Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Ağazamanovların biznesi: 40 müəmmalı MMC və budcədən axan milyonlar


Arxiv fotosu: shutter stock-dan
Arxiv fotosu: shutter stock-dan

► Baba, oğul və nəvə Ağazamanovların şirkətləri «Ginnesin rekordlar kitabı»na düşəsi bir “işi” bacarıb: son 5 ildə, onlar demək olar, hər gün bir tenderin qalibi olublar.

Bu ailə və ona mənsub şirkətlər, çox güman, biznes aləmində tanınmır. Düzdür, tanına bilərdi, axı «Azərişıq», Bakı Metropoliteni, Bakı Ticarət Limanı kimi adı da, özü də böyük dövlət qurumlarının tərəfdaşıdır. Üstəlik, baba, oğul və nəvə Ağazamanovların sahiblik və rəhbərlik etdikləri şirkətlər indiyədək Azərbaycanda, bəlkə də regionda heç kəsin nail olmadığı bir ilkə imza atıblar.

Rəsmi sənədlərə görə, 40-dək şirkəti olan bu ailə «Ginnesin dünya rekordları kitabı»na düşəsi bir “işi” bacarıb: son 5 ildə, demək olar, hər gün bir tenderin qalibi çıxıb. Daha təəccüblüsü bu deyil, suallı qalan odur ki, elə bir əmlaka malik olmadan, bircə möhür hesabına qalib çıxıb...

Belə “bacarıqlı” iş adamları, adətən, biznesin qaynayıb-qaynaşdığı dövrlərdə yox, tam tərsinə, şirkətlər çökməyə başlayanda özünə ictimai diqqət çəkir. Bir də gözünü açırsan ki “mən də varam!” deyən bu şirkətlər topa-topa ləğv olunur. Həm də səbəbsiz-filansız, sadəcə, təsisçinin qərarı ilə.

Ümid qaldı VÖEN-ə...

Məmməd Ağazamanov, oğlu Əli və nəvəsi Rüfətlə bağlı şirkətlərin ailə bağları araşdırma gedişində üzə çıxıb. Bu şirkətlərin ləğvi barədə məlumat Vergilər Nazirliyinin mətbu orqanında açıqlanıb.

Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” Qanununa 2012-ci ilin iyulunda qüvvəyə minmiş dəyişikliklərdən sonra kommersiya şirkətlərinə dair məlumatın az bir hissəsi dövlət reyestrində hamıya əlçatımlıdır. Açıq məlumatlar, əsasən, şirkətin ünvanı və qanuni təmsilçisi haqqındadır. Təsisçilər, onların pay bölgüsü gizli saxlanır.

Bu baxımdan AzadlıqRadiosu əməkdaşının Ağazamanovlara aid edilən şirkətlər barədə daha geniş məlumat almaq istəyi, əslində, elə əvvəlcədən uğursuzluğa məhkum idi. Vergilər Nazirliyinin açıq məlumat bazasına daxil olmaq cəhdi, təbii ki, nəticə vermədi. Ümid qaldı vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) bazaya daxil etməyə. Nə görünsə, yaxşıdır? Elektron sistem həmin şirkətlər haqqında məlumatın olmadığını bildirdi. Bu isə sıradan bir vəziyyət deyildi.

Arxiv fotosu
Arxiv fotosu
Məsələ burasındadır ki...

Qanunvericiliyə görə, şirkətin ləğvi haqqında qərar Vergilər Nazirliyinə təqdim olunur və sənədlər qaydasındadırsa, kommersiya yönümlü təşkilatların məlumat bazasında həmin şirkət haqqında qeydlərə (onun adının sonunda) «ləğv prosesindədir» ifadəsi artırılır. Daha sonra kreditorlara borcların ödənilməsinə, ən azı, 60 gün vaxt verilir. Şirkətlər haqqında məlumat yalnız bu proses yekunlaşdıqdan sonra dövlət reyestrindən çıxarıla bilər.

Bu üzdən, gecikmədən Vergilər Nazirliyinə müraciət edildi. Nazirlik cavabını ləngitmədi. Cavab məktubunda deyilirdi ki: «barəsində ləğv edilməsi ilə bağlı mətbuatda elan verilmiş hüquqi şəxslər hal-hazırda ləğvetmə prosesindədirlər və onlar hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmamışdır».

