Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:33

«Qafqaz İttifaqı» indi realdırmı?


Qərb dövlətləri Rusiyanı Gürcüstana təcavüz etdiyi üçün ittiham etməkdə və qınamaqda davam edirlər
Qərb dövlətləri Rusiyanı Gürcüstana təcavüz etdiyi üçün ittiham etməkdə və qınamaqda davam edirlər
Türkiyənin Baş naziri Azərbaycana da qısamüddətli səfərə gəldi. Gürcüstan ilə Rusiya arasındakı müharibə zamanı yeni diplomatik təşəbbüslə çıxış edən Türkiyənin təklifi hələ özünün tam konseptual məzmununu tapmasa da hər halda bölgə dövlətləri arasında müəyyən marağa səbəb olub. Amma artıq indidən təkliflə bağlı müəyyən iradlar da mövcuddur, hətta onu ziddiyyətli hesab edənlər də var. Məsələ bundadır ki, indi dünya dövlətləri, xüsusən də Qərb dairələri arasında əks proseslər gedir. Qərb dövlətləri Rusiyanı Gürcüstana təcavüz etdiyi üçün ittiham etməkdə və qınamaqda davam edirlər.

NATO üzvü olan dövlətlər Rusiya ilə münasibətlərinə yenidən baxacaqları haqqında bəyanatlar verirlər. Münaqişənin ilk günlərində bir sıra dövlətlər Rusiya ilə birgə nəzərdə tutulan tədbirləri təxirə saldılar. NATO-Rusiya Şurası öz fəaliyyətini dayandırdı. Buna cavab olaraq Rusiyanın xarici işlər naziri Alyansı Gürcüstanı himayə etməkdə qınadı. Bir sözlə, indi Rusiya ilə Qərb arasında münasibətlərin soyuqlaşması prosesi müşahidə olunur. Belə şəraitdə Türkiyənin Qafqaz İttifaqı yaratmaq, Rusiya ilə Gürcüstan arasında təhlükəsizlik və əməkdaşlıq platforması formalaşdırmaq haqqındakı təklifi həqiqətən də təəccüblü görünür. İndi Gürcüstanın gələcək inkişaf istiqaməti birmənalı xarakter alır. Artıq bu ölkə MDB-nin İcraiyyə Komitəsinə birlikdən çıxmaq haqqındakı qərarını çatdırıb.
Əslində Gürcüstanla Rusiya arasındakı münasibətlərin bu qədər kəskinləşməsi Rusiyanın Qafqaz siyasətinin böyük böhranından xəbər verir. Rusiya yeni şəraitə uyğunlaşa, öz siyasətini yeni dövrün maraqlarına uyğun qura bilmədi. Belə olan təqdirdə Rusiyadan yeni missiya gözləmək olarmı?

Əslində Gürcüstanla Rusiya arasındakı münasibətlərin bu qədər kəskinləşməsi Rusiyanın Qafqaz siyasətinin böyük böhranından xəbər verir. Rusiya yeni şəraitə uyğunlaşa, öz siyasətini yeni dövrün maraqlarına uyğun qura bilmədi. Belə olan təqdirdə Rusiyadan yeni missiya gözləmək olarmı?

«Qafqaz İttifaqı» ideyası qədim tarixə malikdir. Müxtəlif dövrlərdə bu ideya fərqli formatlarda təklif olunub. Amma heç vaxt gerçəkləşə bilməyib. Bunun da əsas səbəbi odur ki, etibarlı siyasi ittifaq yaratmaq üçün təkcə coğrafi yaxınlıq azdır. Çoxillik müşahidələr göstərir ki, hətta kiçik bölgələrdə belə maraqlar müxtəlif ola bilər. Hal-hazırda bunu Cənubi Qafqaz dövlətlərinin timsalında müşahidə etmək olar. «Qafqaz İttifaqı» yaratmaq ideyası bir aspektdən də maraq kəsb edir. Ermənistan bura cəlb ediləcəkmi? Əgər cəlb ediləcəksə onda bu, necə baş verəcək? Axı Türkiyənin də, Azərbaycanın da Ermənistanla münasibətləri çox gərgindir! Türkiyə rəsmiləri bu suala birmənalı cavab vermirlər. Onlar hazırda Ermənistanla bu xüsusda heç bir danışığın aparılmadığını deyir, amma gələcəkdə belə danışıqların ola biləcəyini istisna etmirlər.

Hər şey sərhəddən başlayır. Elə siyasət də. Qafqazın ən ağrılı problemləri də məhz sərhədlərlə bağlıdır. Rusiya Gürcüstana təcavüz etməklə bir daha bu məsələyə etinasız yanaşdığını və beynəlxalq hüquq normalarını saymadığını nümayiş etdirdi. Ermənistan artıq on illərdir ki, Azərbaycan ərazisinin 20 faizini işğal edib. Rusiya ərazi bütövlüyünün müxtəlif meyarlardan asılı olduğunu bildirir və tez-tez Kosovo prsedentini xatırladır.

Bu cür mürəkkəb və xaotik vəziyyətdə hansı yeni İttifaqdan danışmaq olar? Təbii ki, heç kim bölgə dövlətləri arasında əlaqələrin zəruri olduğunu inkar etmir. Hətta Gürcüstan da müəyyən şərtlər daxilində Rusiya ilə dialoqun tərəfdarıdır. Amma indi yollar ayrılır. Bəlkə də nə vaxtsa yenidən birlik ideyası aktuallaşacaq. Ancaq indi fərqli məqamdır. Cənubi Qafqazın geosiyasi durumu yeni dəyişiklik ərəfəsindədir. Yollar Gürcüstanı Qərbə tərəf aparır. Böyük ehtimalla bu ölkə NATO-nun üzvü olacaq. Bu isə bölgədə yeni təhlükəsizlik komponenti deməkdir. Bəlkə də bölgənin təhlükəsizlik arxitekturası kökündən dəyişir demək daha düzgün olardı. Rusiya bu prosesin qarşısını almaqda acizdir. NATO mütləq bölgəyə gələcək. Çox güman ki, məhz həmin anda Qafqaz İttifaqı haqqında danışmaq daha çox yerinə düşəcək. Bu, tamamilə prinsipial və yeni İttifaq ola bilər, bir şərtlə ki, NATO-nun formatı çərçivəsində həyata keçirilmiş olsun. İndi daha çox aydınlaşan budur ki, Rusiya Qafqazın keçmişi, Qərb isə gələcəyidir. Elə hal-hazırda çarpışan da keçmişlə gələcəkdir. Keçmiş öz mövcudluğunu ancaq bir formada saxlamağa çalışır – qanlı müharibələr yolu ilə. Amma bütün müharibələrin sonu olur və nə vaxtsa artıq iki əsrdir ki, davam edən Qafqaz müharibəsi də bitəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG