Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:35

Qəzet təsisçisi deyir, onu tutmaq istəyirlər


►Şirin Cəfərli bunun söz azadlığına basqı olduğunu iddia edir

“Azərbaycanda fəaliyyət göstərən əksər mətbuat orqanlarına qarşı dövlət məmurları tərəfindən təzyiqlər, basqılar davam etməkdədir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri deyir.

Təsisçiyə qarşı bir neçə il əvvəl Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb. 2 il əvvəl Gəncə şəhəri,Kəpəz rayon Məhkəməsi onu 3 il şərti, 2 il sınaq müddətinə cəzalandırıb. Şirin Cəfəri hökmlə razılaşmayaraq yuxarı məhkəmələrə müraciət edib. Ancaq yuxarı məhkəmələr də birinci məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Buna da bax: Gömrükdən malı asan keçirmək mümkün olacaq? - Yenilik

“MƏHKƏMƏLƏR SİFARİŞLİ QƏRARLAR ÇIXARIB”

Şirin Cəfəri hesab edir ki, məhkəmələr məmurların sifarişini yerinə yetirib:

“Tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi”.

Şirin Cəfərinin barəsindəki 2 illik şərti cəzanın müddəti bu il mayın 20-də başa çatıb. Bundan 5 ay sonra – oktyabrın 23-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Prosessual Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təsisçi vergidən yayınmaya görə kəsilmiş 71 min 478 manat 16 qəpik cəriməni ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunub. İş materialları məhkəmə baxışına göndərilib.

Dekabrın 15-də Yasamal rayon Məhkəməsində təsisçinin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Hüseyn Səfərov sədrlik edir. Qarşı tərəf olan icra məmurları məhkəməyə gəlmədikləri üçün məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Buna da bax: Rusiyadan pulsuz dönən azərbaycanlılar...

“MƏQSƏD QƏZETİ SUSDURMAQDIR”

Şirin Cəfəri deyir, məqsəd onu həbs etmək və daha bir mətbuat orqanını qapatmaqdır:

“Bəzi vəzifə sahibləri bu gün də bizdən əl çəkmirlər. “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq Vergilər Nazirliyinin mənimlə bağlı elan etdiyi qərar absurd və cəfəng bir qərardır. Məqsəd məni həbs etmək, müstəqil bir qəzeti də beləcə susdurmaqdır”.

4 il əvvəl Mətbuat Şurası “Gündəm Xəbər” qəzeti ilə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. İdarə müraciəti araşdırıb əsassız hesab edib. Şirin Cəfəri deyir, bundan sonra qəzetə qarşı basqılar daha da artıb. Vergilər Nazirliyinin Audit Departamenti redaksiyada yoxlamalara başlayıb. Təsisçiyə qarşı 71 min 478 manat 16 qəpik həcmində cərimə tərtib etməklə bərabər, həmin məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası da tətbiq olunub.

Şirin Cəfəri qərarla razılaşmır. Deyir, qəzetin ilk tirajı 1500, ən yüksək tirajı isə 2140 olub. Qəzetin tirajlarının 40-50 faizi satılmayıb və hər dəfə də geri qəbul edilib. Bu proses mətbuat yayımı şirkətləri vasitəsi ilə həyata keçirilib. Yayım şirkətləri qəzetin bir nüsxəsini 24 qəpiyə alıb, qalan 16 qəpik isə qəzetin satışı ilə məşğul olan şirkətlərə qalıb. Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları bunu nəzərə almayıblar. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdiriblər.

Məhkəmə iclasında çıxış edən Şirin Cəfərli bildirib ki, Ali Məhkəmənin qərarını gözlədiyinə görə vəsaiti ödəməyib. O, həmçinin "Qasid" yayım firmasının "Gündəm-Xəbər" qəzetinin satışından redaksiyaya təxminən 3000 manat borcu olduğunu bildirərək, Kəpəz Rayon Məhkəməsinin icrasının həm də "Qasid"ə yönləndirilməsini istəyib. Qalan vəsaiti isə hissə-hissə tədricən ödəyəcəyini deyib.

Buna da bax: Amerika və Azərbaycan kəşfiyyatçıları rastlaşanda...

TƏSİSÇİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

Vergilər Nazirliyindən “Qaynar xətt”ə bildiriblər ki, “Gündəm Xəbər” qəzeti ilə bağlı aparılmış yoxlamalar zamanı üzə çıxmış vergi pozuntuları məhkəmələr tərəfindən araşdırılıb və hüquqi qiymət verilib.

Şirin Cəfəri prezident İlham Əliyevə də müraciət edib. O, ölkə başçısından barəsindəki vergi cəriməsinin və məhkəmə qərarının ləğvi ilə yanaşı, qəzetin maliyyə məsələləri ilə bağlı ədalətli araşdırma aparılmasını istəyib.

XS
SM
MD
LG