Amma nə sirdirsə...

Buna möcüzə də demək olar. Doğrudan da, ləğvinə qərar verilən şirkətlərin əksəriyyəti barədə məlumat növbəti cəhddə artıq nazirliyin bazasında bərpa olunmuşdu. Amma nə sirdirsə, sözügedən şirkətlərin bir çoxu haqqında məlumat indiyədək açıq deyil.

Bəlkə də, əslində, önəmsiz çatışmazlıqdır, amma söhbət bundan getmir, axı. Söhbət belə davranışın motivlərindən - gərəkçəsindən gedir. Şirkətlərin bu hərəkəti özünü sahilə atan balinaları yada salmazmı?!.

Rəsmi sənədlərə görə, 40-dək şirkəti olan bu ailə «Ginnesin dünya rekordları kitabı»na düşəsi bir “işi” bacarıb: son 5 ildə, demək olar, hər gün bir tenderin qalibi çıxıb. Daha təəccüblüsü bu deyil, suallı qalan odur ki, elə bir əmlaka malik olmadan, bircə möhür hesabına qalib çıxıb...

Odur ki, ailənin üzvlərini axtarmaq lazım gəldi. Şirkətlərə bağlılığı olan Rüfət Ağazamanovla telefon söhbətində bütün şirkətlərin bir gündə ləğvinin nədən qaynaqlandığını soruşanda, o bunu dövriyyənin olmaması ilə əsaslandırdı. «Müdhiş» əsaslandırmadır, deyilmi?

Axı elə ötən il «Ağazamanov şirkətləri» bir neçə yüz dövlət satınalmasında çox iri məbləğli işlərə dair müqavilələr bağlayıblar. Qısa bir zamanda bu qədər işin altına girmək, yəni tenderə qatılmaq, bazarı araşdırmaq, malları tapmaq, gərəkli kadrları tapıb razı salmaq və s. həm maddi, həm də intellektual səviyyə tələb edir. Rüfət isə bunlardan deyil, dövriyyə yetərsizliyindən gileylənir...

Qalib çıxmağa bank hesabı və möhür yetərliymiş?

Ləğv prosedurlarına gəlincə, o, bununla özlərinin deyil, hansısa mühasibatlığın məşğul olduğunu deməklə kifayətlənir.

Şirkətlərə məxsus əsas vəsaitlər - maşın və mexanizmlər, xüsusi təyinatlı texnika və s., eləcə də şirkətlərin ofisləri barədə suallara da çox qısa cavablar verilir: onlar kimlərdənsə icarəyə götürülürmüş, heç düz-əməlli ştatlı işçilər də yoxmuş... Rüfət Ağazamanovun sözlərinə görə, işin həcmindən asılı olaraq, onların sayı 10-15 nəfəri aşmazmış.

Belə qənaətə gəlmək olar ki, milyonlarla manat dəyərində dövlət satınalmalarında qalib gəlməyə bank hesabı, bir neçə möhür və direktor yetərliymiş.

Bu şirkətlərin hamısına bir adam rəhbərlik edir

Maraqlıdır ki, barəsində Kommersiya Təşkilatlarının Dövlət Reyestrində məlumat əldə edilə bilən və araşdırma predmeti olan bu şirkətlərin, az qala, hamısına bir adam - Əli Məmməd oğlu Ağazamanov rəhbərlik edir.
Ləğvini gözləyən şirkətlər Bakı, Sumqayıt və Xırdalanda çox müxtəlif ünvanlarda yerləşirmiş. Hər halda rəsmi qeydiyyat ünvanlarında belə göstərilir.

Rəsmi açıqlanan hesabatlara görə, dövlət təşkilatları müxtəlif satınalma üsullarından yararlanaraq, Ağazamanovların indi ləğvolunma mərhələsini yaşayan 29 şirkəti vasitəsilə 1 193 müqavilə bağlayıblar. Bu müqavilələrin toplam dəyəri, nə az, nə çox – 33 milyon 360 min 499 manat 79 qəpikdir. Qalan şirkətlər haqqında məlumat yoxdur.

