Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

"Hara gedək? Bizi hara sığındıracaqlar?"


İllüstrasiya
İllüstrasiya

►“Əvvəl dedilər, “ev veriləcək”, axırda bu nə oyundursa, oynadılar bizə. Məmurların yemək məsələsi bitmək bilmir. Ya gözləri doymur, ya da... bilmirəm, nə məsələdir.

Bu, vətəndaşı yıxıb-sürümək deməkdir”.

Bu il fevralın 16-da Yasamal rayonu, Mirzağa Əliyev küçəsindəki 150 və 152 saylı binaların sakinlərinin qapısını icra hakimiyyətinin işçiləri döyüb.

Binalardakı bütün mənzillərə belə bir məzmunda bildiriş gəlib – “təcili evləri tərk edin”.

Sakinlərə bildirilib ki, binalar qəzalıdır və təcili sökülməlidir.

Bina sakini Dürdanə Əliyeva danışır:

“2 aya yaxındır ki, oturduğumuz yerdə kefimizə soğan doğrayıblar. Hara gedəcəyik, hökumət bizə hara qədər dayaq olacaq, bilmirik. Bildiyimiz odur ki, zorla ora-burasını düzəldib içərisinə sığındığımız evlərdən çıxarılırıq”.

Bildirişdə mənzilləri təcili tərk etmək tələbi qeyd olunsa da, mənzillərini tərk edəcək ailələrə hansı yardımın göztəriləcəyi əksini tapmayıb:

“Əl boyda kağız bütöv bir ailənin taleyini həll eləyir. “Bina qəzalıdır, təcili evi tərk elə” yazıb göndərmək qədər asan iş yoxdur. Tərk edib hara gedək? Bizi hara sığındıracaqlar? Bunu deyən yoxdur”.

“ÇIXMASAQ, QAZI, İŞIĞI, SUYU KƏSƏCƏKLƏR”

Xəbərdarlıqda bildirilib ki, binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb. Ödəniləcək kompensasiyaya görə isə 42 saylı MİS-ə müraciət etmək tövsiyə olunub. Sakinləri narahat edən odur ki, bildirişlərdə onların harada məskunlaşması, kompensasiyanın hansı şərtlərdə və hansı məbləğdə ödəniləcəyi ilə bağlı bilgilər yoxdur. Buna görə də sakinlər mənzillərini tələsik tərk etmək fikrində deyillər.

___________________________________________________________

Bunlara da bax:
50 erməni sakin Yerevandan sığınacaq istəyib
Sarkisian Qarabağı tanımaqla hədələyir

___________________________________________________________

Sakin Sürəyya Kazımova:

“Ancaq bizə xəbərdarlıq ediblər ki, evlərimizi tərk etməsək, binaların qazını, işığını, suyunu kəsəcəklər. Nə edəcəyimizi bilmirik”.

Hər iki binada 116 köçkün ailəsi məskunlaşıb, bundan bir qədər də çox yerli sakin yaşayır. Deyirlər, binanın qəzalı olması ilə razıdılar. Hətta binada təmir işləri aparılması üçün əvvəllər özləri bir neçə dəfə icra hakimiyyətinə müraciət ediblər, qurumdan səs çıxmayanda özləri binanın damında bacardıqları qədər təmir işləri görüblər, kanalizasiya, su, işıq xətlərini təzələyiblər. Arabir media nümayəndələrindən dəvət edib binanın vəziyyətini çəkdiriblər.

ORTALIQDA SƏRƏNCAM YOXDUR

Nurnisə Hacıyeva:

“Bu qədər icra hakimiyyətinə yalvardıq, gəlib bir damı düzəltmədi. Ancaq indi əlində bayraq eləyib ki, “qəzalı binadır, köçməlisiz”. Belə çıxır, ona görə təmir etdirmirdilər ki, nə vaxtsa özlərinə lazım olacaq, qəzalı bina kimi söküb yerini hansısa işbaza satacaqlar. Evimizə “JEK” gəlməməlidir. Bizə göndərdikləri bildirişdə hər şey ətraflı yazılmalıdır. Bildirməlidilər ki, “evin bu səbəbdən sökülür, sökən filan şirkətdir, kompensasiyan da bu qədərdir”. Hacıbala Abutalıbovun sərəncamı yoxdur ortalıqda. Heç bilmirik sökən kimdir, alan kimdir, satan kimdir”.

Yasamal rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Mirzağa Əliyev küçəsindəki 150 və 152 saylı binaların sakinlərinə iki ay əvvəl bildiriş göndərilib, xəbərdarlıq olunub. Qurumdan deyilənə görə, binalar qəzalıdır, orada yaşayanların həyatı təhlükə altında qala bilər. Ancaq, hələlik, bəzi məsələlər var, onlar da aydınlaşdıqdan sonra sakinlərin köçürülməsi təmin olunacaq. Sakinlərə kompensasiya, yaxud başqa yerdə mənzil veriləcək - bu sual hələlik açıq qalıb.

XS
SM
MD
LG