Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:32

Pasiyent klinikadan 13 min 450 manat tələb edir


Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası

Bel və ayağındakı ağrılarla Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edən Esmira Məcidova indi klinikadan təzminat istəyir.

Klinikanın keçmiş pasiyenti iddia edir ki, üzərində səhv əməliyyat aparılması səhhətinə ciddi zərər vurub.

Buna da bax:​ Sahibkar: 'Uşaqlar məni iki dəfə ipdən alıb'

“KLİNİKADA CƏMİ 2 GÜN SAXLADILAR”

İndi klinikayla xəstə üz-üzə qalıb. İş o yerə çatıb ki, xəstə məhkəməyə müraciət edib. Elmira xanımın həyat yoldaşı Bəhram Məcidov deyir, bu klinika yeni olması və müasir avadanlıqlarıyla diqqətlərini çəkib. Məhz bu amillər Məcidovların gözünü "yumub", həkim personalının peşəkarlığını araşdırmayıblar:

"Həyat yoldaşıma beldə yırtıq diaqnozu qoyuldu və təcili əməliyyata götürüldü. Əməliyyat zamanı xəstəyə narkoz verilmədiyindən dözülməz ağrılar keçirib. Xəstəxanaya 500 manat rəsmi ödəniş etmişəm, həkimə isə ayrıca 2 min 200 manat vermişəm. Ağır əməliyyatdan sonra yoldaşımı klinikada cəmi iki gün saxladılar, dedilər, ‘vaxt bitib, xəstəxanadan çıxarmalısız’. Mən çox xahiş etdim ki, xəstənin vəziyyəti stabilləşməyib, onu bu vəziyyətdə evə aparmaq mümkün deyil, bildirdilər ki, xəstəxanada saxlanması üçün gündəlik 100 manat ödəniş etməliyəm. Maddi durumumuz yol vermədiyindən yoldaşımı yarımcan halda xəstəxanadan çıxarmalı oldum".

Buna da bax:​ Prokuroru məhkəməyə verdi və möcüzə baş vermədi...

Beləcə, əməliyyatdan çıxmış və sağlamlıq durumu ağır olan Esmira xanım həkim nəzarətindən çıxıb. Vəziyyətinin ağırlaşdığını görən ailə üzvləri başqa həkimlərə müraciət etməli olublar. Həkimlər də bildirib ki, əməliyyat düzgün aparılmayıb və bu gedişlə xəstə xanımın ömürlük iflic olmaq təhlükəsi var.

“HƏKİM DEDİ, GƏL BİR DƏ ƏMƏLİYYAT EDƏK”

Sonrakı müalicələr nəticəsində iflic təhlükəsi aradan qaldırılsa da, Məcidovlar, iddia etdikləri kimi, səhv aparılmış müalicələrə və əməliyyata görə Klinikadan hesab sormaq qərarına gəliblər. Üstəlik, ödədikləri pulları da geri tələb ediblər. Bəhram Məcidov:

"Biz onsuz da xəstəni yenidən pul töküb müalicə etdirdik. Səhv müalicəyə görə verdiyimiz pulları niyə həkimlərə bağışlamalıyıq ki... Əksinə, onlar canımıza, pulumuza zərər vurduqlarına görə bizə təzminat ödəməlidirlər. Məsələ ondadır ki, pulumuzu geri tələb etməyə gedəndə həkim dedi ki, "gəl, bunu bir dənə də bel yırtığına görə əməliyyat edək. Təbii ki, imtina etdik. Çünki müayinələr zamanı həyat yoldaşımda disk yırtığı-filan aşkarlanmamışdı. Pulun dərdindən əməliyyata salmışdılar. Üstəlik, ikinci dəfə də eyni təklifi etdilər".

Buna da bax:​ Köçkünlər: 'Prezidentin ləğv elədiyi borc yenidən tələb olunur'

Bəhram Məcidovun sözlərinə görə, uzun-uzadı mübahisələrdən sonra klinika ona cəmi 1000 manat qaytarıb. O isə həkimə şəxsən verdiyi və bahalı müayinələrə xərclədiyi pulları da tələb edir. Üstəlik, klinikada xəstənin sağlamlığının ağırlaşdırılması ilə bağlı sonrakı müalicələrin xərcini və mənəvi zərərə görə təzminatı da toplayanda, xəstənin ailəsi Klinikadan ümumilikdə 13 min 450 manat tələb edir. O, həyat yoldaşının əməliyyat zamanı aldığı travmalardan hələ də əziyyət çəkdiyini bildirir.

“ÖDƏNİŞLƏRİ XƏZİNƏYƏ EDİB”

Klinikanı məhkəməyə verən Esmira Məcidova cərraha ödənilmiş 2 min 400, dərmanlara və müayinələr görə ödənilmiş 1000, hüquqi xidmətlərə görə ödənilmiş 50, mənəvi zərərə görə 10 min - cəmi 13 min 450 manatın tutulması barədə qərar qəbul edilməsini istəyib.

Buna da bax:​ Ev sahibindən xəbərsiz 'propiska'

Tədris Cərrahiyyə Klinikasından "Qaynar xətt"ə bildirilib ki, keçmiş pasiyentin iddiası əsassızdır. Klinika hesab edir ki, xəstənin sağlamlıq durumunun yaxşılaşmaması digər xəstəlikləri ilə əlaqəlidir:

"Ağır durumda müraciət etmişdi, təcili əməliyyata ehtiyac vardı, etdik. Xəstəxanadan buraxılanda da sonrakı müalicə prosedurlarının vacibliyi barədə məlumat vermişik. Buyursun, məhkəmə ekspertiza təyin etsin, o zaman kim haqlıdır, kim haqsız, üzə çıxacaq. Ödənişlərə gəlincə, xəstənin həyat yoldaşı ödənişləri Klinikanın xəzinəsinə edib”.

Pasiyent haqlıdır, yoxsa Klinika - bundan sonrakı sözü məhkəmə deyəcək.

XS
SM
MD
LG