Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

«Hər hansı bir quruma öz namizədliyini irəli sürmək Azərbaycanın suveren hüququdur»


Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi Elçin Əmirbəyov
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi Elçin Əmirbəyov

«Azadlıq» radiosunun əməkdaşı Kənan Kazımoğlunun Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatların yanında daimi nümayəndəsi Elçin Əmirbəyovla müsahibəsi.


AZADLIQ: - BMT-nin İnsan Haqları Şurasına üzvlük Azərbaycan qarşısında hansı yeni vəzifələr qoyur.


ELÇİN ƏMİRBƏYOV: - Bilirsiniz, bu, yalnız Azərbaycana aid deyil. Məncə, Şuraya seçilmiş bütün 47 üzv dövlətin qarşısına yeni məsuliyyətlər, yeni vəzifələr qoyur. BMT-nin 191 üzvü var, amma 47-si insan haqlarının müdafiəsi sahəsində daha sıx şəkildə fəaliyyət göstərəcək. Sözsüz ki, bu, hər bir dövlətdən bu sahədə yeni nailiyyətlərin əldə olunmasını tələb edəcək.


AZADLIQ: - Şura neçə illiyinə seçilib?


ELÇİN ƏMİRBƏYOV: - Şura daimi fəaliyyət göstərəcək. Amma hər bir ölkənin orada qalmasının müddəti var. 47 ölkədən 1/3 hissəsi bir ilə, 1/3 hissəsi iki ilə, qalan 1/3 hissəsi isə üç ilə seçiləcək. Bu məsələ püşk vasitəsilə həll olunacaq.


AZADLIQ: - Şura yaranmamışdan əvvəl onu tənqid edənlər də vardı. Məsələn, Birləşmiş Ştatlar hesab edir ki, onun strukturu düzgün müəyyən olunmayıb. Düzdür, son bəyanata görə, Birləşmiş Ştatlar bu qurumla əməkdaşlıq etməyə hazırlaşır.


ELÇİN ƏMİRBƏYOV: - ABŞ keçmiş İnsan Haqları Komissiyasının ləğv edilməsi və yeni qurumun bərqərar olması barədə fikir söyləyən ölkələrdən biri olub. O, bütün bu islahatlar prosesinin əvvəlində dayanıb. Düzdür, ABŞ islahatı daha ciddi şəkildə həyata keçirmək istəyirdi. Məsələn, onlar istəyirdilər ki, Şuranın üzlərinin sayı 25-dən çox olmasın, ölkələr müəyyən meyarlar əsasında seçilsin. Amma bilirsiniz ki, BMT hökumətlərarası bir qurumdur. Baxmayaraq ki, Amerikanın BMT-də nüfuzu və rolu böyükdür, başqa dövlətlər də öz mövqeyini söylədilər. Ümumi rəy belə oldu ki, 47 üzv ölkə ilə Şura öz işini daha səmərəli şəkildə apara bilər.


AZADLIQ: - Bir sıra insan haqları təşkilatları, məsələn «Human Rights Watch» bu quruma bəzi dövlətlərin, o cümlədən Azərbaycanın üzv olmasına qarşı çıxırdılar. Sizin bu tənqidlərə cavabınız nədir?


ELÇİN ƏMİRBƏYOV: - Heç kimə sirr deyil ki, bu təşkilatlar öz mövqeyindən çıxış ediblər. Onlar bəzi dövlətlərin həmin quruma namizəd sürülməsinə qarşı çıxmışdılar. Amma onlar bilməlidirlər ki, BMT 45-ci ildə dövlətlər, xalqlar üçün yaradılıb. Hər bir üzv dövlətin suveren hüququdur ki, hər hansı bir seçkili quruma öz namizədliyini irəli sürsün. Mənə elə gəlir ki, onların bu mövqeyi bir qədər qərəzlidir, əsassızdır. Ona görə ki, hər bir ölkənin insan hüquqlarına baxışı var. Dünyanın cürbəcür ölkələrində, regionlarında demokratiya, insan haqlarına dair fikirlər müxtəlifdir. Eyni zamanda insan hüquqları sahəsində ümumbəşəri dəyərlər də var. Bu anlayışların ətrafında səyləri birləşdirib, bu ölkələr yəqin ki, daha səmərəli işə nail olacaqlar.


XS
SM
MD
LG