Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

«Oğuz-Qəbələ-Bakı kəmərinə vurmağa su yoxdur»


Qəzet yazır ki, kanalı suyla doldurmaq üçün artezianlar Qəbələ və Oğuz rayonlarında qazılmalı idi
Qəzet yazır ki, kanalı suyla doldurmaq üçün artezianlar Qəbələ və Oğuz rayonlarında qazılmalı idi
«Yeni Müsavat» «Kəmaləddin Heydərov dövlət projesini batırır» sərlövhəli məqaləsində belə yazır.
«Oğuz-Qəbələ-Bakı su kəmərinə saniyədə 5 kubmetr təmiz su vurulmalıdır. Bu suyun 150 artezian quyusundan alınması nəzərdə tutulmuşdu. Artezianlar Qəbələ və Oğuz rayonlarında qazılmalı idi. Lakin iş başlayandan sonra gözlənilməz maneələr yaranıb. Yerli sakinlərin sözlərinə görə, Qəbələnin qeyri-rəsmi sahibi hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə artezian quyularının qazılmasına icazə verməyib: «Kəmaləddin müəllim artezian quyularının Qəbələyə ciddi ziyan vuracağını nəzərə alıb öz rayonunda bircə dənə də artezian quyusunun qazılmasına imkan vermədi. Oğuzun «patronu» olan Cahangir Hacıyev (Beynəlxalq Bankın prezidenti-red.) Heydərovla müqayisədə çox zəif fiqur olduğundan artezianlar bizim rayonda qazılır».

Kəmaləddin Heydərovun sərt təpkisindən sonra artezian quyularının hamısı Oğuz rayonu ərazisində qazılmağa başlayıb. K.Heydərovun qadağasının dəyəri yüz milyonlarla manat olan layihənin son məqsədinə çatmasına əngəllər yaratması nəticəsində su xətti bəri başdan uğursuzluğa düçar olmuş sayıla bilər. Belə ki, Oğuzun su ehtiyatları kəməri doldurmağa yetərli deyil. Əgər Qəbələnin su ehtiyatları kəmərə yönəldilməyəcəksə, deməli, layihə labüdən uğursuzluqla üzləşəcək».

«Azadlıq» qəzeti yazır ki, «ABŞ-Rusiya münasibətləri gərginləşir?».
«Məlum olduğu kimi Rusiyanın Cənubi Osetiya və Abxaziya ərazisində hərbi bazalar yerləşdirmək niyyəti ABŞ Dövlət Departamenti sərt reaksiya verib. Dövlət Departamenti bildirib ki, Rusiyanın bu addımı Moskva və Tiflis arasında imzalanmış sazişdə qonşuların əvvəlki dislokasiya məntəqələrinə geri çəkilməsi haqqında müddəanın kobud şəkildə pozulması deməkdir.

Rusiyanın Gürcüstanda baza yerləşdirmək niyyəti ona baha başa gələ bilər. Bu haqda politoloq Vəfa Quluzadə «Azadlıq» qəzetinə müsahibəsində belə deyib: «Rus-Amerika əlaqələri bir müddət gərginləşəcək».

«525-ci qəzet»: Deputat Fuad Muradov deyir ki: «Korrupsiyaya qarşı mübarizə bir neçə qanunu qəbul etməklə həyata keçirilə bilməz».
«Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində dövlət səviyyəsində iş aparılır. Məlum olduğu kimi bu məqsədlə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul etdiyi proqramların icrasını həyata keçirir. O da məlumdur ki, müxtəlif beynəlxalq təşkilatlar dünya ölkələrinin korrupsiyaya qarşı mübarizə istiqamətində gördüyü işlərin hesabatını yayırlar. Bütün bunlar onu göstərir ki, korrupsiyanın problemi bütün dünyanı narahat edir. Azərbaycan bu istiqamətdə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir».

«Yeni Azərbaycan»: «Azərbaycanda əlverişli kurort sanatoriya infrastrukturu mövcuddur».
Müəllif yazır ki: «Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı» respublikamızda kurort-sanatoriya, turizm bölmələrinin inkişafına impuls vermiş olacaq». «Azərbaycanda geniş kurort şəbəkəsi mövcuddur. Ölkəmizdə Respublika Həmkarlar İttifaqı Konfederasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər qurumlarının balansında olan kurort kompleksi var. Bilgəh, Abşeron, Naftalan, Günəşli, Qaranquş, Şıx, Pirşağı, Nabran və digər obyektlər hazırda ölkəmizin ən iri kurort-turizm şəbəkəsi sayılır. Bu obyektlərin bir çoxunun infrastrukturu və xidmət sistemi müasir tələblərə cavab vermir. Onların əksəriyyətinin yenidən qurulmasına ehtiyac var».

«Azərbaycan»: Ölkənin rəsmi dövlət qəzeti 10 fevral sayında icra başçılarının jurnalistlərə saymazyana münasibəti haqda bir neçə maraqlı fakt açıqlanıb.
«Nizam-intizam, yoxsa bürokratiya» başlıqlı yazıda bildirilir ki, əksər rayonda belə bir qadağa mövcuddur: icra hakimiyyətinin başçısı ilə görüşüb razılığını almasan, heç bir idarə və müəssisə başçısı nəinki sənə fakt verməz, hətta söhbət belə etməz: «Bəs, icra hakimiyyəti başçısının özü ilə görüşmək mümkün deyilsə, onda necə olsun?!»

Daha sonra yazıdan aydınlaşır ki, sən demə, üç ildir ölkənin rəsmi dövlət qəzeti dəfələrlə təşəbbüs göstərsə də, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qəbuluna düşə bilməyib. Qəzet bunu «yaramaz iş üslubu» kimi xarakterizə edir: «…Bizcə, rəsmi dövlət qəzeti «Azərbaycan»ın bölgə müxbirinə 10-15 dəqiqə vaxt sərf etmək icra başçısının şəninə toxunmaz, əksinə, bəzi məsələlər barəsində jurnalistin sözünü eşitmək, fikrini bilmək özü üçün faydalı olardı».

Qəzet həmçinin Quba, Göyçay, Balakən rayon icra hakimiyyəti başçılarının da jurnalistlərə münasibətini və iş üslubunu tənqid edib.
XS
SM
MD
LG