Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:40

Somali piratları Amerikanı hədələyir


Çoxları Somali dəniz quldurlarını varlıları, kapitalistləri və imperialistləri soyan qəhrəmanlar kimi qələmə verməyə çalışır
Çoxları Somali dəniz quldurlarını varlıları, kapitalistləri və imperialistləri soyan qəhrəmanlar kimi qələmə verməyə çalışır
Somali sahilləri boyu hərəkət edən gəmilərə aramsız hücumlar edən dəniz quldurları problemi getdikcə böyüyür. Problem artıq kriminal müstəvisini aşaraq beynəlxalq siyasət fəzasına qədəm qoyub.

Dəniz quldurları kiçik qayıqlarla nəhəng tankerləri necə ələ keçirir.

Piratların hücumları qeydə alınan ərazidə həm də balıqçılıq fəaliyyəti var. Piratlar kimi kiçik qayıqlardan istifadə edən bu balıqçılar əsasən tunes adlanan yırtıcı balıq tuturlar. Tunes balığı isə bir qayda olaraq böyük gəmiləri şikar kimi qəbul edib bu gəmilərə tərəf üzür. Balıqçılar da öz növbəsində tunes balığını təqib edərək onun ardınca hərəkət edirlər. Ona görə də yük gəmilərinə yaxınlaşan piratları balıqçılardan ayırmaq çətindir. Lap son anda məlum olur ki, bunlar balıqçı deyil, dəniz quldurlarıdır.

Piratlar klassik dəniz quldurları kimi bir ucunda qarmaq olan kəndirləri gəminin gövdəsinə atır və bir göz qırpımında öz kiçik qayıqlarından böyük okean gəmilərinin göyərtəsinə dırmaşırlar. Əllərinə keçən ilk adamı əsir alandan sonra, onlarla mübarizə aparmaq mümkünsüzdür, çünki silahlı quldurlar girovu öldürməklə hədələyirlər.

Böyük gəmiləri ələ keçirmək üçün bəzən piratlara onun pərini sıradan çıxarırlar. Bunun üçün uzun zəncirin hər ucunu bir surətli qayıqda saxlayıb arxa tərəfdən gəmiyə yaxınlaşır, pirat qayıqlarından biri sağdan, birisi solda gəmini ötməyə başlayırlar. Ucu qayıqlarda olan zəncir gəminin pərinə dolaşaraq onun hərəkətini dayandırır. Bundan sonra gəminin göyərtəsinə çıxmaq nisbətən asanlaşır.

Amerika hadisələrə cəlb olunur

Ötən həftə Somali piratları ilk dəfə olaraq Amerikanın Maersk Alabama yük gəmisinə hücum etdilər. Amma gəminin kapitanı Riçard Filips ağıllı tərpənərək heyət üzvlərini gəminin mühərrik hissəsində gizlətdi.

Bununla cəsur kapitan həm gəminin qaçırılmasını əngəllədi, həm də heyət üzvlərinin girov götürülməsinin qarşısını aldı.

Mühərrik hissəsinin dəmir qapısını aça bilməyən piratların kapitanın özünü girov götürməkdən başqa əlacları yox idi. Onlar kapitanı əsir edib xilasetmə qayığında açıq dənizə çıxdılar. Lakin uzağa gedə bilmədilər.

Amerika hərbi dəniz qüvvələrinin xüsusi dəstəsi riskli əməliyyat keçirərək gəmi kapitanını azad etməyə nail oldular. Bu zaman Amerika snayperləri piratlardan üçünü öldürüb, birini isə yaraladılar.

Amerika prezidenti Barak Obama rəsmi bəyanatla çıxış edərək dəniz quldurluğu ilə mübarizə əzmini ifadə etdi. «Açıq şəkildə bəyan eləyirəm ki, biz həmin regionda quldurluğun qarşısını almaqda qərarlıyıq. Gələcəkdəki hücumların qarşısını almaq üçün tərəfdaşlarımızla işimizi davam etdirəcəyik» – deyən Barak Obama əmin etdi ki, quldurluqla məşğul olanlar cəzasız qalmayacaqlar.

Piratlar qisas almağa cəhd edirlər


Lakin bu hadisədən dərhal sonra Somalidən xəbərlər gəldi ki, piratlar qisas almaq əzmindədirlər.

Somali quldurlarına qarşı ABŞ dənizçilərinin xüsusi əməliyyatından sonra Moqadişoya danışıqlara gələn Amerikalı senator Donald Peynin təyyarəsi də paytaxt aeroportundan havaya qalxanda qumbaraatanlardan atəşə tutuldu.

Polisin məlumatına görə, hücum eləyən islamçı yaraqlılar olub. Amma 6 mərmidən heç biriylə təyyarəni vura bilməyiblər.

Donald Peynin Somali rəsmilərindən öyrənmək istəyirdi ki, ölkəyə nəzarəti bərpa eləmək və quldurların fəaliyyətinə son qoymaq üçün ABŞ Somali hökumətə nə cür kömək eləyə bilər? Çünki son vaxtlar çoxları anlamağa başlayıb ki, quldurlarda dənizdə yox, quldurluğu yaradan amillərlə quruda mübarizə aparmaq lazımdır.

Çərşənbə günü isə dəniz quldurları yenə də Amerika gəmisinə - bu dəfə «Liberty Sun» («Azadlıq günəşi») gəmisinə hücum elədilər. Lakin bu dəfə də uğursuzluğa düçar oldular. BMT-nin humanitar yardımını daşıyan «Liberty Sun» gəmisini quldurların hücumundan öncə gəminin sürətini gah artırıb, gah da azaldıb, ziqzaq şəklində manevrlər eləməklə quldurların gəminin pərlərini sıradan çıxarmasının qarşısını alıblar. Beləliklə bölgədəki ABŞ hərbi gəmilərinin köməyə gəlməsi üçün zəruri olan vaxt udublar.

Piratlardan biri – Ömər Dahir İdle «Asoşeyted Press» agentliyinə telefonla müsahibəsində deyib ki, onlar Obamanın sözlərindən qorxmurlar. O deyib ki, Amerika gəmisinə hücum etməkdə məqsədləri girov götürüb pul qazanmaq olmayıb. Amerikaya mesaj göndərdiklərini deyən dəniz qulduru bildirib:

«Biz son hücumlarımızla göstərmək istəyirik ki, heç kim bizə öz sularımızı düşmən gəmilərindən qorumağı qadağan eləyə bilməz. biz qorxmuruq, çünki biz vətən uğrunda ölənlərin şəhidliyinə inanırıq».

Bir ovuc dəniz qulduru dünyaya meydan oxumağa necə nail olur

Obamanın çıxışından dərhal sonra dəniz quldurları 4 gəmini ələ keçirib, 75 dənizçini isə girov götürüblər.

Ərazidə ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Dəniz Donanması keşik çəkir. Donanmanın sözçüsü Natan Kristensenin sözlərinə görə, Somali dəniz piratlarının hücumları o qədər geniş əraziyə yayılıb ki, həmin ərazini tam nəzarət altında saxlamaq mümkün deyil.

Bu ilin əvvəlində Səudiyyə Ərəbistanının supertankeri – 100 milyon dollarlıq neftlə qaçırılanda Amerika hərbi dəniz donanmasının komandanı Admiral Maykl Müllen özü də heyrətini gizləyə bilməmişdi.

«Quldurlar öz işlərini çox yaxşı görürlər. Onlar çox yaxşı silahlanıblar. Taktiki olaraq çox bacarıqlıdırlar. Quldurlar hansısa gəmini ələ keçirəndə, onları ordan çıxarmaq müşkülə çevrilir, çünki artıq əllərində girovlar da var».

Amerikalı admiral əlavə eləyib ki, baxmayaraq ki, Somali sahilləri yaxınlığındakı Ədən körfəzində onlarla ölkənin hərbi gəmisi keşik çəkir, bu, çıxış yolu deyil. Çünki, hər yük gəmisini müşayiət eləmək bir hərbi gəmi ayıra bilməzlər.

Dəniz quldurları isə, indi o qədər ağıllanıblar ki, okeanın böyüklüyündən istifadə eləyirlər. Öz qurbanlarını heç kəsin gözləmədiyi vaxt, heç kəsin ağlına gəlməyən yerdə yaxalayırlar. Quldurların ələ keçirdiyi gəmiyə bundan sonra nə qədər hərbi gəmi yanaşsa da xeyri olmur.

NATO-nun sözçüsü Ceyms Appasurainin də dediyi kimi, məsələn NATO gəmiləri «Sirius Star» gəmisinə hücum edəndə yaxınlıqda olublar, amma tankerinin yanına yaxınlaşsalar da əllərindən bir şey gəlməyib.

Çünki NATO qüvvələrinin quldurların tutduğu gəmiyə atəş açmaq və ya quldurları ordan çıxarmaq üçün əməliyyat başlamaq icazəsi yoxdur. Ən azından ona görə ki, quldurlar gəmini ələ keçirəndə gəmi heyətini də girov götürürlər və kimsə girovların zərər görməsini istəmir.


Hətta NATO sözçüsü quldurların əlindən Asiyayla Avropa arasındakı dəniz nəqliyyatı yolunun dəyişə biləcəyinə də işarə edərək deyir:

«Məncə biz hamımız narahat olmalıyıq. Bu il quldurların hücumları 70 faiz artıb - bu da çox ciddidir. Gəmiçilik şirkətləri indi Körfəzdən gedən gəmilərin yolunu dəyişib - Afrikanın cənubundan dolanıb keçməyi düşünürlər. Bu da səfər müddətini 12-15 gün artıracaq. Yolun uzanması isə gündə 20-30 min dollar əlavə xərcə başa gələcək».

Avropadan Asiyaya ən qısa dəniz yolu Somali sahillərindən keçir. Demək olar ki, bütün yük gəmiləri Süveyş kanalından Qırmızı Dənizə keçir, sonra isə Ədən körfəzindən keçməklə Hind Okeanına çıxırlar.

Ötən il Ədən körfəzi və Hind Okeanının Somaliyə yaxın hissələrində onlarla hücum olub, 33 yük gəmisi ələ keçirilmişdi. Əraziyə NATO-nun əlavə hərbi-dəniz qüvvələri göndəriləndən sonra dəniz quldurlarının hücumları bir qədər səngidi. Lakin 2009-cu ilin əvvəllərindən başlayaraq yeni quldurluq dalğası başladı. Bu il Somali piratları 79 gəmiyə hücum eləyib, onlardan 19-nu ələ keçirə biliblər. İndi piratların əllərində 17 gəmi və 300 dənizçi var.

Düzdür, Somali piratları adətən ciddi müqavimət görməyəndə dənizçilərə qarşı silah tətbiqindən çəkinirlər. Onların girovlarla davranışından da elə də çox şikayətlər haqda məlumatlar yoxdur. Bəlkə də məhz bu üzdəndir ki, dünya internetini dolaşanda görmək olar ki, çoxları Somali dəniz quldurlarını varlıları, kapitalistləri və imperialistləri soyan qəhrəmanlar kimi qələmə verməyə çalışır.

Dəniz quldurları girovlara görə nə qədər pul alır və bu pullar hara gedir

Piratların hücum elədiyi suların sərhədləri artıq 1 milyon kvadrat mildən çoxdur. Quldurlar hər tutduqları gəmiyə və heyətini sərbəst buraxmaq müqabilində adətən azı 1 milyon dollar tələb eləyirlər. Somaliylə sərhəddəki Keniya mənbələrinin hesablamalarına görə, təkcə 2008-ci ildə Somali piratları bu yolla 150 milyon dollar qazanıblar.

Bu pullar hara gedib? Hər halda heç də quldurların özlərinin iddia elədiyi kimi, kasıbların dolanışığına və ya ərzağa yox. Çünki 7 milyon əhalisi olan Somalililərin 4 milyona qədəri humanitar ərzaq yardımlarıyla yaşayır. Dəniz quldurları isə məhz bu yardımları gətirən gəmiləri də qaçırır. Üstəlik bu cür hücumlar üzündən BMT-nin Ərzaq Proqramı öz yüklərini Somaliyə, Sudana və Keniyaya aparmağa razı olan gəmiçilik şirkətləri tapmaqda da çətinlik çəkir.

Çoxları iddia eləyirlər ki, quldurların qazandıqları pullar ölkədəki islamçı yaraqlıların silahlanmasına xərclənir. Somalidə 1990-cı illərin əvvəllərindən başlayaraq vətəndaş müharibəsi gedir. Hakimiyyət tez-tez dəyişir. Ölkə ərazisinin cənub və mərkəzi islamçı yaraqlıların əlindədir, paytaxt Moqadişonun bir hissəsinə də artıq onlar nəzarət edir. Dəniz quldurlarının sahildəki limanları da əsasən bu zonalarda yerləşir.
XS
SM
MD
LG