Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

Alternativli alternativsiz seçki?


2010-cu ilin parlament, 2013-cü ilin prezident seçkisinin necə keçəcəyi bu seçkidən asılı olacaq
2010-cu ilin parlament, 2013-cü ilin prezident seçkisinin necə keçəcəyi bu seçkidən asılı olacaq
Bu həftə Mərkəzi Seçki Komissiyası prezident seçkisinin vaxtını rəsmən elan etdi. Seçki Məcəlləsinə uyğun olaraq seçki müddəti 75 gündür və bu müddət avqustun 1-dən başlayacaq. Beləliklə, seçkiyə hazırlıq işləri tam başa çatdı, bundan sonra ancaq partiyaların qərarlarını, namizədlərin irəli sürülməsi prosesini, daha sonra isə təbliğat – təşviqat mərhələsini izləmək qalacaq.

Bəzi partiyalar və siyasi bloklar artıq seçkiyə münasibətlərini açıqlayıblar. «Azadlıq» bloku hələ bir müddət bundan əvvəl seçkidə iştirak etməyəcəyini bildirmişdi. Bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyası da analoji qərarını açıqladı. Amma digər partiyaların qərarı avqustun ilk günlərində bəlli olacaq. Müsavat Partiyası seçkiyə münasibətini avqustun 2-də keçiriləcək Məclisinin iclasında müəyyən edəcək. Partiya rəhbərliyi Məclis üzvlərinin qərarına təsir göstərməmək üçün indi seçki ilə bağlı açıq fikir söyləmir və müzakirələrin davam etdiyini bildirirlər. Müşahidəçilər Müsavatın avqustun 2-də keçiriləcək Məclisinin gərgin diskussiyalarla müşayiət olunacağını istisna etmirlər. Partiya üzvləri arasında seçkidə iştirak etmək tərəfdarları ilə bunun əksini təklif edənlərin sayı təxminən bərabərdir. Üstəlik, Müsavatın hələ ötən il keçirilən Məclisində partiya seçkidə iştirak etmək haqqında qərar vermişdi. İndi partiya üzvləri bu qərara yenidən baxmalı, ya onu təsdiq etməli, ya da yeni qərar qəbul etməlidirlər.

Azərbaycan Demokrat Partiyası da seçki ilə bağlı qərarını avqustun 2-də bildirəcək. Qeyd etmək lazımdır ki, hakim Yeni Azərbaycan Partiyası da hələ öz namizədini rəsmiləşdirməyib. Bunun üçün partiyanın qurultayı keçirilməlidir və bu, avqustun ilk günlərində baş tutacaq. Amma digər partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyasının namizədi artıq bəllidir və sadəcə seçki prosedurlarına uyğun olaraq bunun qurultayda rəsmiləşdirilməsinə ehtiyac var.

Hakimiyyət üçün ən çox problem yaradan ənənəvi müxalifət adlandırılan siyasi partiyalar və namizədlərdir. Beynəlxalq müşahidəçiləri də məhz məsələnin bu aspekti narahat edir. Bu partiyaların iştirak etmədiyi seçkini alternativli hesab etmək olarmı?
Beləliklə, seçkidə iştirak edəcək siyasi partiyaların spektri hələ tam bəlli deyil. Müxalifət hələ də seçkinin alternativsiz keçəcəyi haqqında fikirlər səsləndirməklə hakimiyyətə təsir etmək istəyir. Amma hakimiyyət nümayəndələri belə problemin olmadığını bildirirlər. Elə müşahidəçilər də bu fikirdədir ki, seçkidə nominal alternativ problemi olmayacaq, çünki, müxalif mövqeli olmasa da, çoxlu sayda partiya artıq seçkidə iştirak edəcəyini bəyan edib.

Dövlət rəsmiləri Azərbaycanda 50-yə yaxın partiyanın olduğunu bildirir və belə şəraitdə seçkinin alternativsiz keçə bilməsi haqqındakı fikirləri ciddi hesab etmirlər.

Beynəlxalq dairələr də oktyabrın 15-də keçiriləcək prezident seçkisini həmişə olduğu kimi demokratiyanın inkişafı baxımından ciddi hadisə hesab edir və partiyaları seçkidə iştiraka çağırırlar. ATƏT-in Bakıda səfərdə olan rəsmisi bəzi partiyaların boykot qərarına müsbət yanaşmadığını qeyd etdi və bununla bahəm onu da bildirdi ki, seçkidə iştirak etmək və ya etməmək qərarını partiyaların ancaq özləri verə bilər.

Xatırladaq ki, ATƏT artıq seçkini müşahidə etmək üçün 450 qısa, 30 uzunmüddətli müşahidəçi qrupunu Azərbaycana göndərəcəyini bildirib. Bu günlərdə ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı müzakirələr keçirilməsini də ekspertlər təsadüfi hesab etmirlər. Bu müzakirələrdə də seçkinin Azərbaycanın siyasi həyatı üçün ciddi hadisə olduğu bildirilib.

Göründüyü kimi, hakimiyyət üçün ən çox problem yaradan ənənəvi müxalifət adlandırılan siyasi partiyalar və namizədlərdir. Beynəlxalq müşahidəçiləri də məhz məsələnin bu aspekti narahat edir. Bu partiyaların iştirak etmədiyi seçkini alternativli hesab etmək olarmı? Rəsmən hakim partiyanın namizədinə rəqib olan, lakin həyata keçirilən siyasətə nəinki müxalif, heç tənqidi baxış nümayiş etdirməyən namizədləri alternativ saymaq olarmı?

Məsələ bundadır ki, müxalifətin iştirak etməyəcəyi halda seçkiləri alternativli hesab edib-etməmək məsuliyyəti daha çox beynəlxalq müşahidəçilərin üzərinə düşəcək.

Bir sıra ekspertlər və müşahidəçilər də seçkidə iştirakın daha düzgün yol olduğunu qeyd edirlər. Onların fikrincə, seçkidə iştirak etməklə müxalifət partiyaları ən azı öz elektoratı ilə ünsiyyət yarada bilərdi. Amma seçkidə iştirakın əleyhinə olan müxalifət nümayəndələri bildirirlər ki, indiki şəraitdə bu çox çətin olacaq, çünki təbliğat – təşviqat mərhələsi üçün çox az vaxt ayrılıb, təbliğat imkanları əvvəlki seçkilərlə müqayisədə məhdudlaşdırılıb.

Müxalifət partiyaları bir qədər fərqli düşünsələr də, hər halda bu ilki seçki ölkənin siyasi həyatı üçün təsirsiz ötüşməyəcək. 2010-cu ilin parlament, 2013-cü ilin prezident seçkisinin necə keçəcəyi bu seçkidən asılı olacaq, çünki bu seçki həm Azərbaycanın dünya ölkələri arasındakı yerini, həm də 2003-cü ildən sonra yeni, daha çətin situasiyaya qədəm qoymuş müxalifətin siyasi taleyini müəyyən edəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG