Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:39

"Bir azdan yenə cəhənnəm əzabı başlayacaq"


Bala Cəfərli
Bala Cəfərli

►Ermənistanla sərhəddə bir kənd var

"1988-ci ildən Ermənistan tərəfdən kəndə gələn su kəsiləndən əziyyət çəkirik. Yay gələndə Ağstafaçay su anbarı da quruyur. Bir azdan yenə cəhənnəm əzabı başlayacaq."

Bala Cəfərli kəndi Qazaxda dağətəyi ərazidir. Kəndin cəmi 50 hektar ərazisində 35 ev var. Elə ərazisinin kiçik olmasına görə də burası Bala Cəfərli adlanır. Cəfərli kəndinin qonşuluğunda yerləşir.

Bala Cəfərli ərazicə kiçik olsa da, problemləri çoxdur. Kənd sakini Kəbutər Quliyeva deyir, ötən ilin yayında ermənilər kəndi atəşə tutublar. Evlərin dam örtüklərində hələ də güllə deşikləri qalmaqdadır:

“YAY GƏLƏNDƏ AİLƏLƏR QONŞU KƏNDLƏRƏ KÖÇÜR”

“Dam örtüklərimizi dəyişməyə kömək etmirlər. Şiferlər güllədən deşik-deşikdir. Tez-tez atışma olur. Evlərimizi qorumağa çalışırıq”.

Ancaq kəndlilərin problemi təkcə şiferlərdəki güllə izləri ilə bitmir. Bu kənddə saysız-hesabsız sosial problemlər var. Kəbutər quliyeva deyir, əsasən də yayda kənddəki evlərdən cəmi 10-15-də yaşayış olur. Adamlar susuzluqdan başqa kəndlərdəki qohumlarının evinə sığınır:

“Həm içməli, həm də suvarma suyu problemimiz var. Əsasən də yayda zülm çəkirik. 1988-ci ildən Ermənistan tərəfdən kəndə gələn su kəsiləndən əziyyət çəkirik. Yay gələndə Ağstafaçay su anbarı da quruyur. Bir azdan yenə cəhənnəm əzabı başlayacaq”.

ƏKİNÇİLİYİ, HEYVANDARLIĞI İNKİŞAF ETDİRSƏLƏR...

Kənd sakini Mürsəl Hüseynov kənddəki ictimai nəqliyyatdan narazıdır:

“Deməli, bircə avtobus var. O da səhər bir dəfə kənddən rayona çıxır, bir də axşam rayondan kəndə qayıdır, vəssalam. Kənddə 220-yə yaxın sakini var. Heç yerdən köməyimiz yoxdur, ümidimiz əkin sahələrimizədir, gəl ki, suvarmağa suyumuz olmur. İçməli suyu maşınla alırıq. Bizim su problemimiz dövlət səviyyəsində həll olunmalıdır. Başımızı heyvandarlıqla saxlaya bilərik, buna da şərait yoxdur. Bu kənddə əkinçiliyi, heyvandarlığı inkişaf etdirsələr, ehtiyaclarımızı özümüz qarşılayarıq”.

SOSİAL LAYİHƏLƏR HAZLRLANIR

Qazax rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Bala Cəfərli Ermənistanla sərhədə yaxın ərazidə yerləşdiyindən dövlətin daim xüsusi diqqət və nəzarətindədir. Kənddə yenicə 80 şagirdlik məktəb istifadəyə verilib. 2 ildir ki, müasir tələblərə cavab verən tibb fəaliyyət göstərir. Kəndin problemlərini aradan qaldırmaqdan ötrü sosial layihələr hazırlanıb. İki artezian quyusu qazılıb, daha iki quyunun qazılması da nəzərdə tutulub. Qonşuluqdakı Cəfərli kəndinə 7 kilometr uzunluğunda suvarma suyu xətti çəkilib.Həmin xətti Bala Cəfərliyədək uzatmaq mümkün olacaq ki, bununla da kəndlilərin suvarma suyu problemi kökündən həll ediləcək. İcra Hakimiyyəti kənddə uşaq bağçası tikməyi, yolları təmir etməyi planlaşdırıb. Qurumdan bildiriblər ki, atəşkəsin pozulması nəticəsində zərər çəkmiş evlərin bərpası üçün kəndlilərə vaxtaşırı dam örtüyü, qum, sement, daş və başqa tikinti materialları verilir.

XS
SM
MD
LG