Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:43

Qarabağ əlilinin yağ-pendir zavodu sahibi ilə nə problemi var?


Torpaq sahəsi (arxiv fotosu).
Torpaq sahəsi (arxiv fotosu).

“Müharibədə əlil olanda 19 yaşım var idi, indi 42 yaşındayam. Dövlət mənimçün heç nə etməyib. İllərdir ki, əlil canımla kirayələrdə çürüyürəm. Bu yaxınlarda eşidəndə ki, bələdiyyə mənə torpaq sahəsi ayırıb, sevindiyimdən özümə yer tapmadım. Ancaq rayonda avtovağzalı, ticarət mərkəzləri, zavodları olan birisi torpağımı zəbt etdi, tikinti aparmağa başladı. Gör nə günə qalmışıq ki, yağ-pendir zavodu işlədən də gəlib əlilin haqqına girir, torpağına əl qoyur”.

Sabirabad rayon sakini, 2-ci qrup müharibə əlili Zaur Ağayev ona ayrılmış torpaq sahəsinin zəbt olunduğunu deyir.

Buna da bax:​ Keçmiş döyüşçünün ailəsi icra hakimiyyətindən şikayətçidir

“ADAMIN PULU ÇOXDUR”

Zaur hələ 3 il öncə “Qaynar xətt”ə işsiz, evsiz, xəstə olduğunu, dərmana, ev kirayəsinə görə götürdüyü kreditləri ödəyə bilmədiyindən məbləğin şişdiyini deyirdi. Sosial durumu ağır olan əlil köməyə görə əvvəl dövlətə müraciət etmişdi, səsinə səs verən olmayanda isə aclıq aksiyasına əl atmışdı. Lakin nəticə daha acı olmuşdu. Aclığı məcburi dayandırmasından ötrü polisə aparılmış, xəbərdarlıq olunmuşdu. Ardından isə icra hakimiyyətinin başçısı əlili qəbul edərək bir qələm-kağız götürüb problemlərini səliqəylə siyahıya almışdı, tezliklə həllini vəd etmişdi. Bəs sonrası necə oldu, əlil danışır:

“Elə həmin vaxt başçı söz verdi ki, əlillərə tikilən binadan mənə də ev veriləcək. Nə isə, bina tikiləsi olmadı, əlillərə torpaq sahəsi ayrılması qərara alındı. Bir neçə ay əvvəl mənə də rayonun mərkəzində – yol kənarında 3 sot yarım torpaq sahəsi ayrıldı. Bütün müvafiq qurumlar torpağa dair rəy vermişdilər, torpağa şəhadətnamə almağa barmaqla sayılacaq günlər qalmışdı. Bir də xəbər tutdum, rayonda bir işadamı sahədə tikinti aparmağa hazırlaşır. İddia edirdi ki, torpaq sahəsi onundur. Adamın pulu çoxdur, avtovağzal tikdirir, rayondan Bakıya və başqa rayonlara olan marşrut xətlərini inhisara alır, yağ-pendir zavodu açır, gözü doymur, gəlib mənim də 3 sot yarımlıq torpağımda obyekt tikdirir. Artıq ərazini hasara aldırıb, özül qazdırıb, kənardan baxıram, ürəyim partlayır. Bu qədər ədalətsizlik olmaz”.

Buna da bax:​ “O sözləri ki mən yazmışdım, gəlib tutub aparmalıydılar”

QARŞI TƏRƏF MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Əlil Sabirabad rayon icra hakimiyyətinə, bələdiyyəyə müraciət edib. Ancaq heç biri sahibkarı durdura bilməyib. O da Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayət edib.

Sabirabad rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, bələdiyyə tərəfindən əlilə ayrılan və sənədləşməsi yarımçıq qalmış torpaq sahəsinə görə qarşı tərəf – işadamı məhkəməyə müraciət edib:

“Bu iş məhkəməlikdir. Zaur Ağayevə də dəfələrlə bildirilib ki, məhkəməyə müraciət etməlidir. Ancaq bu günlərdə qarşı tərəf özü məhkəməyə müraciət edib. Şirvan İnzibati İqtisad Məhkəməsində torpaq sahəsinin müharibə əlilinə ayrılması üçün sənəd vermiş yerli bələdiyyəyə və Əmlak Komitəsinin Sabirabad ərazi idarəsinə qarşı iddia qaldırıb. Yəqin ki, son sözü də məhkəmə deyəcək”.

Buna da bax:​ Ramanada 8 ailənin həyatı təhlükədədir

İş orasındadır ki, Sabirabad bələdiyyəsi Z. Ağayevə başqa yerdən torpaq sahəsi də ayıra bilmir. Səbəb həmin əraziyə yaxın yerdə boş torpaq sahəsinin olmamasıdır. Ev-eşik sahibi olmaq arzusu gözündə donub qalmış Zaur Ağayevsə hələ nə qədər kirayədə qalacaq... Əlili məyus edən də elə budur.

XS
SM
MD
LG