Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

Ermənistanda dram qiymətdən düşür, camaat dükanlara axışır


Ermənistan - lövhədə valyuta kursları. Dram kəskin ucuzlaşır 3 mart 2009
Ermənistan - lövhədə valyuta kursları. Dram kəskin ucuzlaşır 3 mart 2009

Ermənistanın Mərkəzi Bankı valyuta bazarına müdaxiləni dayandırandan sonra dramın kursu kəskin şəkildə aşağı düşür. Martın 3-də Mərkəzi Bank bu qərarını elan edəndən keçən bir neçə saat ərzində 1 dolların dəyəri 305 dramdan 400 drama qalxıb.

Bu vaxta qədər ermənilərin çoxu beynəlxalq maliyyə böhranının onlara bir təsiri olmayacağını düşünürdü. Onlar hesab edirdilər ki, onsuz da ölkənin pulun əsas hissəsi xaricdəki diasporadan gəlir.

Ermənistan - Adamlar valyutadəyişmə məntəqəsinin ətrafına toplaşıb. 3 mart 2009

Amma Rusiyada iqtisadi vəziyyət çətinləşəndə bu ölkədən Ermənistana göndərilən pullar da kəskin şəkildə azalmağa başladı. Böhrana görə, ABŞ-dan göndərilən dollarlar da azaldı. Beləliklə də bu gün kənardan göndərilən pulların azalması əsl təsirini göstərməyə başlayır.

Artıq Mərkəzi Bank qərara gəlib ki, bundan sonra dramın dollara nisbətdə məzənnəsini sabit saxlamaq çox çətindir.

“Azadlıq” radiosunun erməni xidməti bildirir ki, son aylar Bank milli valyutanın qiymətdən düşməsinin qarşısını almaq üçün 360 milyon dollarlıq dram alıb. Beləliklə də 1 dolları 305 dram həddində saxlamaq mümkün olub. Görəndə ki, bu minvalla xərclər 1 milyard dollara yaxınlaşır, artıq dram almağı dayandırıb “üzən valyuta kursu” siyasətinə keçib. Bu da o deməkdir ki, dram artıq bazarda real dəyəri qədər ucuzlaşa bilər. Ermənistanın Mərkəzi Bankında hesab edirlər ki, 1 dollar 360-380 dram arasında dəyişəcək. Amma qərarın elan edildiyi gün dollar bəzən 400 dramı da keçib.

Yerevandakı iqtisadi təhlilçi Riçard Qiraqosyan hesab edir ki, dolla qarşıdakı həftələrdə daha 30 faiz qiymətini itirəcək. Beynəlxalq müşahidəçilər inflyasiyanın da sürətlənəcəyini deyirlər.

Ermənistan -- dollar bahalaşır

Beynəlxalq Valyuta Fondu bildirir ki, ola bilər bu il Ermənistanda inflyasiya 8 %-ə çatar. ümumi daxili məhsul isə 1-1.5 % azala bilər. Artıq ölkənin az-çox işləyən sənaye sahələri iflic olub. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə martın 3-də ölkənin ən böyük ticarət şəbəkəsi olan Star bağlanıb, iki saat sonra isə daha yuxarı qiymətlərlə açılıb.

Bir tərəfdən də pulun daha da qiymətdən düşməsindən qorxan sakinlər Yerevanda dükan-bazara axışıb qənd, un, zeytun yağı kimi əllərinə keçən ərzağı alırlar. Satıcılar isə qiymətlər qalxana qədər malları satmaq istəmirlər.

Amma iqtisadçılar milli valyutanın sərbəst buraxılmasının əvvəl-axır ölkəyə faydalı olacağını deyirlər. Onlar hesab edirlər ki, dramın güclü olmasında daha çox ölkəyə kənardan mal gətirən inhisarçılar maraqlı idilər. İndisə uzunmüddətli perspektivdə ölkədə daha balanslı iqtisadiyyat qurula bilər.

İndiki halda isə bu addım yalnız Ermənistanı xaricdən maliyyə yardımına möhtac qoyub.
Beynəlxalq Valyuta Fondunun direktoru martın 3-də bildirib ki, Ermənistana 540 milyon dollar borc verilməsi barədə məsələ qaldıracaq. Əgər bu həftənin sonunda onun bu istəyi Fondda qəbul edilsə, Ermənistan dərhal 239 milyon dollar borc alacaq.

Dünya Bankı da ötən həftə bildirib ki, maliyyə böhranının təsirini azaltmaq üçün Ermənistana 85 milyon dollar yardım ayırmaq niyyətindədir.

Ötən həftə Rusiyadan da 500 milyon dollar borc alınması barədə Moskva ilə Yerevan arasında danışıqlar başa çatıb.

XS
SM
MD
LG