Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

«Azəriqaz» 18 min qeyri-qanuni hal aşkar edib


«Azəriqaz» qeyri-qanuni hallar aşkarladığı mənzillərə təbii qazın nəqlini dayandırıb
«Azəriqaz» qeyri-qanuni hallar aşkarladığı mənzillərə təbii qazın nəqlini dayandırıb
«Bir ay ərzində ölkə üzrə təbii qazdan istifadəylə bağlı 18 min qeyri-qanuni hal aşkar etmişik». Bunu «Azadlıq» radiosuna «Azəriqaz» Qapalı Tipli Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamandar Eyvazlı bildirib.

Onun sözlərinə görə, yoxlamalar zamanı mənzillərdə 5 minə yaxın qanunsuz boru aşkar olunub. Vətəndaşlar təbii qazı əsasən rezin borularla mənzillərinə gətirirlər. Kamandar Eyvazlı deyir ki, «Azəriqaz»ın əməkdaşları çoxmərtəbəli yaşayış binalarının tüstü bacalarını da yoxlayıb və 2000 minə yaxın təmiz olmayan tüstü bacası aşkar edib:

«Qeyri-qanuni hallarla bağlı həmin mənzillərə və binalara təbii qazın nəqlini nöqsan aradan qaldırılana qədər dayandırmışıq».

Cənab Eyvazlı deyir ki, ən çox qanun pozuntusuna paytaxtda rast gəlinib.

Ölkə üzrə abonentlərin təbii qazdan istifadəsiylə bağlı yoxlamalar isə hələ davam edir.

«Azəriqaz»ın 1 milyondan çox abonenti var.

Son illərdə Bakıda bir neçə yaşayış binasında insan tələfatı ilə nəticələnən qaz partlayışı və dəm qazından boğulma halları qeydə alınıb. Bundan sonra Respublika Prokurorluğu «Azəriqaz»ı yoxlamalar aparmağa çağırıb.
XS
SM
MD
LG