Tbilisidə 'Rusiya qanunu'na qarşı etiraz yürüşü olub

Aprelin 9-da Tbilisidə on minədək insan yürüş keçirərək hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə təklif edilmiş “xarici təsirin şəffaflığı” adlı qanunun qəbulu planlarına etiraz bildirib.

Gürcüstan QHT-ləri və müxalifət partiyaları bu qanunu “Rusiya qanunu” adlandırırlar.

Qanunun əleyhdarları deyirlər ki, bir neçə il əvvəl Rusiyada qəbul edilmiş “xarici agent” qanunu son nəticədə repressiyalara, media azadlığının məhdudlaşdırılmasına və vətəndaş cəmiyyəti nümayəndələrinin ləkələnməsinə və damğalanmasına gətirib çıxarıb.

Gürcüstan parlamentinin deputatı, Ukrayna milli polisinin keçmiş rəisi Xatiya Dekanoidze bəyan edib ki, “Gürcü arzusu” partiyası qərbyönlü ritorikasına baxmayaraq Rusiyada olduğu kimi “antidemokratik rejiminin bərqərar olunması məqsədilə eyni planları həyata keçirir".

"Azadlıq yürüşü” adlandırılan bu aksiya Tbilisidəki Azadlıq meydanından başlayıb. Bundan sonra minlərlə vətəndaş cəmiyyəti və müxalifət fəalı “Avropaya – hə! Rusiya qanununa – yox!” şüarı ilə Rustavi prospektindən keçib.

Buna da bax: Ələsgər Məmmədli hospitala aparılıb, qaytarılıb

9 apreldən başlanan yol

Yürüş parlamentin binası qarşısında, 1989-cu ilin 9 aprelində Gürcüstanın ən yeni tarixində dönüş nöqtəsi sayılan hadisələrin cərəyan etdiyi yerdə başa çatıb.

1989-cu ildə müstəqillik tərəfdarları və Tbilisiyə yeridilmiş sovet qoşunları arasında toqquşmalarda 20-dən çox etirazçı həlak olmuşdu.

İndiki yürüşün təşkilatçıları aksiyanı məhz aprel hadisələrinin növbəti ildönümündə keçirmək niyyətlərini gizlətmirdilər.

Onlar bununla vurğulamaq istəyirdilər ki, Gürcüstanın azad və demokratik gələcəyi uğrunda mübarizə bugün də davam edir.

Jurnalistlərlə söhbətində keçmiş ombudsman xanım Nino Lomcariya məhz belə bir bəyanat verib.

“Azadlıq marşı” Gürcüstanın və Avropa İttifaqının himnləri ilə başa çatıb.

Buna da bax: Prezident Zurabişvili 'xarici agent' qanununa veto qoyacaq

İqtidar iddia edir ki...

Tənqidçilərinin rusiyayönlü hesab etdikləri hakimiyyət nümayəndələri iddia edirlər ki, parlamentin müzakirəsinə verilmiş qanun layihəsində yalnız QHT-lərin xaricdən maliyyələşməsinin şəffaflığı tələb olunur.

Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze hökumət müşavirəsində QHT-ləri “maliyyə mənbələrini və fəaliyyətlərinin məqsədlərini gizlətməkdə” ittiham edib.

Hakim “Gürcü arzusu” partiyası xəbərdarlıq edib ki, Qərb bu qanunun qəbuluna görə Gürcüstan hakimiyyətinə sanksiyalar qoyarsa, bu “çox böyük ədalətsizlik olacaq”, çünki analoji qanunlar ABŞ və bir çox Qərb ölkələrində də mövcuddur.

Buna da bax: 'Fransanın hamının istədiyi hərbi texnikası var, Paris Ermənistana verir' - səfir

“Moskvanın sifarişi”

1979-cu ildə Gürcüstan Respublika Partiyasının əsasını qoymuş keçmiş sovet dissidenti Levan Berdzenişvili hesab edir ki, hakimiyyət kələk gəlir və bu qanunu avtokratik rejimin bərqərar edilməsi üçün ilk addım kimi hazırlayıb:

“Bu qanunun ardınca bu qanundan doğan başqa qanunlar olacaq. Rusiyada eynilə belə olub”.

Onun sözlərinə görə hakim partiyanın məqsədi medianı və vətəndaş cəmiyyətini susdurmaqdır.

Berdzenişvili vurğulayıb ki, bu, “açıq-aşkar Moskvanın sifarişidir”.

Tbilisidəki İctimai İşlər İnstitutunun professoru Tornike Şaraşenidze deyib ki, hakimiyyətin məntiqini başa düşə bilmir:

"Onlar Qərb partnyorlarının xəbərdarlıq və məsləhətlərinə məhəl qoymurlar, hərçənd Aİ və NATO-ya inteqrasiya olunmaq istəkləri barədə bəyanatlar verirlər”.

Ötən il Gürscüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib. Lakin Tbilisiyə təsisat islahatları keçirilməsi və vətəndaş cəmiyyəti və medianın azad fəaliyyətinin təmin olunması da daxil demokratiyanın gücləndirilməsi şərti qoyulub.

Gürcüstan prezidenti Salome Zuravbişvilinin parlamentin “xarici agent” qanununu qəbul edəcəyi təqdirdə ona veto qoyacağını bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qarabağ'ın uğuru tiryək kimi: Hitlerdən üzü bəri diktatorlar idmandan necə istifadə edib?

Xatırlatma

Mahiyyət etibarilə Rusiyanın bədnam xarici agent qanununa bənzəyən bu qanunvericilik aktının layihəsi 2023-cü ilin yazında hakim “Gürcü arzusu” partiyasının dəstəyi ilə parlamentə təqdim olunmuşdu.

İctimaiyyətin geniş kütlələri və Avropa təsisatları bu təşəbbüsə sərt tənqidi münasibət ifadə etmişdilər.

Etirazlarda vurğulanırdı ki, layihə vətəndaş cəmiyyətinə, ölkənin Qərbə inteqrasiyasına qarşı yönəlib.

Gürcüstanda bir neçə gün davam edən küçə etirazları və toqquşmalardan sonra hakimiyyət qanun layihəsini geri götürməli olmuşdu.