Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

‘Zatən ölkədə iqtisadiyyat yoxdur, primitiv ‘durba’ modelidir’


ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Janet Yellen
ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Janet Yellen

Ekspertlər FED-in son qərarını şərh edirlər

ABŞ Federal Ehtiyatlar Sisteminin (ingiliscə qısa adı FED) sentyabrın 20-21-də keçirdiyi toplantısında gözləntilər doğrulub. Öncədən proqnozlaşdırıldığı kimi, uçot dərəcələri qaldırılmadı. Bununla belə, FED direktoru Canet Yellen bildirib ki, uçot dərəcəsinin artırılmasına arqumentlər var, amma hələ gözləməyə qərar verilib. Canet Yellen gözləmək qərarını iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac duyulması ilə əsaslandırıb.

FED-in toplantısında öncədən proqnozlaşdırıldığı kimi, uçot dərəcələri qaldırılmadı.

FED direktoru ilin sonunadək uçot dərəcəsinin artırıla biləcəyini də deyib. FED-in Federal Açıq Bazar Komitəsi bu il iki toplantı keçirməyi nəzərdə tutur – noyabrın ilk iki günündə və 13-14 dekabrda.

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, bundan sonrakı iki toplantının birində uçot dərəcəsi, böyük ehtimalla, artırılacaq: “Çox güman, bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Həmin iclasda ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların da xülasəsi hazırlanacaq və FED direktoru Canet Yellen yenə bəyanatla çıxış edəcək”.

Buna da bax:​ Fed uçot dərəcəsini dəyişmədi

“İlin son iki ayında manatın durumu indikindən çətin olacaq”

Ekspert: "Bundan sonrakı iki toplantının birində uçot dərəcəsi, böyük ehtimalla, artırılacaq..."

Ekspert bildirir ki, FED-in gözlənilən qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq: “Fikrimcə, bu ilin son aylarında, xüsusən noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq. Çünki ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkət və bankların valyuta ehtiyaclarının, eləcə də dövlət büdcəsi xərcləmələrinin çoxalması bazara təzyiqi kəskin artıracaq”.

Maliyyə bazarları eksperti Cəfər İbrahimli fərqli düşünür. Onun qənaətinə görə, FED uzun müddətdə, həm də fasilələrlə uçot dərəcəsini artıracağından, dollar digər valyutalar qarşısında sürətlə dəyər qazana bilməyəcək: “Hətta uçot dərəcəsi 1 faizin üzərinə çıxandan sonra da dolların digər valyutalar qarşısında dalğalı hərəkəti müşahidə oluna bilər”.

Buna da bax:​ Uçot dərəcəsi artsa da, inflyasiya cilovlanmır

“Manatın özünün köklü problemləri var”

"Ztən ölkədə iqtisadiyyat, birjalar, maliyyə bazarı yoxdur, primitiv “durba” modelidir"

Manata gəlincə, C.İbrahimlinin fikrincə, bu qərar, çətin ki, manatı dərhal və birbaşa ciddi dəyər dəyişikliyinə uğratsın: “Məncə, manatın özünün köklü problemləri var və onun dəyərinə hələ uzun müddət daxili iqtisadi amillər daha çox təsir göstərəcək. Düşünürəm ki, manat valyuta səbətə mexanizminə bağlandığı zaman FED qərarlarının dollara təsiri və dolayısı ilə, manata təsiri daha çox hiss olunardı. İndi “üzən məzənnə” siyasətində bu təsir daha az ola bilər”.

Ekspert Natiq Cəfərli bütün bunların Azərbaycana birbaşa təsirinin olmadığını deyir: “Çünki zatən ölkədə iqtisadiyyat, birjalar, maliyyə bazarı yoxdur, primitiv “durba” modelidir” (xalq arasında borunun rusca adı “truba” belə də tələffüz olunur və çox vaxt bəlli bir istehza çaları da daşıyır – red.).

Buna da bax:​ Faiz artımından nə gözləmək olar?

“Manatın addım-addım dəyərdən düşməsi davam edəcək”

"Dolların bahalaşması bizlə qonşu olan ölkələrin də milli valyutalarını zəiflədəcək..."

Amma ekspert dolayı təsiri istisna etmir: “Dolların bahalaşması bütün valyutalara təsir göstərəcək. Bizlə qonşu olan ölkələrin də milli valyutaları zəifləyəcək və bu da manata təzyiqi artıracaq. İkincisi, dollar bahalaşdıqca, xammal qiymətləri düşəcək, yəni, neft ucuzlaşacaq, ya da, ən azı, bahalaşmayacaq. Başqa sözlə, FED direktorunun verəcəyi qərar manata da təsirsiz ötüşməyəcək və onun addım-addım dəyərdən düşməsi davam edəcək”.

FED uçot dərəcəsini son dəfə ötən ilin dekabrında yüksəltmişdi. Bu qərarın manata təsiri rəsmi inkar edilsə də, milli valyuta elə həmin il dekabrın 21-də 2-ci kəskin devalvasiyaya uğramışdı.

XS
SM
MD
LG