Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Naxçıvanda əsgərlərə daş daşıdırlar


Naxçıvan şəhəri, Koroğlunun heykəli, 26 yanvar 2006
Naxçıvan şəhəri, Koroğlunun heykəli, 26 yanvar 2006
Naxçıvandakı qayalara çıxanda, hərbi hissələrin əsgərləri ilə qarşılaşırsan

Naxçıvanda yaşamaq həqiqətən də çətindir. Ancaq ondan da çətin Naxçıvanda ölməkdir. Əlbəttə, bu hamıya aid deyil. Söhbət yarım boş qalmış kəndlərdə tənha qocalardan gedir. Deyilənlərə görə, belə tənha qocaları axirət dünyasına yola salanda da, mərasimdə 5-10 qonum-qonşudan artıq heç kim tapılmır. Mərhumun doğmaları isə bundan yalnız bir neçə gün sonra xəbər tuta bilirlər. Bunu da mənə Şərur rayonun Yengicə kəndində dedilər.


Ancaq insanlar təkcə Şərur rayonunu tərk etmirlər. Eyni vəziyyətə Naxçıvanın başqa rayonlarında da rast gəlmək mümkündür. Naxçıvanda insanları ev-eşiyindən didərgin salan təkcə işsizlik problemi deyil. Miqrasiya prosesinə təkan verən amillərdən biri də məmur özbaşınalığıdır.


Babək rayonunun Nehrəm kəndində Yaqub Məmmədov deyir ki, 1996-cı ildə aqrar islahat həyata keçirilsə də, ona hələ də torpaq payı verilməyib. Üstəlik bir işi belə rüşvətsiz həll etmək mümkün deyil:


"Mənim 5 aydır nəvəm olub. Ancaq uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Çünki uşağın valideynlərinin nigahı yoxdur. Nigaha görə, 50 dollar rüşvət istəyirlər".



Naxçıvan şəhərindəki "Qul bazarı", 25 yanvar 2006
Yaqub Məmmədov deyir ki, bir neçə inək və 100-ə qədər qoyun saxlamaqla ailəsini dolandırır. Ancaq dəfələrlə müraciət etsə də, kredit ala bilmədiyindən təsərrüfatını inkişaf etdirə bilmir.


Naxçıvanda bir neçə beynəlxalq təşkilat miqrasiya prosesinin qarşısını almaq məqsədi ilə əhaliyə kiçik həcmli kreditlər verir. Onlardan biri də Beynəlxalq Miqrasiya Təşkilatıdır. Bu təşkilatın Naxçıvandakı proqram rəhbəri Krişna Bat deyir ki, onlar Muxtar Respublikada iki layihə həyata keçirirlər: "Burada iki layihəmiz var. Biri kredit layihəsidir. O biri isə kəhriz".


Cənab Batın sözlərinə görə, kreditlər kənd əhalisinə 9 aydan 18 aya qədər verilir. Bu proqram çərçivəsində indiyədək Naxçıvanda 8 min nəfərə kredit verilib. Kreditlərin həcmi 500-dən 5 min ABŞ dolarına qədərdir. Hər aya görə ən çox 2.5 faiz tutulur.


Proqramın su layihəsi üzrə koordinatoru Arzu Musayev isə deyir ki, Naxçıvanda vaxtilə 407 kəhriz olub, indi onlardan yalnız 283-ü işlək vəziyyətindədir. Onlar kəhrizləri bərpa etməklə həm əhalinin suya olan tələbatını ödəyir, həm də kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaratmağa çalışırlar.


Ancaq Naxçıvanda miqrasiyanın qarşısını almaq üçün nə beynəlxalq təşkilatların, nə də Muxtar Respublika rəhbərliyin gördüyü işlər yetərlidir. Hərçənd ötən il Naxçıvanda mebel fabriki, 2004-cü ildə kərpic zavodu, 2003-cü ildə isə yeyinti sənaye kompleksi istifadəyə verilib. Ancaq Muxtar Respublikada işsizlik hələ də ciddi problem olaraq qalmaqdadır.


Naxçıvanın zəngin təbii sərvətlərə malik olduğu çox adama məlumdur. «Badamlı», «Sirab», «Vayxır» kimi adı dillər əzbəri olan mineral sulardan əlavə orada 250-dən çox mədən bulağı var. Əsasən Ordubad və Şahbuz rayonları ərazisində çıxan bu bulaqlar bir növ başlı-başına qılıb. Əslində, heç başlı-başına da qalmayıb. Bu mədən bulaqlarından bəzi iş adamları nəzarətsiz qaydada istifadə edirlər.


Bunu qədim Gilan şəhəri ətrafındakı qayalar haqqında da demək mümkündür. Həmin qayalara çıxanda, Naxçıvandakı hərbi hissələrin əsgərləri ilə qarşılaşırsan. Onlar təbii sal daşları çıxararaq hərbi maşınlara yükləyirlər.



Gilan şəhəri ətrafındakı qayalar, 26 yanvar 2006
Əsgərlərin çıxartdığı daşların sonrakı taleyi ilə maraqlanmaq istəyən olsa, Naxçıvandakı yeni tikililərə nəzər yetirsə kifayətdir. Bu daşlardan həm bəzək kimi, həm də döşəmə yerinə istifadə edilir. Ordubadla Culfa arasındakı sement istehsalı üçün çox əlverişli dağları da bura əlavə etsək, Naxçıvanda yeni iş yerlərinin açılması və Muxtar Respublikanın büdcəsini artırmaq üçün nə qədər imkanların əldən verildiyi məlum olar.


Bizimlə qayalara çıxan bələdçi isə deyir ki, qədim Gilan şəhərinin xarabalıqları yaxınlığında əsgərlər çoxdandır daş daşımaqla məşğuldurlar. Qayalar bir yana, qədim Gilan şəhərinin də daşlarını söküb daşıyıblar. Bələdçimiz Naxçıvan şəhərində də öz müşahidələrini bizimlə bölüşürdü. Bu dəfə isə o, Naxçıvanın girəcəyində ucalan Koroğlunun heykəlindən danışdı. Bələdçinin sözlərinə görə, Koroğlunun misdən düzəldilən qalxanı bir neçə dəfə oğurlanıb:


"Gör insanlar hansı vəziyyətdə yaşayırlar ki, 5-10 manatdan ötrü Koroğlunun heykəlindəki mis qalxanı oğurlayıb satırlar. Bir neçə dəfə oğurlanan mis qalxanı yenisiylə əvəz edən şəhər rəhbərliyi bu işin yenə də təkrarlandığını görüb axırda əlacsızlıqdan misi sementlə əvəz etdi".


Naxçıvan küçələrində isə hər addımda polislə qarşılaşmaq olar. Üstəlik Naxçıvan polisləri Bakıda və Azərbaycanın başqa bölgələrində olan qanun keşikçilərindən fərqli olaraq küçədə kəmərlərindən qandal asılmış formada gəzirlər. Əlbəttə, polislərin küçələrdə dəmir qandalla gəzməsinin oğru və qaçaqmalçılara necə təsir etdiyini mən deyə bilmirəm. Ancaq bunun sıravi naxçıvanlılarda necə qorxu yaratdığını görməmək mümkün deyildi.


XS
SM
MD
LG