Müqavilələr 29 MMC arasında belə bölünüb:

Şirkətin adıMüqavilə sayı Şirkətin adıMüqavilə sayı
«Optimal»17 «Bizness-Kommers»51
«Kontakt-Biznes»35 «Poliqrim-ST»77
«Texnostandart»74 «AS-Servis»5
«Texnosənaye»45 «Universal-2013»25
«MT-Təchizat»10 «Marketinq-Biznes»9
«MSM Servis ltd.»9 «Abşeron-RX»68
«Proqress-2013»45 «Regional-Təchizat»2
«İmpuls-ASM»5 «Ekonom-Biznes»62
«Stabil Biznes-12»129 «Star-Təchizat»3
«Biznessektor»5 «Bazis-12»24
«Bakı-Servis»174 «Maqnat-Biznes»6
«NNT-Biznes»65 «SMTT-2012»64
«UTB-Təchizat»35 «Maddi-Texniki-Təshizat-3»110
«Temp-4»8 «Texno-Biznes-2011»4
«Modern-Servis-2011»5
«Gözəgörünməz» şirkətlərin müştəriləri - dövlət qurumları

Dövlət satınalmalarının reyestr məlumatlarına görə, əsasən, bu dövlət qurumları müştəri qismində tərəfdaş olub:

Dövlət qurumlarıMüqavilə sayıMüqavilələr üzrə cəmi məbləğ
«Bakı Metropoliteni» QSC və onun idarələri3026 897 840 manat 64 qəp.
«Bakıelektrikşəbəkə» ASC və onun bazasında yaradılmış «Azərişıq» ASC4539 milyon 533 min 20 manat 15 qəp.
Daxili İşlər Nazirliyinin Polis Akademiyası27704 min 927 manat 7 qəp.
Daxili İşlər Nazirliyinin mətbəəsi201 milyon 250 min 427 manat 49 qəp.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi71 milyon 44 min 219 manat 40 qəp.
«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC23386 min 530 manat
«Azəristiliktəchizat» ASC12427 min 551 manat 98 qəp.
AMEA-nın 3 qurumu (Əlyazmalar, Botanika və Coğrafiya institutları)6124 min 84 manat 85 qəp.
«Azərpoçt» MMC və onun müxtəlif filialları2285 milyon 184 min 816 manat 57 qəp.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi6164 min 125 manat 19 qəp.
«Azərsu» ASC və onun İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi2122 min 779 manat
Xaçmaz Rayon İcra Hakimiyyəti, eləcə də rayon təhsil şöbəsi, rayon xəstəxanası və suvarma sistemləri idarəsi132 milyon 884 min 762 manat
«Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin Tovuz subartezian quyularının istismarı və suvarma sistemləri idarələri131 milyon 13 min 501 manat 90 qəp.
Samux Suvarma Sistemləri İdarəsi5579 min 776 manat
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ​14402 min 490 manat 60 qəp.
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı6224 min 586 manat 85 qəp.
Digər müştəri dövlət qurumları

Azərbaycan Turizm və Menecment Universiteti (46 min 976 manat 39 qəpik), Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (76 min 39 manat), Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nəzdindəki «Sumqayıt Şəhər Təmizlik Departamenti» MMC (221 min 877 manat 43 qəpik), DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi (62 min 268 manat 83 qəpik) və başqa qurumlar da dəfələrlə Ağazamanovlara iş üçün müraciət ediblər.

Ali Məhkəmə 2 dəfə, amma çox ciddi məsələyə görə adıgedən ailənin «Modern-Biznes-2011» şirkətinə «baş vurub» - birinci dəfə «1C» proqramının 8.1 tipli sistemi üzrə milli mühasibat uçotunun qurulması, ikinci dəfə isə hansısa adı açıqlanmayan yeni sistemin işlənib hazırlanması və tətbiqi üçün. Şirkətə bu işlərə görə 2013-2014-cü illərdə 26 min 70 manat ödənilib.

Arxiv fotosu
Arxiv fotosu
Çox qaranlıq mətləblər

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun müəssisəsi olan «AzSERT» MMC-ninsə Ağazamanovlarla «alış-verişi» çox qaranlıq mətləblərdən xəbər verir. "AzSERT" MMC keyfiyyətin idarəetmə sistemi üzrə işçilərin təkmilləşdirilməsinə dair, eləcə də daha iki peşəkar treninqin keçirilməsini Ağazamanovlara məxsus «MSM-Servis ltd» və «Bakı-Servis» MMC-lərə həvalə edib. İş burasındadır ki, «AzSERT» özü ölkədə akkreditasiyadan keçmiş az sayda sertifikatlaşdırma orqanlarından biridir.

