Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Köçkünlər: 'Taxta evlər hər an alışa bilər'


Elektrik dirəyi. Foto arxiv
Elektrik dirəyi. Foto arxiv

«Dörd ev yandı, dörd ailə küçədə qaldı, bununla belə, yenə qəzalı naqillərə əncam çəkilmədi. Bu gecə az qalmışdı, növbəti yanğın çıxa...».

Bunu AzadlıqRadiosuna Nizami rayonu, Elşən Musayev küçəsi 51 ünvanında yaşayan köçkün Yavər Süleymanov deyir.

«NAQİLLƏR BİR-BİRİNƏ DOLAŞIB»

Bu ilin aprelində 50-dən çox ailənin məskunlaşdığı taxta evlərin yerləşdiyi ərazidə baş vermiş yanğın dörd ailəni evsiz qoyub. Köçkünlər bildirirlər ki, yanğına səbəb naqillərdəki qısaqapanma olsa da, aidiyyəti qurumlar hadisədən nəticə çıxarmayıb.

Taxta evlərə sarmaşıq kimi dolaşan qəzalı elektrik naqilləri ölüm saçır. Bunu isə «Qaynar xətt»ə həmin ünvanda yaşayan köçkün Saleh İbrahimov deyir:

***Buna da bax-43-cü məhəllədəki yataqxanada köçkünlərin üçüncü yanğını

«Yaxşı ki, yanğınsöndürən vaxtında yetişdi, burdakı evlərin bir parça taxtasından da əsər-əlamət qalmazdı... Bu evlərdə yanğın təhlükəsi çoxdandır ki, var idi. Hamı bilirdi ki, bir gün buralar alışacaq. Çünki bu evlərin elektriklə tənzimlənməsi faciəli vəziyyətdədir. Naqillər köhnə, qırıq... Hamısı bir-birinə dolaşıb. Vətəndaş işıq idarəsinin montyorunu çağırır ki, «gəl naqili düzəlt», montyor gəlməyəndə məcbur qalıb özü bildiyi kimi əl gəzdirir. İndi də soyuqlar düşüb, gecə naqillər tüstülədi, tez qarşısını aldıq».

«NİYƏ 70 AİLƏ KÜÇƏDƏ QALSIN»

Əsas problem soyuqlar düşəndə yaranır. Hamı taxta evini qızdırmaq üçün elektrik cihazları qoşur. Qəzalı və səliqəsiz naqillər yüklənir. Nəticədə qısaqapanma və yanğın baş verir.

Köçkün Xəyalə Ağayeva deyir, onları narahat edən həm də odur ki, burda evi yanan küçədə qalır:

***Buna da bax-Köçkün: 'İlin 9 ayı bitdi, hanı evlər?'

«Dörd ailə hələ də qapılardadır. Evlə təmin olunacaqlarına ümid də yoxdur. Bundan sonra niyə 70 ailə də küçədə qalsın?.. Halbuki, o ailələr icra hakimiyyətinə də, işıq idarəsinə də dəfələrlə müraciət etmişdilər ki, naqillər təzələnsin, xətlər evlərə normal şəkildə çəkilsin».

«GƏRƏKƏN MATERİALLAR VERİLİB»

Nizami Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yanğından zərər çəkmiş köçkün ailələrinə həm «Qaçqınkom» (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi), həm də icra hakimiyyəti tərəfindən yardım olunub:

«Evlərin qapı-pəncərəsi, dam örtüyü dəyişdirilib, təmir işlərinə gərəkən materiallar verilib. Naqillərdəki nasazlıqlara gəlincə, bununla bağlı qurumumuz aidiyyəti orqanlara müraciət edib. Orda vaxtilə normal elektrik xətləri mövcud olub. Köçkünlər özləri haradan, necə gəldi, işıq çəkiblər. Aidiyyəti qurumlar bunun qarşısını tez-tez almağa çalışırlar. Bizdə olan məlumata görə, hətta çox ailələrə buna görə yerli işıq idarəsi xəbərdarlıq edib».

Qurumdan taxta evlərə sığınmış köçkünlərin başqa yerdə yaşayış yerləri ilə təmin olunacağına dair heç nə deyilmədi.

«Qaçqınkom»dansa bildirilib ki, hazırkı mərhələdə hökumət qəzalı yataqxanalarda məskunlaşmış köçkünlərin ev şəraitinin yaxşılaşdırılması ilə məşğuldur.

XS
SM
MD
LG