Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

Azərbaycan səngərin hansı tərəfindədir?


Con Neqroponte, Bakı, 2 oktyabr 2008
Con Neqroponte, Bakı, 2 oktyabr 2008
Dinlə

ABŞ Dövlət katibinin birinci müavini Con Neqropontenin Bakıya üç günlük səfəri başa çatdı. Amma ekspertlər bir- birinin ardınca Azərbaycana səfər edən Amerika rəsmilərinin növbətçi bəyanatlarından sətiraltı mesajlar oxumağa çalışırlar.

Həm Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni, həm ondan sonra bölgəyə səfər edən Minsk Qrupunun amerikalı həmsədri, Dövlət katibi yardımçısının müavini Metyu Brayza, həm də Con Neqroponte təqribən eyni mesajlar verdilər.

ABŞ-ın Azərbaycanın rifahı və təhlükəsizliyində maraqlı olduğunu bildiriblər, enerji marşrutlarının diversifikasiyasının önəmliliyini vurğulayıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyindən danışıblar.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, elə Con Neqropontenin səfərinin əsas məqsədi də Qarabağ cəbhəsində gözlənilməz gəlişmələrlə bağlı təhlükələri atlatmaqdır:

«Neqropontenin Minsk Qrupunun həmsədri ilə birgə səfəri Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasının qarşısını almaq üçün profilaktik xarakter daşıyırdı»

Con Neqropontenin Bakıda verdiyi əsas mesajlardan biri də Qarabağla bağlı olub.

Ərəstun Oruclu deyir ki, o, Con Neqropontenin Bakıda bağlı qapı arxasında görüş keçirdiyi hüquq müdafiəçiləri və siyasi şərhçilər arasında olmayıb.

Digər ekspert, Azərbaycan prezidentinin xarici siyasət üzrə keçmiş müşaviri Vəfa Quluzadə isə deyir ki, Dövlət katibinin birinci müavini ilə görüşüb-görüşməməsi onun şəxsi işidir. Ancaq Quluzadə Qarabağda silahlı münaqişə ehtimalını o qədər də mümkün saymır.

Ekspert güman edir ki, ABŞ rəsmilərinin Bakıya bir-birinin ardınca səfərləri də Rusiyanın artan aqressivliyinin nəticəsidir.

Onun fikrincə, Birləşmiş Ştatlar neft layihələrinə böyük sərmayələr qoyublar, qoymaqda da davam edəcəklər:

«Nabucco qaz kəməri layihəsi də reallaşacaq və ABŞ da bu layihənin forpostu olacaq. Ona görə də maraq təbiidir».

Dövlət katibinin birinci müavini ilə görüşlərdə iştirak edənlər söhbətlərinin məzmunu barədə məlumat verməməyə çalışır. Neqroponte Bakıda ikən Amerika QHT-lərinin nümayəndələri ilə də görüşüb. Onlardan bəzilərinin diqqətini o çəkib ki, seçki ərəfəsində keçirilən görüşdə seçki barədə müzakirə cəmi 2-3 dəqiqə sürüb.

O ki qaldı Con Neqropontenin Bakı səfərinin nəticələrinə, məlum olanı tək odur ki, parlamentin Əfqanıstandakı Azərbaycan əsgərlərinin sayını artırmaq qərarı Dövlət katibi müavinin bu barədə prezident İlham Əliyevlə söhbətindən sonraya təsadüf edib.

Ekspertlərsə deyir ki, əsas məsələ əsgərlərin sayı deyil, Azərbaycandan səngərin hansı tərəfində olduğu barədə mesaj almaqdır.
XS
SM
MD
LG