Yeni yaranmış, heç bir ixtisas göstəriciləri olmayan şirkətlərin onun işçilərinə təlim keçməsi nədənsə nəzarət orqanlarına təəccüblü görünməyib.

AzadlıqRadiosu sorğu göndərib, amma...

Bu səbəbdən AzadlıqRadiosu Ağazamanovlara bağlı olan şirkətlərlə uzun illər əməkdaşlıq etmiş dövlət müəssisə və təşkilatlarının bir neçəsinə («Azərişıq» ASC, «Bakı Metropoliteni» QSC, «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC, Daxili İşlər Nazirlyinin Polis Akademiyası) bu sualları unvanlayıb:

  1. Satınalma müqavilələri bağlanarkən, qanunla müəyyənləşdirilən satınalma prosedurları gözlənilibmi? Tələb olunan malların (iş və xidmətlər) alınması üçün açıq tender keçirilməsini zəruri edən bir maliyyə ilinə nəzərdə tutulan məbləğlərin bölünməməsi tələbinə əməl edilibmi?
  2. Satınalma komissiyası iddiaçı şirkətlərin ixtisas uyğunluğunu, maliyyə, texniki və kadr potensialının mövcudluğunu təhlil edibmi?
  3. Bu satınalmaların qanuniliyi və effektivliyi dövlət auditi (Hesablama Palatası) və müstəqil auditor tərəfindən təhlil olunubmu? Auditor rəyində bu hallara dair irad bildirilibmi?
  4. Podratçı şirkətlər tərəfindən müqavilələrin icrası gedişində öhdəliklərdən yayınma və kənarlaşma halları müəyyən olunubmu? Əgər olunubsa, bunlar hansı şirkətlər və hallarla bağlı olub?
  5. İndiyədək satınalmalara nəzarət üzrə dövlət qurumu satınalmalara dair qanunvericiliyin tələblərinin pozulması hallarına irad bildirilibmi?»

«Bakı Metropoliteni» QSC-dən başqa adıçəkilən təşkilatların heç biri sualları cavablandırmayıb.

«Bakı Metropoliteni» QSC-nin cavabı

Metropolitenin İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşovun cavab məktubunda belə deyilir:

...mətbuatın suallarından xoşlanmayan təkcə büdcə və digər dövlət vəsaitlərindən yararlanan qurumlar deyil, həm də onlara nəzarət edənlərdir. AzadlıqRadiosunun Hesablama Palatasına ünvanladığı sorğuya cavabdan belə nəticə hasil olur ki, ali audit qurumu yalnız Milli Məclisə hesabat verir, jurnalist sorgularına cavab verməksə onun əsasnaməsində yazılmayıb.

«Bakı Metropoliteni» QSC yarandığı tarixdən (27 fevral 2014-cü il) etibarən fəaliyyətini, o cümlədən satınlamalarla bağlı prosedurları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirir. Satınalmalarla bağlı hesabatlar bütün aidiyyatı dövlət orqanlarına təqdim edilir.

Hər il müstəqil audit yoxlaması keçirilir və Cəmiyyətin maliyyə vəziyyəti haqqında məlumatlar onun internet saytında yerləşdirilir».

Bax belə, umumi və yayğın bir cavab...

Audit qurumu kimə hesabat verir?

İşi qəlizləşdirən həm də budur ki, mətbuatın suallarından xoşlanmayan təkcə büdcə və digər dövlət vəsaitlərindən yararlanan qurumlar deyil, həm də onlara nəzarət edənlərdir. AzadlıqRadiosunun Hesablama Palatasına ünvanladığı sorğuya cavabdan belə nəticə hasil olur ki, ali audit qurumu yalnız Milli Məclisə hesabat verir, jurnalist sorgularına cavab verməksə onun əsasnaməsində yazılmayıb.

Qurumun informasiya resursunda “Hesabatlar” bölməsi “qayçılanmış” vəziyyətdədir. Burada illik audit tədbirləri haqqında məlumatlar hesabatdan müəmmalı şəkildə çıxarılıb. Buna görə də Hesablama Palatasının yoxlamaların gedişində «Ağazamanov şirkətləri» ilə qarşılaşdığını söyləmək çətindir.

