Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

«Tarixin bu dönəmində biz birlikdə işləməliyik»


Medvedev Obamanın andiçmə mərasimindəki çıxışından təsirləndiyini yazır
Medvedev Obamanın andiçmə mərasimindəki çıxışından təsirləndiyini yazır
Martın 31-də «Vaşinqton Post» qəzeti Rusiya-ABŞ münasibətlərinə dair Rusiya prezidenti Dmitri Medvedevin yazdığı məqaləni dərc edib. Məqalədə Rusiya prezidenti Rusiya-ABŞ münasibətlərində ötən illər ərzində yaşanmış gərginlikləri Buş administrasiyasının ayağına yazaraq Obama administrasiyası ilə münasibətləri yenidən başlamağa hazırlığına işarə edib.

Dmitri Medvedev yazır ki, «ötən ilin sonunda Rusiya-Amerika münasibətlərində üstünlük təşkil etmiş pessimist dəyərləndirmələrlə mübahisə etmək çətindir». Rusiya prezidenti davam edir ki, «təəssüf ki, münasibətlər keçmiş ABŞ administrasiyasının planları ucbatından korlanmışdı və bu planlar arasında ABŞ-ın Şərqi Avropada qlobal anti-raket müdafiəsi sisteminin quraşdırması, NATO-nun Şərqə doğru genişlənməsi və ABŞ-ın Avropada adi silahların ixtisarı barədə müqaviləni ratifikasiya etməməsi xüsusi yer tuturdu».

Rusiya prezidentinin fikrincə, bütün bu planlar Rusiyanın maraqlarına qarşı yönəlmişdi və «yerinə yetirilsəydi, qarşısıalınmaz şəkildə bizim tərəfimizdən cavab addımları tələb edəcəkdi». Rusiya prezidenti iqtisadi böhran termini işlədərək yazır ki, bu «zəhərli yatırımların» (toxic assets) iki ölkə arasındakı münasibətlərdən yığışdırılması neqativ balans vərəqəsini yaxşılaşdırmış olardı. Buna görə də Rusiya prezidenti Obama ilə özü arasında münasibətlərin praqmatik və biznes əsaslarında qurulmasını vacib hesab edir və iki ölkə arasındakı iş birliyinin zəruriliyini vurğulayır.

Medvedev Rusiya-ABŞ münasibətlərinin 2008-ci ildə Soçidə imzalanmış Strateji Çərçivə Deklarasiyası əsasında yenilənməsini mümkün sayır. Daha sonra Rusiya prezidenti qeyd edir ki, əməkdaşlıq ediləsi məsələlərin siyahısı genişdir.

Həmin məsələlər sırasında Medvedev ilk növbədə nüvə silahları sahəsindəki tərkisilah əməkdaşlığını vurğulayır. Rusiya prezidenti həmçinin Əfqanıstan məsələsində «bütün nüfuzlu oyunçuların iştirakı ilə» əməkdaşlıq münasibətləri qurmağı faydalı hesab edir. Konkret bu məsələdə, Medvedev qeyd edir ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının Əfqanıstan üzrə Moskvada keçirdiyi konfransı vacib hesab edir və ABŞ-ın eyni məsələ üzrə Hollandiyada BMT təşkilatçılığı ilə keçirdiyi tədbiri dəstəkləsə də, Rusiya vacib hesab edir ki, «Rusiya və Amerika bu iki konfransı bir-birini qarşılıqlı şəkildə gücləndirən hesab etsinlər, nəinki onları bir-birinə rəqib görsünlər».

Ötən ilin sonunda Rusiya-Amerika münasibətlərində üstünlük təşkil etmiş pessimist dəyərləndirmələrlə mübahisə etmək çətindir
Rusiya prezidentinin fikrincə, ABŞ-Rusiya münasibətlərində əsas problem bir-birinə «inam böhranının» olmasıdır və bu problemi həll etməyin tək yolu iki ölkə arasındakı münasibətlərdə hər iki tərəfin maraqlarının qarşılıqlı şəkildə nəzərə alınmasıdır. Bu istiqamətdə Rusiya tərəfinin 20-lərin sammitindən etibarən işləməyə hazırlığını ifadə edən müəllif yazır ki, qlobal iqtisadiyyatın vəziyyəti hamının problemidir və dünya maliyyə sistemindəki stabilliyi yalnız regional rezerv valyutalarının və maliyyə mərkəzlərinin diversifikasiyası ilə önləmək mümkündür. 20-lərin sammitində Rusiya və ABŞ birlikdə müəyyən qaydalar toplusu işləyib hazırlaya bilərlər ki, onlar hamıya eyni dərəcədə şamil olunsun. Bu istiqamətdə Rusiya prezidenti Beynəlxalq Valyuta Fondunun egidası altında dünya valyutasının yaradılması ideyası üzərində düşünülməyin vacibliyini qeyd edir.

İkitərəfli münasibətlərdə Medvedev hesab edir ki, Rusiya və ABŞ bir çox məsələlər üzərində - ələlxüsus strateji stabillik və nüvə təhlükəsizliyi üzərində işləməlidirlər. Medvedev yazır ki, Rusiya-ABŞ münasibətləri transatlantik münasibətləri onsuz da müəyyənləşdirən faktordur və Avropa Birliyi, Rusiya və ABŞ arasında üçtərəfli işbirliyinin qurulması bu məsələdə ancaq kömək edə bilər.

Məqalənin yekununda Rusiya prezidenti ABŞ prezidenti Obamanın inaqurasiya mərasimində söylədiyi nitqi tərifləyərək bildirir ki, Obamanın çıxışı onu «Amerikanın problemlərinə sayıq baxışı ilə təsirləndirmişdir».

Sonda Aleksis de Tokvildən söz açan Medvedev bildirir ki, xeyli əvvəl Tokvil Rusiya və ABŞ-ın böyük gələcəyindən söz açıb və hələ ki, «hər iki ölkə bu sözlərin həqiqiliyini sübut etmək üçün dünyada təkbaşına çalışırlar. Mənim belə bir dərin inamım var ki, tarixin bu dönəmində biz birlikdə işləməliyik».

Rusiya prezidentinin Aleksis de Tokvildən sitat gətirməsi maraqlıdır belə ki, Tokvil Rusiya və ABŞ-ın supergücə çevriləcəklərini peyğəmbəranə şəkildə XIX əsrin ortalarında qeyd etsə də, onu da vurğulamışdı ki, bu iki ölkə bir-birinin əsas rəqibləridir belə ki, ABŞ, Tokvilə görə, öz məqsədlərinə nail olmaq üçün şəxsi maraqlara arxalanır və bu məqsədlə fərdlərin idarəedilməz gücünə və sadə məntiqinə arxalanır, Rusiya isə «bir növ bütün cəmiyyətin gücünü bir nəfərin əlində cəmləyir».

Tokvil yazırdı: «Onların biri üçün əsas hərəkət vasitəsi azadlıqdır, o biri üçün nökərlik. Çıxış nöqtələri və yolları fərqli olsa da, onların hər ikisi Yaradanın gizli iradəsi ilə dünyanın yarısına hökm etməyə məhkumdurlar».
XS
SM
MD
LG