Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Natiq Kərimovun istintaqı uzadıldı


Natiq Kərimov
Natiq Kərimov

Avqustun 8-də Səbail Rayon Məhkəməsi Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində açılan cinayət işinin istintaqının uzadılması ilə bağlı təqdimata baxıb.

Bu haqda onun vəkili Əyyub Ələkbərov məlumat verib.

İstintaq qurumu vaxtın 3 ay uzadılmasını istəyib. Vəkilin bildirdiyinə görə, təqdimat təmin edilib. İstintaq daha 3 ay davam edəcək.

N.Kərimovu Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi bu ilin yanvarında həbs etmişdi. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan N.Kərimov barəsində Səbail Rayon Məhkəməsi 4 ay həbs-qətimkan tədbiri seçmişdi.

Sonradan o, ev dustaqlığına buraxılmışdı. Bundan sonra Səbail Rayon Məhkəməsi ev dustaqlığının müddətini də daha 4 ay artırıb.

Buna da bax - Nardaran işi: 'Polisi gözümün qabağında öz polis yoldaşı vurdu'

Ötən il noyabrın 26-da güc orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla, altı nəfər həlak olub.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun tərəfdarları həbs edilib. Sonradan kənd sakinləri arasında da çoxsaylı şəxs saxlansa da, onların əksəriyyəti sərbəst buraxılıb. Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı ümumilikdə 70 nəfərdən çox şəxs həbsdədir. Bu qurum qeydiyyatdan keçməyib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həmin hadisələr zamanı mətbuat vasitəsilə kənd sakinlərini hökumət orqanlarının tələblərinə müsbət cavab verməyə çağırmışdı. 2 ay sonra onun özü də istintaqa cəlb edilmişdi.

Onda hakimiyyət orqanları Nardaranda radikal dini qrupların kök saldığını bəyan edirdilər. Nardaran sakinləri də sosial tələblər səsləndirirdilər.

XS
SM
MD
LG