Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Azərbaycanın hansı bölgələrində narkomaniya daha çox yayılıb?


'Məktəb tualetlərində uşaqlara satırlar, öyrəşdirənədək...', - keçmiş narkotik aludəçisi danışır
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

'Məktəb tualetlərində uşaqlara satırlar, öyrəşdirənədək...', - keçmiş narkotik aludəçisi danışır

Son illər Azərbaycanda narkotik istifadəçilərinin sayı artmaqdadır. Rəsmi bilgilər də bu fikri təsdiqləyir. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığına görə, 2017-ci ildə Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınan cinayətlərin sayı 2 min 899 olmuşdu. Növbəti illərdə bu say ardıcıl artıb. Ötən ilin yekununda belə hallarla bağlı 10 min 665 cinayət qeydə alınıb. Deməli, beş il içində dörd dəfəyə yaxın artımdan söhbət gedir.

Bugünlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ötənilki fəaliyyətinə dair illik hesabatını açıqlayıb. Açıqlanan bilgilərdən bəlli olur ki, ölkədə narkotik maddələrin saxlanması ilə bağlı cinayətlər daha çoxdur. 2018-2022-ci illərdə Azərbaycanda narkotik vasitələrlə bağlı qeydə alınmış cinayət faktlarının yarısından çoxu - 59 faizi məhz bu tip maddələrin saxlanması ilə bağlıdır. Qeydə alınan cinayətlərin daha 35 faizi narkotik maddələrin satışına görə açılıb. Belə cinayətlərin daha 5 faizi narkotik vasitələrin əkini ilə bağlı olub. Bu cinayətlərə görə 2018-2022-ci illərdə ölkədə toplam 25 min 436 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 591 nəfəri qadın, 401 nəfəri xarici ölkə vətəndaşı olub.

Bölgələrdə durum necədir?

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı bilgilərdən aydın olur ki, Azərbaycanın cənub bölgələrində - Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınan narkotik istifadəçilərinin sayı daha yüksəkdir. Hesabatda əksini tapan xəritədən üzə çıxır ki, ötən il ölkənin toplam 18 rayon və şəhərində dövriyyədən çıxarılan narkotik maddələrin çəkisi 100 kiloqramı aşıb. Leriki çıxmaqla, Lənkəran-Astara iqtisadi rayonuna daxil olan digər bütün rayonlar – Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad həmin 18 bölgə arasındadır. Eyni zamanda, İranla sərhəddə yerləşən Biləsuvar, Füzuli, Beyləqan və Kəngərli rayonları da il ərzində dövriyyədən çıxarılan narkotik maddələrin çəkisinin 100 kiloqramdan artıq olduğu rayon və şəhərlər arasındadır. Rusiya ilə sərhəddə yerləşən Qusar, Xaçmaz və Balakən rayonlarında da ilboyu 100 kiloqramdan çox narkotik maddə ələ keçirilib.

Əhalinin hər min nəfərinə düşən qeydə alınmış narkotik istifadəçilərinin sayına görə ilk yeri Lənkəran tutur. Burada hər min nəfərə 16 narkoman düşüb. Təkcə ötən il Lənkəranda narkotiklərlə bağlı 379 cinayət faktı qeydə alınıb. Başqa deyimlə, hər gün, ən azı, bir dəfə Lənkəranda qeydiyyata alınan narkotik istifadəçilərinin sayı 3 min 837 nəfərdir. İl ərzində rayonda 102 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb.

Narkotik istifadəçilərinin sayına görə ikinci yeri Şirvan şəhəri tutur. Burada əhalinin hər min nəfərinə düşən narkotik istifadəçilərinin sayı 12 nəfərdir. Şirvan şəhərində ötən il ərzində narkotiklərlə bağlı 331 cinayət faktı qeydə alınıb. Narkotik istifadəçilərinin sayına görə ən yüksək göstəricinin qeydə alındığı üçüncü bölgə Salyan rayonudur. Burada əhalinin hər min nəfərinə 9 narkotik istifadəçisi düşür. Sumqayıt (9 nəfər), eləcə də Astara Yevlax (5 nəfər) da narkotik istifadəçilərinin sayına görə ilk beşlikdə qərarlaşıb.

Dövlət Komissiyasının açıqladığı hesabatda Bakının rayonları üzrə göstəricilər də ayrıca nəzərdən keçirilib. Açıqlanan bilgilərdən bəlli olur ki, Bakıda narkotik istifadəsinə görə durumun ən kəskin olduğu rayon Yasamaldır. Burada əhalinin hər min nəfərinə 9 narkotik istifadəçisi qeydə alınıb. İkinci yerdəki Suraxanı rayonunda bu göstərici beş nəfərdir. Ötən il Yasamal rayonunda narkotik vasitələri ilə bağlı 509 fakt qeydə alınıb və 395 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bir il ərzində rayon ərazisində ələ keçirilən narkotik vasitələrin həcmi 279 kiloqramı aşıb.

Ən çox hansı narkotik vasitələr ələ keçirilib?

Açıqlanan bilgilərdən o da aydın olur ki, son beş ildə ölkədə dövriyyədən çıxarılan narkotik vasitələr arasında ən çox yer tutan heroindir. 2018-2022-ci illər ərzində Azərbaycanda 11.5 ton heroin ələ keçirilib. Bu, dövriyyədən çıxarılan bütün narkotik vasitələrin 51.6 faizidir. Hüquq- mühafizə orqanları tərəfindən ən çox ələ keçirilən ikinci narkotik vasitə növü marixuanadır. Son beş ildə 5.8 ton marixuana ələ keçirilib. Bu, dövriyyədən çıxarılan narkotiklərin 26.3 faizi deməkdir. Bunlardan başqa, 2.1 ton tiryək (9.6 faiz), 306 kiloqram həşiş (1.3 faiz), 6 kiloqram kokain (0.02 faiz) və 2.4 ton psixotrop maddələr də dövriyyədən götürülüb.

Unutmaq olmaz ki, narkotikdən istifadə İnsan İmmun Çatışmazlığı Virusunun (İİV) da əsas ötürücülərindəndir. Rəsmi rəqəmlərə görə, 1987-2022-ci illər ərzində Azərbaycanda toplam 10 min 136 nəfər bu virusa yoluxub. Yoluxma hallarının 3 min 558-i - 35.1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. İİV-ə yoluxma hallarının 53.8 faizi heteroseksual, 4.5 faizi isə homoseksual cinsi əlaqə nəticəsində baş verib. Yoluxmaların 1.5 faizində sözügedən virus anadan uşağa ötürülüb.

XS
SM
MD
LG