Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

"Vay o gündən ki, yağışlı gündə burda kimsə ölə..."


İllüstrasiya
İllüstrasiya

►“Bu illər ərzində Qobustanın kənd yollarında “mədəniyyət” sozünün bircə hərfini də görmədim”

AzadlıqRadiosunun “Qaynar xətt”inə Bakıdan 100 km aralıda - Qobustan rayonunun Cəyirli kəndində yaşayan Arif Hüseynov danışır.

“Bizdə uşaqlar təzə məktəbə rezin uzunboğaz çəkmədə gedirlər. Məktəbin dəhlizinə girəndə qapıdaca həmin çəkmələri soyunub, normal ayaqqabı geyinirlər. Bu kənddən 2 kilometr aralı magistral yol keçir, ancaq kəndə gələn yol sanki cəngəllikdir. Qəbiristanlıq yolundansa danışmağa dəymir. Vay o gündən ki, kənddə biri yağışlı gündə dünyasını dəyişə… Onu dəfn etmək əsl müşkülə çevrilir. Palçıqlı, yağışlı günlərdə insanlar qəbiristanlığa gedib doğmalarının məzarını ziyarət edə bilmirlər”.

Başqa bir sakin Sahib Cəfərov isə azı 20 ildir ki, kəndə gedən mikroavtobusda sürücü işləyir. O, illərdir ki, bu tanış yollarda çəkdiyi məşəqqətlərdən cana doyduğunu deyir:

“Deyirlər, yol mədəniyyətdir, ay nə bilim, nədir… Vallah, mən bu illər ərzində Qobustanın kənd yollarında “mədəniyyət” sozünün bircə hərfini də görmədim. Dizə çıxan palçığın içində hansı mədəniyyətdən danışmaq olar?”

Buna da bax: Terrorun təşkilatçısı Parisdə öldürüldü

“MƏMURLAR KƏNDLƏRƏ BAXMIRLAR”

Qobustanla kəndlərinin arası təqribən 10 dəqiqəlik olsa da, sürücü deyir, bu yolları bəzən azı 1 saata qət etmək olur. Qazancının çox hissəsi isə təmir sexlərinə gedir. Deyir, hər dəfə yolu təmir sexinə düşəndə, necə deyərlər, soğan qabığı kimi soyulur:

“Hərdən papağımı qabağıma qoyub ha fikirləşirəm ki, sürücülüyü atıb hansı işin qulpundan yapışım bu yaşda…”

Yağış yağanda yollar, ümumiyyətlə, keçilməz olur. Kəndlə rayon arasındakı hərəkət dayanır. Sürücünün sözlərinə görə, sakinlər yolun, daha doğrusu, bu yolu düzəltməli olan yerli qurumların əlində əsir-yesir qalıblar. Yağış, qar yağanda kəndlərə gediş-gəliş iflic hala düşür.

Qobustan kəndlərinin dərdini danışanlardan biri də Göydərə sakini İbrahim Abbasovdur:

“Bakıyla aramız 100 kilometrdir. Ancaq gəl ki, buradakı kəndlərin problemləri bitib tükənmir. Bizi narahat edən əsas məsələ yoldur. Məmurlar kəndlərə baxmır. Yalnız Qobustanın mərkəzini bəzəməklə məşğulduRlar. Elə bil bunlara yalnız mərkəz həvalə olunub”.

Buna da bax: Tbilisiyə yağış, Bakıya ah-nalə...

BAŞÇI BAŞQA SÖZ DEYİR

Sakinlərin sözlərinə görə, əsas məşğuliyyətləri və gəlir mənbələri maldarlıq, əkinçilikdir. Ancaq yol bərbaddır deyə heç bir müştəri onlar tərəfə gəlmək istəmir.

Qobustan icra hakimiyyətinin başçısı Adil Məmmədovun bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabatına görə isə, vəziyyət başqadır. Məsələn, kəndlilər yolsuzluqdan, susuzluqdan, əkin sahələrinin yanmasından gileyləndiyi, kənd təsərrüfatı sahəsində geriləmələrdən danışdığı halda başçı deyir, əksinə, bu il Qobustanda kənd təsərrüfatı məhsullarının istehsalında 30 faizə yaxın artım olub. Mal-qaranın və quşların baş sayı artıb. Bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı çoxalıb. Poladlı və Yekəxana kəndlərinə təbii qaz verilib.

Qobustan rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, kənd yollarının, kommunikasiya xətlərinin düzəlməsi üçün işlər növbəli şəkildə davam etdirilir.

XS
SM
MD
LG