Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:24

Azərbaycan və Ermənistan arasında sərhədlə bağlı komissiya yaradılıb


Azərbaycan-Ermənistan sərhədi
Azərbaycan-Ermənistan sərhədi

Mayın 23-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.

Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub.

Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri komissiyaya daxil ediliblər.

Habelə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” açıq səhimdar cəmiyyəti sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasının tərkibində Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da yer alıblar.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Bundan bir gün əvvəl

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.

Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi və onların kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləməsi kimi məsələlər müzakirə edilmişdi.

Bu formatda bundan əvvəl, aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG