Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Qarabağda beş qızıl yatağı var


Kəlbəcərdə qızıl yatağı ətrafında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Kəlbəcərdə qızıl yatağı ətrafında nə baş verir? (Arxiv. 2020)

"Azərbaycanda Mədən Sənayesində Şəffaflığın Artırılması" qeyri-hökumət təşkilatları koalisiyası Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə yataqlarla bağlı məlumat yayıb. Həmin məlumata görə, "Qızılbulaq" (Drmbon) yatağında 13.6 vahid sənaye ehtiyatı olan qızıl və 47.9 milyon ton mis var. "Dəmirli" (Kaşen) yatağında mis ehtiyatları 100 milyon ton təşkil edir.

Koalisiyanın rəqəmlərini Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təsdiqləyir.

Vurğulanır ki, həmin ərazilərdə ümumilikdə 150-dən çox müxtəlif növ faydalı qazıntı yataqları var: "O cümlədən beş qızıl, altı civə, iki mis, bir qurğuşun və sink, eləcə də digər mineral ehtiyatlarla zəngin yataqlar mövcuddur".

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Monitorinq istəyi və…

Artıq bir neçə həftədir Azərbaycanın hökumət orqanları Rusiya Sülhməramlı Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarında qanunsuz istismar ilə bağlı monitorinq aparmaq istədiklərini açıqlayıblar. Onlar bir neçə dəfə Rusiya ordusunun yerləşdiyi əraziyə gəlib komandanlıq ilə danışıqlar aparsalar da, istədiklərini gerçəkləşdirə bilməyiblər. Üstəlik, dekabrın 12-si səhər saatlarından bir qrup Azərbaycan vətəndaşı Laçın-Xankəndi yolunu bağlı saxlayır. Faydalı qazıntıların qanunsuz istismarına etiraz etdiklərini bildirən həmin şəxslər Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş də tələb edirlər. Rusiya sülhməramlılarının komandanlığı, hələlik, onlarla görüşməyib. A.Volkov bu olaylar yenicə başlayanda vurğulamışdı ki, Rusiya sülhməramlılarını gözdən salmaq istəyirlər.

Qarabağdakı separatçı qurum isə son baş verənlərlə bağlı Azərbaycan tərəfinin "aqressiv və destruktiv" davranışını "qəbuledilməz" adlandırıb, vəziyyətin tənzimlənməsindən ötrü mümkün tədbirlər görüldüyünü, hərbi kontingentin komandanlığı ilə əlaqə saxladıqlarını bildirib.

Yataqları kimlər istismar edir?

İkinci Qarabağ müharibəsinə qədər "Qızılbulaq" və "Dəmirli" qızıl yataqlarını İsveçrədə qeydiyyatdan keçən "Vallex Group" holdinqinin tərkibində olan "Base Metals" şirkətinin istismar etdiyi iddia olunurdu. Bununla bağlı Azərbaycan Baş Prokurorluğunun məlumatında bəhs edilirdi. Amma, hələlik, həmin açıqlamanı sözügedən şirkətin özündən dəqiqləşdirmək mümkün olmayıb.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Həmin ərazilər Rusiyanın məsuliyyət zonasıdır"

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, "işğal dövrlərində Azərbaycan ərazisində ekoloji terror həyata keçirilib və onun əsas istiqamətlərindən biri də Azərbaycanın faydalı qazıntılarının qeyri-qanuni istismarıdır".

Deputatın sözlərinə görə, həmin ərazilərdə 160-dan çox faydalı qazıntı yataqları olub: "Qızıl, mis, sink və digər faydalı qazıntılar orada olub və onlar da 30 il ərzində xarici şirkətlərin birbaşa iştirakçılığı ilə qeyri-qanuni istismar olunub. Bütün hallarda Azərbaycana məxsus faydalı qazıntıların mənşəyi dəyişdirilərək başqa ölkələrə satılıb”.

Rusiya sülhməramlılarının bu prosesdə mümkün iştirakına gəlincə, E.Mirbəşiroğlunun sözlərinə görə, bununla bağlı tutarlı arqumentlər olmalıdır ki, hər hansı fikir söyləmək mümkün olsun: "Həmin ərazilər Rusiyanın məsuliyyət zonasıdır. Orada Azərbaycanın faydalı qazıntıları qeyri-qanuni istismar edilirsə, bununla bağlı Rusiya sülhməramlılarının da mövqeyi olmalıdır. Hazırda həmin ərazilərə bizim nəzarət imkanlarımız mövcud deyil".

"Rusiya burada gizli şəkildə separatçılarla birləşərək…"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Rusiya hərbi kontingenti bölgədə yerləşəndən sonra artıq xarici şirkətlər orada öz fəaliyyətini davam etdirə bilməyib: "Rusiya buna imkan verməzdi. Belə çıxır ki, separatçılar Rusiyadan asılı olduğuna görə artıq Rusiya burada gizli şəkildə separatçılarla birləşərək Azərbaycanın zəngin yataqlarını istismar edir".

E.Şahinoğlu
E.Şahinoğlu

Politoloqun fikrincə, məhz ona görə də Azərbaycana orada monitorinq aparmağa imkan vermədilər: "Bunu əslində Rusiya təşkil edib. Bizim qarşımızda dayanan Rusiyanın Prezidenti Vladimir Putindir. O, Azərbaycanın suverenliyinin bərpasını istəmir. İstəsəydi, bir telefon zəngi ilə məsələ həll olunardı, Rusiya Müdafiə naziri Şoyqu sülhməramlılarının komandanı Volkova əmr edərdi ki, Azərbaycan məmurların yataqlarda monitorinqi üçün şərait yaradılsın".

Hələlik, bu fikirlərə, Rusiyanın Azərbaycandakı səfirliyi və başqa maraqlı tərəflərin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG