Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Ermənistan KTMT təlimlərindən imtina edir (Moskvanın cavabı)


Nikol Paşinyan mətbuat konfransı keçirir
Nikol Paşinyan mətbuat konfransı keçirir

Laçın dəhlizinin açılması məsələsində Ermənistan hökuməti diplomatik alətdən istifadə etməlidir, yəni maksimum mümkün beynəlxalq təzyiq göstərməlidir. Bunu da Baş nazir Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransında deyib.

“Laçın dəhlizində baş verənlər Dağlıq Qarabağ xalqının, Dağlıq Qarabağ ermənilərinin öz vətənində yaşamaq iradəsini qırmağa yönəlib və bu, məsələnin nəzərə almalı olduğumuz vacib kontekstidir”, – Paşinyan əlavə edib.

Özünü ekofəallar adlandıran azərbaycanlılar dekabrın 12-dən Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizində aksiya keçirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına, bunun ekoloji fəsadlarına etiraz etdiklərini deyirlər.

Ermənistan Qarabağ sakinlərinin blokadada qaldığını bildirsə də, Azərbaycan yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir.

Yolun bağlanması nəticəsində Qarabağda ilkin tələbat, ərzaq məhsulları, o cümlədən dərman qıtlığı yarandığı bildirilir.

Paşinyan deyir ki, anklavlar məsələsi də müzakirə olunacaq

Nikol Paşinyan bunu da bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair müzakirələrdə hər iki ölkənin ərazisində olan anklavlar məsələsinə də baxılacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Bakı Yerevandan Qazax rayonunun 7 kəndinin qaytarılmasını dəfələrlə tələb edib. Bu barədə son bəyanatı Azərbaycanın xarici işlər naziri ötən ilin dekabrında vermişdi.

Paşinyan bu barədə deyib:

“Delimitasiya prosesində tənzimlənməli olan çoxlu məsələlər var. Məsələn deyirlər ki, anklavlar məsələsi var. Bu mövzu bizdə də var. Ermənistan Respublikasının suveren ərazisinə aid Artsvaşen (Başkənd-red) buğun Azərbaycanın nəzarətindədir. Bu məsələ niyə müzakirə olunmasın? Bəli müzakirə olunacaq. Bütün məsələlər müzakirə olunacaq. Biz bu məsələni qaldırırıq. Onlar məsələni qaldırırlar, biz də qaldırırıq”.

Azərbaycan və Ermənistan arasında münaqişənin əvvəllərində, 1990-cı illərdən bəri Azərbaycanın Qazax rayonuna aid 7 kənd Ermənistanın Tavuş rayonu, Naxçıvanın Kərki kəndi isə Ararat rayonunun ərazisində qalıb.

Ermənistan tərəfi isə xatırladır ki, əvvəllər Ermənistanın Geqarkunik vilayətinə daxil Artsvaşen (Başkənd-red) kəndi hazırda Azərbaycanın nəzarətindədir.

“Azərbaycanın dəhliz bəyanatları mane olur”

Paşinyan habelə qeyd edib ki, Ermənistan Yerasx-Sədərək-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasına hazırdır:

“Mən Yerasx-Sədərək-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasına hazır olduğumuzu da təsdiqləməliyəm. Biz buna hazırıq. Bütün bunlara yeganə mane olan məqam Azərbaycanın hansısa dəhlizlər barədə daim verdiyi bəyanatlardır. Biz öz baxışımıza görə erməni yol kəsişməsinin reallaşdırılmasına hazırıq. Amma biz həm də başa düşürük ki, sizə məlum olan şəraitlərə görə beynəlxalq yük daşımalarında, logistika zəncirlərində və marşrutlarında qlobal dəyişikliklər baş verir və bu dəyişikliklərdən regionda sülh və stabillik məqsədilə faydalanmaq olar”.

+++

Moskvanın Yerevanın KTMT qərarına reaksiyası

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərinin onun ərazisində keçirilməsindən imtina etdikdən sonra təşkilat bəyan edib ki, sözü gedən manevrlər başqa bir üzv ölkənin ərazisində keçirilə bilər.

KTMT rəhbərliyi yanvarın 10-da bildirib ki, “hazırda bu barədə məsləhətləşmələr” aparılır.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ermənistanın 2023-cü il üçün nəzərdə tutulmuş KTMT təlimlərindən imtina etməsi barədə suala cavab verərkən deyib ki, Ermənistan Rusiyanın “ən yaxın müttəfiqi” olaraq qalır və Moskva, o cümlədən mürəkkəb problemlər də daxil Yerevanla dialoqu davam etdirəcək:

“Bu Ermənistan baş nazirinin kifayət qədər yeni bəyanatıdır. Mən düşünürəm ki, KTMT üzrə həmkarlar əlaqədə olacaqlar və Ermənistanın tutduğu mövqeyin detalları aydınlaşacaq. Bütün hallarda Ermənistan bizim çox yaxın müttəfiqimizdir və biz hazırda çox mürəkkəb olan məsələlər də daxil dialoqumuzu davam etdirəcəyik”.

***

Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina edib.

Bunu Baş nazir Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birləşmiş qərargahına məlumat verib ki, yaranmış vəziyyətdə təlimlərin keçirilməsi məqsədəuyğun deyil. İstənilən halda, bu il təlimlər keçirilməyəcək, Paşinyan deyib.

Xankəndidəki separatçı rejim talon rejiminə keçir
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Daha öncə baş verənlər

Bundan öncə Ermənistanın ərazisində KTMT-nin “Sarsılmaz qardaşlıq – 2023” adlı təlimlərinin keçiriləcəyi deyilmişdi.

Paşinyan ötən il noyabrın 23-də KTMT-nin Yerevanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. O həmçinin Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Azərbaycan 2020-ci il müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG