İmran Əliyevin şikayəti təmin edilməyib, həbs müddəti uzadılıb

İmran Əliyev

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində meclis.info platformasının rəhbəri İmran Əliyevin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə əlaqədar vəsatətin Xətai rayon Məhkəməsində təmin olunmaması ilə bağlı qərardan şikayətə baxılıb. Apellyasiya məhkəməsi vəsatəti təmin etməyib. Xətai rayon Məhkəməsi bundan əvvəl onu ev dustaqlığına buraxmaqdan imtina etmişdi.

Noyabrın 18-də Xətai rayon Məhkəməsində İ.Əliyevin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi vəsatət isə təmin edilib. Yaxınlarının sözlərinə görə, məhkəmə İ.Əliyevin həbs müddətini daha 3 ay uzadıb.

Onlar habelə qeyd ediblər ki, o, məhkəməyə gətirilərkən halsız olduğunu, səhhətində problem yarandığını bildirib: "O, 15 kilo arıqladığını və belindəki kəskin ağrılara görə yeriməkdə çətinlik çəkdiyini ifadə edib".

Yaxınlarının vurğulamasına görə, İ.Əliyev müayinə və müalicə edilmədiyini deyir.

Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

meclis.info platformasının rəhbəri İ.Əliyev bu il aprelin 18-də həbs olunub. O, qaçaqmalçılıqda ittiham edilir. Amma ittihamı qəbul etmir. Onun həbs müddəti buna qədər bir neçə dəfə uzadılıb.

Prezident Almaniyada olanda...

Bu il aprelin 26-da Almaniyada səfərdə olan prezident İlham Əliyevə Berlində kansler Olaf Şolts ilə birgə keçirdiyi mətbuat konfransında İ.Əliyevlə bağlı da sual verilmiş, ailəsinin ona təzyiqlər edildiyi ilə bağlı şikayət dilə gətirdiyi vurğulanmışdı. Əliyev suala cavabında bəzi media nümayəndələrinin həbsinə toxunaraq bunun qanunvericiliyə uyğun aparıldığını demişdi: "Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir".

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.