Prezident Zurabişvili 'xarici agent' qanununa veto qoyacaq

Gürcüstan prezidenti Salome Zuuravbişvili

Gürcüstan prezidenti Salome Zuravbişvilinin parlamentin “xarici agent” qanununu qəbul edəcəyi təqdirdə ona veto qoyacağı bildirilir.

Bu məlumatı prezidentin parlamentdəki nümayəndəsi Giorgi Msxiladze deyib.

Msxiladzenin sözlərinə görə prezident özünün konstitusiya hüququndan istifadə edərək “Xarici Təsirin Şəffaflığı” adlı qanuna veto qoyacaq.

Mahiyyət etibarilə Rusiyanın bədnam xarici agent qanununa bənzəyən bu qanunvericilik aktının layihəsi 2023-cü ilin yazında hakim “Gürcü arzusu” partiyasının dəstəyi ilə parlamentə təqdim olunmuşdu.

İctimaiyyətin geniş kütlələri və Avropa təsisatları bu təşəbbüsə sərt tənqidi münasibət ifadə etmişdilər.

Gürcüstanda bir neçə gün davam edən küçə etirazları və toqquşmalardan sonra hakimiyyət qanun layihəsini geri götürməli olmuşdu.

Buna da bax: Slovakiyada niyə anti-Ukrayna namizədləri üstünlük qazanır?

Gürcüstan iqtidarı indi nə deyir?

Amma indi, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd statusu aldıqdan sonra iqtidar bu məsələni yenidən gündəmə gətirməyi planlaşdırır.

Bunu bu partiyanın parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze demişdi.

O vurğulayıb ki, qanun layihəsinin yeganə tələbi xaricdən maliyyə alan təşkilatların illik maliyyə hesabatlarını dərc etmələridir. Fraksiya lideri deyib ki, layihədə bu tələbin pozulmasına görə yalnız cərimə nəzərdə tutulur:

"Keçən il bizim yeganə günahımız ünsiyyətlə bağlı problemlər idi... Ola bilsin, çoxları bunu indi eşidirlər, mən yalnız bəyan etmək öhdəliyindən danışıram".

Onun sözlərinə görə, qanun layihəsi parlamentin yaz sessiyası başa çatana qədər hər üç oxunuşda qəbul olunacaq.