Amma istənilən halda bu hesabatlarda bəlli məqamlar var ki, fəaliyyəti şübhə doğuran bu cür şirkətlərin dövlət satınalmalarında niyə «at oynatmasına» işiq salır.

Arxiv fotosu
Arxiv fotosu
Hesabatlarda əksini tapıb

Məsələn, hesabatlarda bildirilir ki, bir çox hallarda satınalma prosedurlarına qatılanların maliyyə durumlarına dair bankdan arayış tələb olunmur, iştirakçıların texniki imkanları da araşdırılmır. Həmin iddiaçı şirkətlərin ixtisas göstəriciləri, peşəkarlığı, təcrübəsi və kadr potensialı barədə məlumatlar təqdim edilmir. Bağlanmış müqavilənin icrası üçün şirkətlərdən bank təminatı istənilmir. Dövlət təşkilatları satınalma müqavilələrində xüsusi şərtlər tətbiq etmir, mallar qiymət cədvəlində əks olunandan baha alınır, bəzən onların heç də hamısı təqdim olunmur...

Hesablama Palatası tender iştirakçılarının eyni ünvanda yerləşməsinə də diqqət çəkir. Bəlkə elə buna görədir ki, Ağazamanovların şirkətləri 10-dan çox fərqli ünvanı paylaşır.

«Yalnız bir ünvanda qeydiyyatda olan...»

Hesablama Palatası fakt göstərmədən Ağazamanovlara aid şirkətlərə xarakterik çox ilğinc bir məqama da toxunur. Palatanın bu il açıqlanan və Milli Məclisə təqdim edilən son hesabatında deyilir:

«Audit olunan qurumlar tərəfindən eyni təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə müqavilələrin bağlandığı, yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə məxsus olan iddiaçılara dəvət göndərildiyi aşkar edilib».

Heç uzağa getməyə gərək yoxdur. DİN-in Baş Mühafizə İdarəsi polis əməkdaşlarına 490 min 200 manatlıq geyimin tikilməsi sifarişini ixtisaslı fabriklərə deyil, Ağazamanovların «Maddi-Texniki-Təchizat-3» şirkətinə verib. İstehsalat bazası olmayan bu şirkətsə sifarişi elə həmin fabriklərdə icra edib. Başqa bir tərəfdən, həmin «Maddi-Texniki-Təchizat-3» MMC bu idarəni mebellə təchiz edib, üstəlik, inzibati binasını da təmir edib.

Daxili İşlər Nazirliyindən başqa misal

Və ya Daxili İşlər Nazirliyindən başqa bir misal: onun mətbəəsi çap vəsaitlərini müxtəlif şirkətlərdən («Universal-2013», «Abşeron-RX», «İmpuls-ASM», «Stabil-Biznes-12», «Bakı-Servis» və «NTT-Biznes» və s. MMC-lər) aldığı göstərilsə də, onların hamısının «cilovu» bir əldə - Ağazamanovlardadır.

Adıçəkilən «NNT-Servis» MMC və «Bakı-Servis» MMC «Teleradio» İB-yə məxsus teleqüllədə ixtisas tələb edən işləri icra edib:

- yeni paylayıcı qurğunun işə salınmasına 10 kv-luq yuvaların montajı, sazlanması və 10 kv-luq paylayıcı qurğunun yerinin dəyişdirilməsi ilə əlaqədar yeni kabellərin montajı;

- Teleqüllə kompleksinin 200-280 metr səviyyəsi arasında dəmir konstruksiya üzərindəki istifadəyə yararsız köhnə konstruktiv elementlərin sökülməsi, dışarı tərəfinin köhnə boya və pasdan təmizlənməsi və yenidən rənglənməsi.

Bu işləri həmin şirkətlərin yerinə yetirdiyini yoxlamaq çətin məsələdir. Amma «Teleradio» İB bu işlərə görə adıçəkilən şirkətlərə təxminən 100 min manat ödəyib.

