Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Generala 8 il həbs verildi, rütbəsi, əmlakı alındı


Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinovun bir il davam edən mühakiməsi yekunlaşıb. Oktyabrın 11-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib. Onun general rütbəsi, başqa dövlət təltiflərinin (orden və medallar) də alınmasına qərar verilib. Məhkəmə bunun üçün müvafiq dövlət orqanlarına təqdimat göndərəcək.

Bundan başqa, Şirinovun əmlakının müsadirə olunması məsələsi də məhkəmənin hökmündə əksini tapıb.

Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev Elman Tahirov, əməliyyat müvəkkili Nadir Nəzirov da Şirinovla birlikdə mühakimə olunurdu. Onlardan Abdullayevə 6, Nəzirova isə 8 il həbs cəzası kəsilib. Onların da rütbələri, orden və medalları alınıb.

Tahirova gəlincə, ona verilən ittiham maddəsi üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsas gətirilərək barəsində cinayət işinə xitam verilib.

600 min manatlıq mülki iddia

General və keçmiş işçiləri adamlardan pul və əmlaklarını zorla almaq üçün onları qanunsuz saxlamaqda, hədə-qorxu gəlməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda suçlanır.

Zərərçəkən qismində tanınanlar arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə keçmiş MTN-çilərə qarşı 315 min dollar və 300 min manat ödənilməsi tələbi ilə mülki iddia qaldırıb. Yusifov deyir ki, 315 min dollar general və işçilərinin ondan hədələyib aldıqları puldur. 300 min manatı isə ona vurulan mənəvi ziyanın əvəzi olaraq istəyir. Məhkəmə Yusifovun mülki iddiasını icraata götürüb. Amma onun təmin edilib-edilmədiyi məhkəmə prosesinin sonunda məlum olacaq.

Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan Ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olub.

İttihamları qəbul etmirlər

Barəsində cinayət işinə xitam verilən Elman Tahirov hazırda "Azərsu"da məxfi şöbənin rəisidir.

General və keçmiş işçiləri özlərini təqsirli bilmir, ittihamda yazılanları qəbul etmirlər.

Sentyabrın 21-də daha bir sabiq MTN generalı - nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, onun da general rütbəsi alınıb, əmlakları müsadirə edilib.

Generallar Şıxəliyev və Şirinov 2021-ci ilin aprelində eyni vaxtda həbs olunmuşdular.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin QuliyevTeymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

2015-ci ildə həbs olunanların əksəriyyəti azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG