Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:34

Brüsseldə daha bir üçtərəfli görüşün planlaşdırıldığı xəbər verilir


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də Brüsselə işçi səfər edəcək.

Paşinyanın ofisindən alınan məlumata görə baş nazir həmin gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşməlidir.

Məlumatda bu da deyilir ki, Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Şarl Mişelin iştirakı ilə daha bir üçtərəfli görüş planlaşdırılıb.

Bundan əvvəlki Əliyev-Paşinyan-Mişel görüşü aprelin 6-da baş tutmuşdu.

Həmin görüşdə ölkə liderləri sərhədin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəlsələr də, bu istiqamətdə hələki əhəmiyyətli addım atılmayıb.

Ermənistan XİN Əliyevi təkzib edir

Erməni tərəfi hər hansı görüşlərdən imtina etməyib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu bəyanatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Azərbaycan prezidenti İlham Əliyevin bir gün öncə dediklərinə cavab olaraq mayın 19-da verib.

İlham Əliyev bildirmişdi ki, Ermənistan sərhədin delimitasiyası ilə bağlı əvvəlcədən razılaşdırılmış görüşlərdən iki dəfə imtina edib.

Azərbaycan prezidenti Ermənistanın bu hərəkətini “məsuliyyətsiz” adlandırmışdı.

Ermənistan XİN-in mətbuat katibi bir daha bildirib ki, Yerevan bundan əvvəl əldə olunmuş razılaşmalara sadiq qalır:

“Müvafiq olaraq erməni tərəfi hər hansı görüşləri ləğv və onlardan imtina etməyib. Erməni tərəfi bundan əvvəl olduğu kimi iki ölkə liderinin Soçi və Brüsseldə əldə etdikləri razılaşmalara uyğun olaraq komissyalar üzrə işə başlamağa hazırdır”.

Yerevan Qarabağ məsələsinin müzakirəsində israr edir

Rəsmi Yerevan Azərbaycan və Ermənistanın hansısa məqamda danışıqların gündəliyinə dair ortaq məxrəcə gələcəyinə ümid edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 19-da hökumət müşavirəsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O vurğulayıb ki, sülh danışıqlarının gündəliyi birtərəfli ola bilməz.

Qriqoryan Azərbaycan və Ermənistanın danışıqlar üçün təkliflər paketlərinin bir gündəlikdə birləşdirilməsi zərurəti barədə Yerevanın mövqeyini bir daha bəyan edib.

Qriqoryanın sözlərinə görə bu məsələ Brüsseldə də qaldırılıb və Azərbaycan tərəfindən “irəliyə doğru hərəkətin vacibliyi barədə anlayış” ifadə olunub.

Yerevan Qarabağla bağlı Bakıdan cavab gözləyir

Azərbaycan Ermənistanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi ilə bağlı təklifini hələki qəbul etməyib.

Bu barədə mayın 18-də Brüsseldə səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Qarabağ məsələsinin “bağlandığını” demək hələ tezdir:

“Biz sülh prosesinə dair baxışımızı bildirmişik. Biz bildirmişik ki, Azərbaycanın bizə verdiyi təkliflərdə bizim üçün qeyri-məqbul sayılacaq heç nə yoxdur. Bununla belə bu təkliflər gözlənilən sülh müqaviləsinin gündəliyi üçün heç də bütün məsələləri əhatə etmir. Bizim üçün əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyi və müvafiq olaraq Qarabağın statusu məsələsidir”.

Mirzoyan bildirib ki, Yerevan müzakirələrin davam etdirilməsinə tərəfdardır:

“Biz bunu da hesab edirik ki, sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk qrupunun, həmsədrlərin mandatının çərçivəsində aparılması mühümdür. Biz hələki bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir ki, bu danışıqlar mümkün olsun”.

Tərəflər razılaşmadan çox uzaqdır

Ararat Mirzoyan deyib ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılmasına tərəfdardır, lakin bunun üçün həm də qarşı tərəfin razılığı lazımdır.

Azatutyun yazır ki, düz bir ay bundan əvvəl Brüsseldə Azərbaycan və Ermənistanın liderləri sülh müqaviləsinin imzalanmasına hazırlıq barədə razılığa gəlmişdilər.

İlham Əliyev və Nikol Paşinyan habelə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün müştərək komissiyanın yaradılmasına dair razılıq əldə etmişdilər.

Ermənistanın xarici işlər naziri bu komissiyanın ilk iclasının bu həftə Mosvada keçiriləcəyini bildirmişdi.

Lakin bu danışıqlar bu həftə baş tutmayıb.

Ararat Mirzoyan Azatutyuna deyib ki, bu məsələdə də fikir ayrılıqları var.

Mirzoyan mayın 18-də Brüsseldə Avropa İttifaqının xarici işlər komissarı Josep Borrellə görüşüb.

Borrell bu görüş zamanı bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir.

Lakin o əlavə edib ki, tərəflər hələ bundan çox uzaqdırlar.

XS
SM
MD
LG