Ay səni, «Azərpoçt»…

Hesablama Palatasının Vergilər Nazirliyi ilə birgə 2015-ci ildə apardığı audit zamanı «Ağazamanov şirkətləri»nin xidmətlərindən 2013-2015-ci illərdə gen-bol yararlanan «Azərpoçt» MMC-nin bir sıra əyintilərə yol verdiyi üzə çıxarılıb.

«Azərpoçt» MMC və onun filialları kompüter və digər texniki avadanıq, mebel və başqa aktivlər alarkən açıq tender keçirməyib. Məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə satınalmalar hissələrə bölünüb və daha az nəzarət tələb edən kotirovka sorğuları ilə icra olunub. Palatanın hesabatında belə deyilir.

Elə ekspertlər də deyirlər ki, bu tipli şirkətlərin «xidmətlərindən» istifadənin məqsədi həm də ƏDV üzrə dövlət büdcəsinə ödənilən vəsaitləri sonrakı mərhələdə əvəzləşdirməklə mənimsəməkdir.

Satınalmalar üzrə məlumat bazasının təhlili göstərir ki, «Azərpoçt» MMC Ağazamanovların nəzarətindəki şirkətlərlə («Marketinq-Biznes», «Stabil-Biznes-12», «Bakı-Servis» və «Abşeron-RX») 2013-14-cü illərdə və 2015-ci ilin 9 ayında ümumi məbləği 5 milyon 194 min 198 manat olan 228 satınalma müqaviləsi bağlayıb.

Hesablama Palatası apardığı yoxlama ilə müəyyən edib ki, «qanunvericiliklə ƏDV-yə cəlb olunması nəzərdə tutulmayan vəsaitlər hesabına mallar, işlər və xidmətlər alınarkən, vergi hesab fakturaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (iş və xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan 1 milyon 169 min 900 manat azaldılıb».

Sadəlövh sual: Belə şirkətlər nəyə gərəkdir?

Elə ekspertlər də deyirlər ki, bu tipli şirkətlərin «xidmətlərindən» istifadənin məqsədi həm də ƏDV üzrə dövlət büdcəsinə ödənilən vəsaitləri sonrakı mərhələdə əvəzləşdirməklə mənimsəməkdir.

Məsələ burasındadır ki, Azərbaycanda satılan istər yerli istehsal, istərsə xaricdən gətirilən bir çox malın mənşəyi haqqında hər hansı təsdiqləyici sənəd olmur. Bu səbəbdən satınalan təşkilat ödədiyi ƏDV-nin vergi depozit hesabından geri qayıtması üçün müəyyən şirkətlərin xidmətlərindən yararlanmağa məcbur qalır.

Proses belə baş verir. «Şirkət» qaimə-faktura əsasında malı alqı-satqı edir, pul təşkilatın hesabından onun hesabına köçürülür. Amma bu prosesdə pulu asanlıqla ələ keçirmək mümkün deyil. Axı ödəmələr zamanı əsas məbləğ hesablaşma hesabından hesablaşma hesabına, ƏDV isə bir ƏDV depozit hesabından digərinə ödənilir. Depozit hesabındakı ƏDV yalnız bir məqsədlə istifadə oluna bilər - ƏDV ödənişləri və ya ƏDV əvəzləşdirilmələrinə. Çox zaman belə bir vəziyyət yaranır ki, ƏDV-li mal alan şirkətin və ya dövlət təşkilatının ƏDV depozit hesabında pul yığılır. Alışlar nağd ödəmələr şəklində olduğundan, pul əvəzləşdirilə bilmir.

Ağazamanov şirkətlərinin ləğvi bitməyib

Bəs nə etməli? Bax, belə məqamda «kölgə şirkətlər» kara gəlir. Hər hansı «kölgə şirkət» yaradılır və ya bu məqsədlərə xidmət edən şirkətlə hər hansı müqavilə bağlanır. Bu tipli şirkətlərin vasitəsilə ƏDV hesabında “yatıb qalan” vəsaitin bir hissəsi Vergilər Nazirliyinə müraciət əsasında əvəzləşdirilərək nağd pula çevrilir.

Deyilənə görə, vergi orqanları da bu sxemlərdən hali olduqlarına görə, vergi yoxlamaları zamanı dövlət təşkilatlarını bir az çək-çevirə salırlar.

Ağazamanov şirkətlərinin ləğvi isə davam etməkdədir.

XS
SM
MD
LG