Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:22

İçərişəhərdəki tunel ədalət tərəzisi rolunu oynayırmış


Tuneli aşkarlayan fəhlələr qədim keçidlə ancaq 150 metrə qədər gedə biliblər
Tuneli aşkarlayan fəhlələr qədim keçidlə ancaq 150 metrə qədər gedə biliblər
Dinlə

3-4 gündür ki, Bakının lap mərkəzində, keçmiş Qubernator, indiki Vahid bağında qədim yeraltı tunel aşkarlanıb. Tunelin tarixi, təyinatı hələlik dəqiq bəlli olmasa da, tədqiqatçılar onun 14-15-ci əsrlərə aid olduğunu ehtimal edirlər.

Tunelin necə, hansı şəraitdə tapılmasına bir azdan qayıdacağam. İndilik bircə onu deyim ki, hələ qədimdən İçərişəhərin qala divarları altında - torpağın alt qatlarında ikinci şəhərin olması barədə əsatirlər dolaşır. Məsələn, tarixçi Faiq Əliyev inanır ki, yeraltı tunellər İçərişəhərdən dəniz kənarına qədər gedir. Və bu tunellər ədalət tərəzisi rolunu oynayırmış:

«Hərdənbir tələbələrə mən də danışırdım ki, İçərişəhərin sirləri çoxdur. Yazılmamış qanunlara görə, əgər bir insanın günahını sübut etmək mümkün deyildisə, onu gətirib həmin tunelə buraxırdılar. Belə fikirləşirdilər ki, əgər o dənizdən üzüb çıxa bilsə, deməli, günahı yoxdur…»

Bakının düz göbəyində bu cür mizan-tərəzinin mövcudluğunun nə dərəcədə həqiqətə uyğun olduğunu vaxt göstərəcək, ancaq tuneldən çıxmaq bir yana, hələlik ona daxil olmaq da asan məsələ deyil. Çünki qarşıda işıq yoxdur deyə, qabağa keçmək mümkün olmur. Ancaq tarixçilər yəqin uzun müddət tunelin nə üçün istifadə olunduğunu araşdırmalı olacaqlar.

Yeraltı tunelə bələdçilik edən İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin baş arxeoloqu Kamil İbrahimov deyir ki, indiyə kimi bu ərazidə belə monumental, strateji əhəmiyyətli tunel aşkar olunmayıb. O, İçərişəhərin qala divarları arasında və kənarında hələ bir neçə belə yeraltı yolların olduğunu ehtimal edir. Məsələn, Şirvanşahlar sarayı - Qız Qalası, İçərişəhər - Razin istiqamətlərində, İçərişəhər - Qoşa qala qapıları arasında və s. Ancaq qoruq rəsmisi deyir ki, qədim Bakının yeraltı yollarının tapılması üçün texniki avadanlıqlar, vəsait və bu sahənin bilicilərinin işə cəlb olunması əsas məsələdir.

Arxeoloq yenicə tapılan yerin altı ilə dənizə istiqamətlənən keçidin nəyə görə tikildiyinə gəlincə, bunları deyir:

«Burada sementdən deyil, kəcdən istifadə olunub. Abidənin qədimliyinə şübhə yoxdur. Bu tunel ola bilər əvvəllər suyığıcı vasitə kimi, sonradan isə yeraltı yol kimi istifadə olunub».

Kamil İbrahimov hesab edir ki, ötən əsrdə ruslar bu tuneli aşkarlayıb. Bunu kanalın 20-30 metrliyində içəriyə doğru yönəlmiş bir neçə korrektor asbest boruların (yəni sementlə qarışdırılmış boruların) olması da sübut edir.

Qədim Bakıda araşdırılmaya ehtiyac olan tunelin girişinin hündürlüyü təxminən 1 metr yarım olsa da, sonradan ərazi relyefə uyğun aşağı istiqamətlənir və 2 metr hündürlüyə çatır. Tuneli aşkarlayan fəhlələr qədim keçidlə ancaq 150 metrə qədər gedə biliblər. Səbəbsə, yolun sonunun qalın lil qatı və su ilə tutulmasıdır.
XS
SM
MD
LG