Avropa Şurasının İnsan haqları komissarı Maykl O'Flaerti noyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevə məktubunu yayıb. O, hakimiyyəti legitim işini gördüyünə, fərqli fikirlər, tənqidi baxışlar ifadə etdiyinə görə həbs olunmuş bütün insan haqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal buraxmağa çağırıb. Komissar bu şəxslərə qarşı cinayət ittihamlarını, məhdudiyyətləri qaldırmağa səsləyib.
Komissar bir neçə insan haqları fəalı, jurnalist və fəalın saxlanarkən pis rəftara məruz qalması iddialarını effektli araşdırmağa çağırıb.
O'Flaerti Azərbaycan hakimiyyətini çağırıb ki, birləşmə, dinc toplaşma, ifadə azadlığı ilə bağlı bütün qanunların və praktikanın Avropa Şurasının insan haqları standartlarına uyğunluğu təmin edilsin, Avropa İnsan Haqları Məhkəməsinin qərarları tam icra olsun.
Azərbaycan hökumətinin bu məktuba cavabında isə ölkənin beynəlxalq öhdəliklərinin hamısına, o cümlədən beynəlxalq insan haqları qanununa əməl etdiyi vurğulanır. Bildirilir ki, komissarın məktubunda adları çəkilən şəxslər – Ələsgər Məmmədli, Akif Qurbanov, İmran Əliyev, Anar Məmmədli, "Abzas Media", "Kanal 13" və "Toplum TV" təmsilçiləri qaçaqmalçılıqda ittiham olunurlar.
Sözügedən şəxslər son bir ildə saxlanılıblar. Onlardan bəzilərinə qarşı ittihamlar sonradan ağırlaşdırılıb. Ancaq AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə daxil olmaqla, saxlananlar ittihamları qurama sayır, peşə fəaliyyətləri, tənqidi mövqeləri ilə əsaslandırırlar.