Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

Venesuela diktatoru «yox» anlamır


Venesueladan gələn son məlumatlar göstərir ki, bu dəfə Çavesin uduzmağa niyyəti yoxdur
Venesueladan gələn son məlumatlar göstərir ki, bu dəfə Çavesin uduzmağa niyyəti yoxdur
İki il əvvəl keçirdiyi refenrendumdan «yox» cavabı alan Huqo Çaves prezident seçilməyə qoyulan limitin ləğvini yenidən referenduma çıxarır.

Fevralın 15-də dünyanın ən avantürist liderlərindən biri olan Venesuela prezidenti Huqo Çaves kreslosunu ömürlük etmək üçün bir daha cəhd göstərəcək. 2007-ci ildə olduğu kimi, yenə də referendum yolu ilə. Düzdür, iki il əvvəlki refenrendumda xalq onun konstitusiyadakı seçilmək limitini götürmək istəyinə «yox» demişdi.

Müxalifətin paytaxt Karakasda keçirdiyi son izdihamlı mitinqin şüarı elə belə idi:

«Yox - yox deməkdir!»

Amma Çaves yeni cəhdilə sübut etdi ki, o, «yox» anlamır. Elə Çavesin media müşaviri Blanka Ekhout da bunu etiraf edir. O deyir ki, keçən dəfə seçici güclərini sadəcə düz hesablamayıblar, bu dəfə daha fərqli olacaq:

«Çünki bizim partiya indi daha həmrəydir».

Bir məsələ də var ki, Çaves hətta bu dəfə də xalqdan «yox» cavabı alsa, bu məsələni yenidən qabardacaq. Çünki hələ 2007-ci ildə referendumda uduzduğu gün o, mitinqdə demişdi ki, 2012-ci ildə səlahiyyətləri başa çatandan sonra hakimiyyətdən getmək fikri yoxdur. Və istədiyini alana kimi mübarizəsini davam etdirəcək:

«Mən rəqiblərimi qələbələri münasibətilə təbrik edirəm. Amma bu, uzun döyüşdür. Və kimsə deyə bilər ki, 15 il 10 ay bundan əvvəl olduğu kimi, biz yenə uduzmuşuq. Amma bilin ki, biz ancaq bugünkü döyüşü uduzmuşuq. Mübarizə isə davam edir».

Çaves 15 il 10 ay bundan qabaq deyəndə, tərəfdarlarının onu hakimiyyətə gətirmək üçün etdiyi uğursuz hərbi çevriliş cəhdini nəzərdə tuturdu. Əslində Çaves artıq 10 ildir ki, hakimiyyətdədir. Amma deyir ki, 26 milyon adamın yaşadığı Venesuelada sosializmi qura bilmək üçün hələ uzun müddət vəzifəyə ehtiyacı var.

Venesuelanın Konstitusiyası isə hər hansı şəxsin hər hansı vəzifəyə iki dəfədən çox seçilməsinə məhdudiyyət qoyur. Çaves indi məhz bu məhdudiyyəti ləğv etdirmək üçün ikinci dəfə refenrenduma çıxarır.

Yanvarda «dataanalizis» qurumunun keçirdiyi son ictimai rəy sorğusuna görə, venesuelalıların 51 faizi referendumda «hə» deməyə hazırlaşır, 48 faizi isə «yox». Cəmi 1 faizi hələ qərar verməyib.

Venesueladan gələn son məlumatlar göstərir ki, bu dəfə Çavesin uduzmağa niyyəti yoxdur. Hökumətin təbliğat maşını var gücüylə işləyir, metro, ictimai nəqliyyat, küçələr Çavesi tərifləyən şüarlarla doludur. Xüsusi avtobuslar səsucaldanlarla şəhərlərdə gəzib, hər kəsi Çavesin təklifinə «hə» deməyə çağırırlar. Hökumətin mediası və televiziyası isə xalqı «yox» deməyə çağıran müxalifət partiyaları haqda qarayaxma materialları yayırlar.

VTV dövlət televiziyası əsas müxalifət partiyalarının liderlərinin guya ki, xüsusi özəl təyyarəylə Amerika ərazisi olan Puerto-Rikaya səfərini aktiv müzakirə edir. Heç bir faktlar təqdim etməsə də, televiziya iddia edir ki, müxalifət liderləri Puerto-Rikada ABŞ rəsmilərilə görüşüb, Çavesə qarşı mübarizəni maliyyələşdirmək məsələsini müzakirə ediblər. Bu da onların Venesuelanın daxili işlərinə qarışmaq istəyən Birləşmiş Ştatlarla əməkdaşlığını göstərir.

Müxalifətə qarşı kampaniya ancaq mediayla məhdudlaşmır. Demokratik Hərəkat Partiyasının Karakasdakı qərargahına qumbaratanlardan atəş açılıb, başqa bir neçə partiyanın ofisinə isə gözyaşardıcı qaz qumbarları atılıb.

H.Çavesi narahat edən odur ki, ölkənin iniişaf etmiş Zulia bölgəsi, biznes mərkəzi Karabobo hər zamanki kimi yenə də müxalifəti dəstəkləyir.

Hətta ölkənin kasıb əyalətləri və iri şəhərlərin fəhlələrin çox yaşadığı yerlərində də hamının Çevsə səs verəcəyi şübhə doğurur. Çünki heç də hamı onun 10 ildə qurmaq istədiyi sosializmin meyvələrini dada bilməyib.

Düzdür, bəziləri Çavesin sayəsində pulsuz mənzil alıb, pulsuz səhiyyədən və təhsil sistemindən istifadə edir. İndi hökumət bu xidmətlərdən yararlanmayanları inandırmaq istəyir ki, H.Çavesi hakimiyyətdə saxlamalıdılar ki, onlar sosializmin meyvələrini dada bilsinlər.
XS
SM
MD
LG