Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:38

Sürüşmə ərazilərindəki yeni tikililər təhlükədə


Sürüşmə. Foto illüstrasiya
Sürüşmə. Foto illüstrasiya

«Deyirlər, «sürüşmə zonasıdır, burda niyə ev tikmisiz?». Deyirik, «bu yeri bizə siz satmısız. Biz bu evləri tikəndə hara baxırdız?»».

Bunu AzadlıqRadiosuna Şamaxının girişinə yaxın ərazidə ev tikib yaşayan sakinlərdən biri Ramiz Salamov deyir.

«SÜRÜŞMƏ AKTİVLƏŞSƏ, EVLƏR DAĞILACAQ»

Qeyd olunan ərazidə son bir neçə ildə onlarla ev tikilib və hazırda güclü yağıntı nəticəsində aktivləşən torpaq sürüşməsi həmin tikililərə təhlükə yaradıb. R.Salamov deyir, evlərin divarlarında və hasarlarda dərin çatlar əmələ gəlib:

«Evimizin divarları tamamilə aralanıb. Fövqəladə Hallar Nazirliyinin işçiləri xəbərdarlıq ediblər ki, sürüşmə bir az da aktivləşsə, evlər dağılacaq. Dağıntı altında qalmamaq üçün evlərimizdən çıxmağımızı tövsiyə edirlər. Yeri olan yığışıb getdi, yeri olmayan Allahın ümidinə qalıb».

Ərazidə yaşayan başqa sakin İlkin Qəmbərov deyir, son 3 gündə güclənən torpaq axını ərazidəki yollarda piyadaların və avtomobillərin hərəkətini əngəlləyib. Ərazidən avtomobillərin hərəkəti təhlükəli olsa da, heç yerdə qadağa işarəsi qoyulmayıb:

«Yalandan yola daş filan yığıblar. Biri götürüb o daşı kənara atsa, o ərazidən avtomobil keçsə, qəza baş verəcək. Bu yolların sürücülər və piyadalar üçün nə dərəcədə təhlükəli olması, deyəsən, məmurlara çatmır».

Sürüşən Masazırda səksəkədə yaşayanlar
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

«ƏRAZİ NƏZARƏT ALTINDADIR»

Sakinlərin deməsinə görə, torpaq qatları günbəgün evlərə yaxınlaşır. Torpaq layları yaxınlaşdıqca, insanların həyəcanı da artır.

Şamaxı Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, gün ərzində problemlə bağlı məlumat veriləcək:

«O sakinlər yerli adamlardır. Şamaxının harasında vəziyyət necədir, yaxşı bilirlər. Bundan başqa, onlara dəfələrlə xəbərdarlıq olunub ki, sürüşmə təhlükəsi olan ərazilərdə ev tikmək olmaz».

Qurumdan bildirilib ki, evlərin köçürülüb-köçürülməməsi ilə bağlı qərarı rayonun Fövqəladə Hallar Komissiyası verə bilər. Hazırda isə ərazi nəzarət altındadır.

Sakinlər deyir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Komissiyasının nümayəndələri ərazidə olublar.

Muğanlı kəndində qəzalı evlərin sakinləri üçün yeni qəsəbə salınıb, amma...
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

«EVİMİZƏ QAYITMAĞA EHTİYAT EDİRİK»

Oxşar həyəcan Lerikdə də yaşanmaqdadır. Son günlərin leysanı rayondakı bəzi sürüşmə ərazilərini «hərəkətə gətirib».

Veri-Əliabad və Noda kəndlərinin sakinləri AzadlıqRadiosuna müraciət ediblər. Noda kənd sakini Hüsniyyə Qafarova deyir, onun və qonşuluğundakı bir neçə ailənin evini su basdığına görə təxliyə olunublar:

«Subasma nəticəsində biz tərəfdə torpaq sürüşməsi də aktivləşib. Mən uşaqlarımla qonşu məhəllələrdən birində, bir yaxın adamın evinə sığınmışam. Öz evimsə dağılmaq üzrədir. Kömək istəyirəm».

Noda kənd sakini Baxış Rüstəmov deyir, yerli icra hakimiyyətindən ona bildirilib ki, yağış kəsən kimi onu və bir neçə ailəni evinə qaytaracaqlar:

«Biz tərəfdə də torpaq sürüşməsi var. Ancaq deyirlər, aktiv deyil, təhlükə yoxdur. Yenə də evlərimizə qayıtmağa ehtiyat edirik».

Lerik Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, hazırda hər iki kənddə Fövqəladə Hallar Komissiyasının və icra hakimiyyətinin nümayəndələri var. Su basmış bir neçə evə baxış keçirilib. Problem tezliklə aradan qaldırılacaq.

XS
SM
MD
LG