Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Obama itirdiyi mövqeləri bərpa edir


Cozef (qısaca Co) Bayden
Cozef (qısaca Co) Bayden
Avqustun 23-də demokratların prezidentliyə namizədi Barak Obama vitse-prezidentliyə namizədini elan etdi. Bu şəxs 65 yaşlı demokrat senator Cozef (qısaca Co) Baydendir. Co Bayden ABŞ Senatında Delavar ştatını təmsil edir və artıq 30 ildir ki, senatordur. Bayden uzun illər Senatda xarici siyasət və ədliyyə (hüquq) komissiyalarında çalışıb və müxtəlif dövrlərdə adı çəkilən komissiyaların sədri olub. Demokratlar arasında çoxdan gəzən söz-söhbətə görə, xarici siyasət sahəsində Barak Obamanı üstələyən Con Makkeynin qarşısına ancaq Cozef Baydenlə çıxmaq olardı.

Baydenin həm Senat, həm də xarici siyasət sahəsindəki təcrübəsi Makkeyni bir çox əsas göstəricilər üzrə üstələyir. Bu məqam çox mühümdür, çünki hələ ilkin seçkilər dövründə Barak Obamaya digər demokrat namizəd Hillari Klinton hücum edəndə Obamanın təcrübəsizliyi və xarici siyasətdə iri böhran yarana biləcəyi halda hadisələrə adekvat reaksiya verə bilməyəcəyi ittihamları əsas planda irəli sürülürdü.

Klintonun məşhur «gecə saat 3» seçki reklamı təqribən bu süjet üzərində qurulmuşdu: Gecə saat 3-dür. ABŞ prezidenti yatıb. Birdən telefon zəng çalır və məlum olur ki, iri bir böhran baş verib. Kadr arxasından sual: Siz belə bir böhran yaransa, gecə saat 3-də hansı prezidentin telefonu götürməsini istərdiniz?

Makkeyn kampaniyası Hillari Klintondan estafeti götürərək həmin reklamdan bir daha və dönə-dönə istifadə edərək Obamanın təcrübəsizliyinə işarə etmişdi.

Gürcüstan hadisələri zamanı Makkeyn və Obamanın hadisələrə reaksiya vermə sürəti və tərzi bu məsələni bir daha gündəmə gətirdi. Belə ki, Rusiya Gürcüstana müdaxilə edəndə Obama Havayda dincəlirdi və hadisələrə ilk sərrast reaksiya Makkeyndən gəldi. İstirahət yerindən bəyanat verən Obamanın ilk reaksiyası ondan ibarət oldu ki, hər iki tərəf, həm Rusiya, həm də Gürcüstan hərbi əməliyyatları dayandırmalıdırlar. Obamanın Rusiyaya qarşı daha ehtiyatlı davranışı Makkeynin aqressiv anti-Rusiya ritorikası ilə kontrast təşkil edirdi və belə görünür ki, seçicilərin gözündə respublikaçı namizədin mövqeyi daha sanballı görünmüşdü. Aparıcı media kanallarının yayımladığı sorğu nəticələrinə görə, Gürcüstan böhranına qədər Makkeyni üstələyən Obama öz mövqelərini əldən verib. Bir neçə gün əvvəlki sorğu nəticələrinə görə, Makkeyn seçicilərinin 46%-nin rəğbətini qazandığı halda, Obamanın reytinqi 41% təşkil edib

Yaranmış şərait Barak Obamanı təcrübəli Co Baydeni öz komandasına gətirməyə məcbur etdi və hazırda CNN televiziyası, habelə aparıcı ABŞ qəzetləri Obamanın bu seçiminin onun xarici siyasət sahəsində əldən verdiyi mövqeləri bərpa edəcəyi qənaətindədirlər.

Bununla belə, bu seçimin də öz mənfi cəhətləri var. Belə ki, vitse-prezidentlik uğrunda aktiv mübarizə aparmış Hillari Klintonun Barak Obama üçün problemlər yarada biləcəyi ehtimalı artıq demokratların özləri tərəfindən də açıq müzakirə olunur. Digər zəiflik isə ondan ibarətdir ki, Bayden son iki il ərzində Barak Obama haqda bir sıra xoşagəlməz ifadələr işlədib, xüsusilə, onun təcrübəsizliyini sərt tənqid edib. Baydenin vitse-prezidentliyə namizədliyi təsdiqlənən kimi konservativ dərgi olan «National Review» Cim Geraqtinin «Co Baydenin unutmaq istədiyi sözlər» başlıqlı yazısını dərc edib. Yazıda Co Baydenin son iki il ərzində Barak Obamanı sərt tənqid atəşinə tutduğu sözlər və Con Makkeynə yağdırdığı təriflər öz əksini tapıb. Hazırda isə Con Makkeynin kampaniyası televiziyalara yeni seçki reklamı buraxıb. Həmin reklamda Co Baydenin Barak Obamanı «təcrübəsiz» və «prezidentliyə hazır olmayan» adlandırdığı videogörüntü öz əksini tapıb. Eyni reklam çarxında başqa bir köhnə videogörüntü var: Co Baydenə sual verilir ki, respublikaçı namizəd Makkeyn haqqında nə düşünür? Bayden isə cavab verir ki, Makkeynlə birgə, yaxud Makkeynə qarşı kampaniya aparmaq şərəfdir.
XS
SM
MD
LG