb var idi. Bunların çoxu özəl məktəblər idi.

Qırğızıstanda isə məktəblərin sayı az olub, bu günün özündə 25 türk məktəbi var – eyni zamanda 2 universitet də fəaliyyət göstərir.

Türk məktəbləri hətta regionun farsdilli ölkəsi olan Tacikistanda da yetərincə populyarlıq qazanıb. Tacikistandakı belə məktəblərdə oxuyanların və uşaqlarını oxudanların çoxu deyir ki, türk məktəbləri ölkədə ən yüksək səviyyədə təhsil verən yerlərdir.

Bu məktəblərin populyarlığın bir səbəbi də İngilis, Rus, Türk və Tacik dillərini öyrətməsidir.

Sumbula Xocanazarova Düşənbədəki Hacı Kamil litseyinin müdiridir və deyir ki, bu məktəbi bitirən uşaqlar bütün sadlanan dillərdə mükəmməl danışa bilirlər:

«Xüsusilə də İngilis dilində. Şagirdlərə həftədə 16-17 saat ingilis dili keçilir. Biz dünyada mövcud olan ən yaxşı sınanmış metodlarla ingilis dili öyrədirik, bu proqramları isə ölkədəki başqa məktəblərdə tədris eləmirlər».

Orta Asiyadakı türk məktəblərinin populyarlığının bir səbəbi də müasir binalar, avadanlıqlarla təchiz olunması, təhsildə nizam-intizam və keyfiyyətdir.

Düzdü bu cür məktəblərdə təhsil də heç də həmişə havayı olmur. Ancaq elə Azərbaycanda olduğu kimi, özəl litseylərdə təhsil haqlarından yaxşı oxuyan tələbələri azad eləyirlər. Azərbaycanda özəl türk litseylərində təhsil haqqı illik 5 min manat həndəvərindədir. Orta Asyada isə bu rəqəm nisbətən aşağıdır.

Amma Azərbaycanda fərqli olaraq, Orta Asiyada indi Türk məktəblərinin başını qara buludların aldığını demək olar. Səbəb isə həmin məktəblərdə təkcə yüksək keyfiyyətli təhsil yox, dini təmayüllərin və pantürkizmin yayılması iddialarıdır.

Yeri gəlmişkən – bu cür iddialar bir neçə il əvvəl Bakıda da səslənirdi. Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev düz iki il əvvəl «Azadlıq» Radiosuna demişdi ki, Bakıdakı türk məktəbləri nurçuluq cərəyanını yayır və Azərbaycanda 2010-cu ilə qədər 5-6 min nəfərlik yüksək təhsilli, peşəkar dini elita yaratmağı hədəfləyiblər:

«Azərbaycandakı türk məktəbləri islam elitası yaratmaq istəyir. Bu elit təbəqənin sıralarında təxminən 5-6 min nəfər cəmləşib. Belə yüksək səviyyəli elita Azərbaycanda müəyyən işlər görə bilər. Hətta məzunların işə düzəlməsini də bu qrup izləyir. Nurçular belə bir proqramı 1992-ci ildən həyata keçirirlər. 2010-cu ilə kimi proses qurtaracaq və onları dəstəkləyəcək elit təbəqə formalaşacaq».

Düzdü sonradan Rafiq Əliyevin bu iddialarını həm türk təhsil müəssisələri, həm Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri, həm də Azərbaycan təhsil nazirliyinin nümayəndələri təsdiqləmədilər.
Öz içindəki qorxurlar üzündən Kərimov Vəhhabilər, Hizb-ut-Təhrir, Əkrəmiyyə cərəyanlarıyla vuruşur. Onların hamısı indi məhv edilib, ona görə də Kərimova yeni düşmən lazımdır. Bu onu göstərir ki, ölkənin içində problemlər var və Kərimov da özünü təhlükədə hiss eləyir. Camaatı qorxu içində saxlamaq üçün, onların fikrini sosial və iqtisadi problemlərdən yayındırmaq üçün onun həmişə yeni düşmənlərə ehtiyacı var
Həmin məktəblərdə həftədə 1-2 saat din dərslərinin keçirildiyini bildirən Dini Qurumlarla Dövlət Komitəsinin indiki rəhbərliyi vəziyyəti nəzarətdə saxladıqlarına əmin edirlər.

Xəzərin o tayındasa bu cür məktəbləri dövlət yetərincə ciddi nəzarətdə saxlamağa çalışır.

Türkmənistanda türk məktəblərinə regionun tarixiylə bağlı dərslərin keçilməsi qadağan olunub. Tacikistanda tez-tez bu məktəblərin proqramlarını yoxlayırlar ki, orda pantürkist ideyaları yayılmasın.

Amma Özbəkistan hakimiyyəti 1999-cu ildə Ankarayla münasibətləri bir az korlanan kimi türk məktəblərinin hamısını bağlayıb.

O vaxtdan 10 il keçsə də İslam Kərimov hakimiyyəti türk məəktəbləri məsələsini hələ bağlamayıb. İndi də məktəbləri yox, bu məktəbləri bitirənləri təqib eləyir.

Son aylarda Özbəkistan polisi türk məktəblərini bitirən azı 8 nəfəri həbs eləyib. Onları Özbəkistanda qadağan olunan «nurçuluq» cərəyanını yaymaqda ittiham eləyib 6 ildən 8 ilə qədər həbs cəzası veriblər.

Nurçuluq Özbəkistanda 90-cı illərdən yayılmağa başlayıb, amma dövlət hər zaman onları ölkədəki dünyəvi sistemi dağıtmaq cəhdlərində ittiham eləyib, sonda tamamilə qadağan eləmişdi.

Amma indi Özbək rəsmiləri deyirlər ki, türk məktəblərini bitirən nurçular aldıqları təhsilin yüksək keyfiyyətindən istifadə eləyib, asanlıqla ali məktəblərə qəbul olurlar, sonrasa rahatlıqla karyeralarını davam elətdirib, dövlət vəzifələrini də tuturlar. Sonra isə dövlətin qurulunu da dəyişməyə cəhd eləyəcəklər. Yəni, təxminən Rafiq Əliyevin Azərbaycanla bağlı dediyi ssenaridə olan iddialar.

Amma həm nurçular özləri, həm də Özbəkistandakı sıravi insan haqları fəalları bu iddiaları ciddi qəbul eləmirlər.

Rusiyada, Novosibirsk Universitetinin professoru olan İlhom Merocov da Özbəkistanda vaxtilə türk məktəbini bitirib. Hətta nurçular deyilən cərəyanın banisi sayılan Səid Nursinin kitablarını ruscaya da tərcümə eləyib. Amma deyir ki, türk məktəbləriylə nurçuluq arasında hansısa bağ axtarmaq bir az mənasızdır. Əslində nurçulara qarşı indi başlanan kampaniyalar Özbəkistan hakimiyyətinin növbəti uydurmalarıdır. Səbəbsə odur ki, prezident İslam Kərimov elə də yaxşı münasibətləri olmayan Türkiyənin onu devirməsindən qorxur.

Özbəkistandakı siyasi şərhçi Toşpulat Yuldaşov isə deyir ki, sadəcə avtoritar rəhbərlər düşmənsiz yaşaya bilməzlər, ona görə də repressiyalarına haqq qazandırmaq üçün zaman-zaman özlərinə düşmən uydurub-onları həbs eləyirlər:

«Öz içindəki qorxurlar üzündən Kərimov Vəhhabilər, Hizb-ut-Təhrir, Əkrəmiyyə cərəyanlarıyla vuruşur. Onların hamısı indi məhv edilib, ona görə də Kərimova yeni düşmən lazımdır. Bu onu göstərir ki, ölkənin içində problemlər var və Kərimov da özünü təhlükədə hiss eləyir. Camaatı qorxu içində saxlamaq üçün, onların fikrini sosial və iqtisadi problemlərdən yayındırmaq üçün onun həmişə yeni düşmənlərə ehtiyacı var».

Türk məktəbləriylə bağlı bir faktı isə, nə Azərbaycanda, nə də Xəzərin o tayında - Orta Asiyada danmırlar. Bu da burdakı təhsilin doğrudan da yüksək səviyyəli olmasıdır. Hər il həm Orta Asya, həm də Azərbaycanda bu cür məktəbləri qurtaranların daha böyük hissəsi ölkənin ali məktəblərinə qəbul olunur və sonradan yaxşı karyera qura bilir, nəinki dövlətin məktəbində tədris alanlar.

“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.

DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.

XS
SM
MD
LG