Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Nardaranda polis dini məclisə icazə vermədi


Hacıağa Nuri
Hacıağa Nuri

-

«Kənddəki polis qüvvələrinin tələbi ilə fevralın 22-si axşam Nardaranda qeyd olunan «Fatimeyi-Zəhra» məclisi dayandırılıb».

Bunu AzadlıqRadiosuna kəndin ağsaqqallarından Hacıağa Nuri bildirib.

Hacağa Nurinin deməsinə görə, axşam namazından sonra «Nardaran Piri»nin qanuni axundu, Sabunçu və Pirallahı rayonlarının qazisi Musa Qasımovun iştirakı ilə məclis təşkil edilib. Namaz qılınıb, moizə edilib. Mərsiyə deyilən zaman polislər gəlib və məclisin dayandırılmasını tələb edib.

«Polis təmsilçiləri bu tələblərinə əsas kimi məclis haqda əvvəlcədən xəbərdarlıq edilməməsini göstərdilər. Bundan sonra belə məclislər keçirilən zaman öncədən onlara xəbər verilməsini tapşırdılar. Sonra da məclis iştirakçıları dağılıblar. Hər hansı qarşıdurma olmayıb»,-deyə H.Nuri qeyd edib.

2015-ci il noyabrın 26-da polis qüvvələri Nardaranda xüsusi əməliyyat keçirib. Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. Aralarında «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə də olmaqla 14 nəfər həbs edilib. Bundan sonra Nardaran kəndində xüsusi rejim tətbiq edilib. Həbslər sonrakı günlərdə də davam edib. Prokurorluğun yaydığı məlumata görə, hazırda hərəkatla bağlı olan 65 nəfər həbsdədir. Onlara qarşı terrorçuluq, silahlı müqavimət və daha bir neçə ağır ittihamlar irəli sürülüb.

Daha sonra dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nardaranda abadlıq işlər aparılması üçün 12 milyon manat ayrılıb. Bu işlər indi də davam etməkdədir.

Nardaranda dini durumun da nəzarətə götürüldüyü bildirilir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Nardaranda bir dini icmanın nəzarətdən keçməsi haqda qərar verib. Qalan bütün məscidlərə də həmin icma rəhbərinin təyin etdiyi nümayəndələr (mütəvəlli) rəhbərlik edəcəklər. Musa Qasımov həm haqqında danışılan icmanın rəhbəri, həm də iki rayonun qazisidir.

XS
SM
MD
LG