Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb


Şerif. Karikatura.
Şerif. Karikatura.

Azərbaycanın qiymətli kağızlar bazarı ötən il daralıb

Ötən il Bakı Fond Birjasında (BFB-də) əqdlərin ümumi həcmi 2015-ci ildən təxminən 33 faiz az - 5 milyard 696 milyon 131 min manata yaxın olub. Törəmə bazar alətləri sayılmazsa, mövcud dövriyyə, əsasən, dövlət qiymətli kağızlarının hesabına gerçəkləşib. BFB-nin məlumatına görə, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40,2 dəfə artaraq 836,2 milyon manata yüksəlib. Bunun 567,4 milyon manatı Maliyyə Nazirliyinin dövlət istiqrazlarının, 268,8 milyon manatı isə Mərkəzi Bank notlarının payına düşüb. Həmin dövrdə pay (səhm) bazarı 57,8% azalaraq 118 milyon manat olub. Borc alətləri bazarı isə 6,1 dəfə azalaraq 299,3 milyon manata enib. İlboyu səhm yerləşdirmə ilə bağlı cəmi 18 əqd bağlanıb.

Buna da bax:​ Ofşorlar haqda qərarda bir sıra ofşorlar siyahıya salınmayıb

Dövlət proqramının başlıca məqsədi

Hökumətin inkişafına çalışdığı və ayrıca proqram qəbul etdiyi sahələrdən biri də qiymətli kağızlar bazarıdır. Bu proqram 2011-2020-ci illəri əhatə edir. Dövlət Proqramının başlıca məqsədi - çağdaş dünya standartlarına uyğun, iqtisadiyyata geniş sərmayələşmə imkanları açan və mümkün risklərin etibarlı yönəldilməsinə təminat verən bir qiymətli kağızlar bazarının formalaşdırılmasıdır.

Bu məqsədə çatmaqdan ötrü bu işlərin görülməsi nəzərdə tutulur:

- qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, onun institusional inkişaf səviyyəsinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi; - ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması, iqtisadi layihələrin maliyyələşdirilməsində qiymətli kağızlar bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi; - iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risklərin etibarlı idarə olunduğu müvafiq şəraitin yaradılması;

- ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiyası üçün müvafiq şəraitin formalaşdırılması.

Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Ekspertlərin fikrincə...

Ekspertlərin fikrincə, göstərilən vəzifələr yetərli icrasını tapmayıb. Əks halda, özəl sektor maliyyələşmə üçün xarici mənbələrə deyil, yerli bazara üz tutardı.

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, qiymətli kağızlar bazarının daralması gözlənilən idi: “Törəmə maliyyə alətləri çıxılsa, yerli qiymətli kağızlarla aparılan əməliyyatlar (1,2 milyard manat), əsasən, dövlətin və dövlət şirkətlərinin payına düşür. Özəl sektor hələ də kapital bazarına gəlməkdə passivlik göstərir”.

Ekspert əvvəlki illərdə özəl sektorun daha çox pul bazarlarından borclanmağa üstünlük verdiyinə diqqət çəkir. Onun qənaətincə, ötən il şirkətlərin daha çox gözləmə mövqeyinə çəkilməsi əlavə maliyyələşmə ehtiyacını azaldıb:

Buna da bax:​ Məlumat gizlədilir. Amma orada birinci xanım qeydiyyatda olub

“Əvvəlki illərdə layihələri dövlətin maliyyələşdirməsi kapital bazarına ehtiyacı azaldıb”. C. İbrahimlinin sözlərinə görə, BFB-nin səhmlərin bir hissəsini birjadankənar və qapalı yerləşdirməsi dövriyyəni aşağı salır.

“Azərbaycan qiymətli kağızlar bazarı yox səviyyəsindədir”

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda klassik anlamda qiymətli kağızlar bazarının olmadığını deyir: “Səhmlər likvid deyil, səhmlərə görə dividentlər ödənilmir. Bu sahədə də əsas oyunçu dövlətdir. Özəl kapital bu bazara gəlməsə, normal səhm bazarı yaranmasa, bu sahədə irəliləyiş olmayacaq”.

Ekspert hökumətin qəbul etdiyi proqramların nəticə verməməsini belə izah edir: “Bu işlər proqramlarla olmur, real iqtisadiyyatla, real bazar institutları ilə olur, onlar da yoxdur”.

XS
SM
MD
LG