Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

Moskva-Ankara-Paris! Onları nə birləşdirir?


Bu dəfə hər şey Moskvadan başladı, çünki bu, Şimal paytaxtı üçün çox lazım idi
Bu dəfə hər şey Moskvadan başladı, çünki bu, Şimal paytaxtı üçün çox lazım idi
Bu dəfə hər şey Moskvadan başladı, çünki bu, Şimal paytaxtı üçün çox lazım idi. Prinsipcə, qeyri-adi heç nə baş verməmişdi. Azərbaycan və Ermənistan prezidentləri əvvəllər də Rusiyada görüşmüşdülər. Qəbul edilmiş bəyannamə də müxtəlif cür qiymətləndirilir. Ona sadə kağız parçası kimi yanaşanlar da var, bu sənəddə ciddi öhdəlik və irəliləyiş arayanlar da. Əslində bu, Rusiya prezidenti Dmitri Medvedevin «təqdimat» mərasimi idi, o, özünü regional lider kimi göstərməyə cəhd etməli idi.

Tədbirdən sonra Azərbaycan prezidenti Türkiyəyə, Ermənistan prezidenti isə Parisə yollandı. Burada həm ənənə də var, həm də siyasət. Azərbaycan prezidentləri bir qayda olaraq ilk səfərlərini Türkiyəyə edirlər.

Amma təbii ki, bu, təkcə siyasi jest deyildi. Eyni sözləri Ermənistan prezidenti haqqında da demək olar, baxmayaraq ki, bu, Ermənistan prezidentinin Parisə ilk səfəri deyildi. Türkiyə son vaxtlar Cənubi Qafqazdakı proseslərə ciddi şəkildə cəlb edilib, Paris isə Ermənistan üçün bir siyasi dayaq mərkəzidir.

Gələcək, bəli, məhz gələcək, insanları daha çox düşündürür. Nə baş verəcək? İyirmi ildən sonra heç olmasa, azacıq da olsa nəsə dəyişəcəkmi?

Azərbaycanlıların ən müxtəlif bəyanatların geniş təbliğatına münasibəti bəllidir. Vaxtilə Lissabon sammiti də olmuşdu, orada da nəsə qəbul edilmişdi!

Maraqlı cəhətlərdən biri bu idi ki, Minsk Qrupunun həmsədrləri tədbirdən kənarda qalmışdılar, çünki bu sırf Rusiya tədbiri idi. Rusiya nəsə qazandımı? Bəziləri hansısa dövlətlərin qısqanclığından danışırlar. Əslində yox idi bu. Məsələ hamı üçün kifayət qədər aydındır, Rusiyanın məqsəd və planlarından da bixəbər deyillər. Rusiya prezidenti açıq mətnlə dedi ki, ölkəsi Qafqazdan çəkilməyəcək. Gürcüstan hadisələrindən sonra gözdən düşmək, təklənmək – Rusiyanı daha çox bu, narahat edirdi və bir də Qafqazda hələ də güc sahibi olduğunu sübut etməyə çalışırdı.
Maraqlı cəhətlərdən biri bu idi ki, Minsk Qrupunun həmsədrləri tədbirdən kənarda qalmışdılar, çünki bu sırf Rusiya tədbiri idi. Rusiya nəsə qazandımı? Bəziləri hansısa dövlətlərin qısqanclığından danışırlar

Həm də Rusiya görür ki, bütün bu münaqişələrin «dondurulmuş» adlandırılması şərti xarakter daşıyır, ərazisində münaqişə ocaqları olan dövlətlərin hamısı bütün vasitələrlə bu problemləri həll etməyə cəhd edirlər.
Gürcüstan buna cəhd etdi və Rusiya onu şifahi xəbərdarlıq etməklə, bəyanatla dayandırmadı. Güc tətbiq etdi. İndi də Qarabağ münaqişəsindən ehtiyat edir. Tərəflər bütün vasitələrlə hərbi büdcələrini, silah-sursatlarını artırmağa çalışırlar. Moskva bəyannaməsində də şərt kimi irəli sürüldü ki, münaqişə ancaq dinc yolla nizamlanmalıdır. Bu, isə o deməkdir ki, «əlvida, hərbi ritorika!». Düzdür, həmin hərbi ritorika əvvəllər də daha çox daxili auditoriya üçün hesablanmışdı. Bundan sonra daha heç kim «lazım gəlsə!» deməyəcək və «lazım» çox güman ki, bu tərəflərə baş çəkməyəcək.

İndi Rusiya sözün əsl mənasında tam blokada şəraitində yaşayan Ermənistanı xilas etməyə çalışır. Türkiyəni Qafqaz problemlərinə cəlb etməyi də bununla bağlıdır. Burada Türkiyənin rolu ziddiyyətli mahiyyət kəsb etməyə başlayır. Bu vaxta qədər Türkiyə birmənalı şəkildə Azərbaycanın müttəfiqi idi. Bundan sonra da belə olacaqmı? Axı vasitəçilik haradasa ortaq mövqe tələb edir. Üstəlik, Türkiyənin bəzi siyasi dairələrinin ermənilərə qarşı hədsiz simpatiayası müəyyən şübhələr üçün əsas yaradır. Təbii ki, Türkiyənin də özəl maraqları var. Ermənistan onun üçün yeni bazar deməkdir. Bundan başqa Türkiyənin Ermənistana münasibətinin dəyişməsini nəinki Rusiya, hətta ABŞ və Qərb də təqdir edir. Beləcə, Azərbaycan Türkiyəni ən yaxın müttəfiq kimi qismən itirə bilər.

Ermənistanın blokadasını aradan qaldırmaq, Gürcüstanın əvəzinə onu regional layihələrin tərəfdaşına çevirmək – Rusiya buna cəhd edir. Qonşu Türkiyə bununla razılaşacaqmı? Hətta işğal altında olan bəzi rayonların azad edilməsi müqabilində dəmiryolu xətlərinin açılmasından söhbət gedir. Bəs Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum keçirmək məsələsi necə həll ediləcək? Axı o hələ aradan qaldırılmayıb! Azad edilmiş ərazilər kim tərəfindən mühafizə olunacaq? Bu sualların heç birinin cavabı verilməyib.
Hələlik Moskva – Ankara – Paris üçbucağı daha çox siyasi tapmaca ilə məşğuldur. Bir detal da unudulur ki, sülh prosesini abstraktlaşdırıb atəşkəs rejimi səviyyəsinə endirmək lazım deyil. Ortalıqda təcavüz faktı var və onun nəticələrini aradan qaldırmaq lazımdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG