Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Başından iki güllə…


Kadırov xoşuna gəlməyən 500 nəfərin siyahısını tutub. Onlardan 300-ü öldürülməlidir
Kadırov xoşuna gəlməyən 500 nəfərin siyahısını tutub. Onlardan 300-ü öldürülməlidir
Vyanada küçənin ortasında bir çeçeni başından güllələyiblər. Avstriya prokurorluğu ölənin adını çəkmək istəmir, ancaq «New York Times» yazır ki, bu, Çeçenistan prezidenti Ramzan Kadırovun keçmiş cangüdəni Umar İsrailovdur. İsrailov 2006-cı ildə Avropa insan haqları məhkəməsinə şikayət vermişdi ki, Kadırovun əmri ilə insanları oğurlayırlar, işgəncə verirlər.

İsrailovu öldürən də çeçendir, bir neçə ildir ki, sığınacaq alıb, Avstriyada yaşayır.

«New York Times» yazır ki, Vyanadakı bu qətl Çeçenistan prezidentinin və onun təhlükəsizlik qüvvələrini belə hadisələrdə əli olub-olması suallarını qaldırıb. Çünki İsrailov Avstriya hakimiyyətinə müraciət edirdi ki, onu Kadırovun göndərdiyi adamlar rahat buraxmırlar, tələb edirlər ki, məhkəməyə şikayətini geri götürsün.

İsrailovun dostu «New York Times»a belə bir sənəd təqdim edib ki, bir çeçen hələ yayda əks-terror müstəntiqlərinə belə bir ifadə verib ki, onu Vyanaya Kadırov göndərib və deyib ki, İsrailovu güclə lazım olsa belə Çeçenistana gətir.

Həmin çeçenin adı Artur Kurmakayevdir. Bir polis sənədinə görə, Kurmakayev Vyanada bir neçə dəfə İsrailovla görüşüb. Kurmakayevlə görüşündən sonra İsrailov polisə deyirdi ki, Kurmakayev ona məhkəmə şikayətini geri götürməyi təklif edir və deyir ki, bunu eləməsə, Slovakiyaya göndərilmiş iki qatil onu gözləyir. Kurmakayev İsrailova deyib ki, iki dəfə fikirləş.

2004-cü ildə Qatarda öldürülən Zəlimxan Yandarbiyev
Yəqin ki, bundan sonra Avstriyanın terrorizm əleyhinə federal agentliyi Kurmakayevə çıxıb və rəsmi sənədlərə görə, Kurmakayev iyunun 10-da Avstriya müstəntiqlərinə ifadə verib ki, o məxfi departamentdə işləyir. Və Kadırovun göstərişi ilə onlar xaricdəki çeçenləri geri qaytarmalıdırlar. O, deyib ki, Kadırovun Qudermesdəki iqamətgahında 500 nəfərlik siyahı görüb. Bu adamların hamısı ya Kadırova qarşı vuruşanlar idi, ya da nə iləsə onun xoşuna gəlməyənlər. Onlardan 300-ü ölməli idi. İndi məlum olur ki, Kurmakayev hələ iyun ayında xəbərdarlıq edirdi ki, bunlardan 50-si Vyanada yaşayan çeçenlərdir.

Kurmakayev Avstriya müstəntiqlərindən xahiş edirdi ki, onun özünə də Avstriya sığınacaq versin, çünki o, İsrailovu geri qaytara bilməsə, onun ailəsi öləcək. İsrailovun vəkili indi deyir ki, Kurmakayev sonra könüllü olaraq Rusiyaya qayıtdı və onun harda olması haqda heç bir məlumat yoxdur.

«New York Times» Kadırovun prezident aparatına zəng edib, prezidentin mətbuat katibi deyib ki, cavab vermək üçün hadisəni hələ öyrənmək lazımdır.

Kadırov insan haqları pozuntularına görə tez-tez tənqid olunur, ancaq həmişə bu ittihamları rədd edir. Kadırov Rusiyanın keçmiş prezidenti və indiki baş naziri Vladimir Putin tərəfindən də həmişə himayə olunması ilə məlumdur.

«Moscow Times» isə yazır ki, İsrailov xaricdə öldürülən birinci çeçen deyil. Bunlardan ən məşhuru 2004-cü ildə Qatarda öldürülən Zəlimxan Yandarbiyev idi. O vaxt Qatar qatilləri tutub, hər ikisinə ömürlük cəza verdi, sonra onlar Rusiyaya verildilər. Ancaq bir ay sonra Rusiyanın o vaxtkı Federal Həbsxana xidmətinin rəisi Yuri Kalinin dedi ki, həmin 2 şəxs Rusiyanın heç bir həbsxanasına daxil olmayıb.
XS
SM
MD
LG