Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:44

Cənub zonasında daha bir məktəb qapadılıb


Məktəbli
Məktəbli

«Növbə gəlib bizim məktəbə çatdı. Qapısına qıfıl vurublar, deyirlər, «uşaqları qonşu kəndlərdəki məktəblərə aparın». Ən yaxın kənd Tüklədir, onunla da aramızda 5 kilometr məsafə var. O tərəf-bu tərəf – ümumilikdə 10 kilometr yolu əl boyda uşaqlar necə gedib gələcəklər? Bunun qışı, şaxtası, leysanı var. 5-6 dərsdən çıxan ac-susuz uşaq o yolu necə qayıdacaq?».

Masallının Məmmədoba kənd sakinləri kənd məktəbinin bağlanmasından narazıdır.

«O BƏRBAD YOLLARI NECƏ GEDİB GƏLSİNLƏR?»

Xəyalə Muradova deyir, bir neçə gündür ki, rayon təhsil şöbəsi valideynlərə övladlarını Tüklə kəndindəki məktəbə aparmalarını məsləhət görüb. İbtidai sinifdəki iki qızını qonşuluqdakı məktəbə aparıb-gətirməksə indidən ananın gözündə durub. Onu narahat edən də kəndlərarası yolların bərbad vəziyyətdə olmasıdır:

***Buna da bax-Baba: 'Xəcalət çəkirəm, bu uşaqlar məktəbdən qaldılar'

«Uşaqlar hələ kənd içindəki məktəbə ayaqlarına «klyonka» bağlayıb gedirdilər. Bu tifillər qışın şaxtasında, leysanda, qarda o bərbad yolları necə gedib gəlsinlər? Kasıb təbəqənin yaşadığı kənddir. Tək-tük darvazaların qarşısında maşın görərsən».

«50 ŞAGİRD YETƏRLİDİR»

Kənd sakini Namiq Salmanov deyir, əslində, elə kənd məktəbinə azca əl gəzdirib təhsili orada davam etdirmək olardı:

«Məktəbdə 50-dən çox şagird, 14-15 müəllim vardı. Yəni məktəbi saxlaya bilərdilər. Kənd məktəbi üçün 50 şagird yetərlidir. Şagird sayı 10-15 olsaydı, başadüşülən idi, ancaq söhbət hər səhər obaşdan 5 kilometr piyada yol qət edəcək 50 azyaşlıdan gedirsə, hökumətin bu addımı düzgün deyil. Özü də bu məktəbin uşaqları dərsə həvəslidirlər. O məktəbin neçə-neçə məzunu ali məktəblərə daxil olub, şagirdlərin rayonlararası yarışlarda yüksək göstəriciləri var. Elə öz məktəbimizdə şərait yaratsaydılar, uşaqlarımız qonşu kənd yollarında qalmazdı. Heç istəməzdik ki, qışı yolsuzluq və xəstəliyə görə uşaqlarımız təhsildən geri qalsın, ancaq görünən odur ki, bu uşaqlar bir məktəb açılanda, bir də məktəb bağlananda dərsə getməli olacaqlar».

***Buna da bax-Ata 3 üşağını məktəbə göndərə bilmədi...

«NAZİRLİK NƏQLİYYAT PROBLEMİNİ HƏLL ETSİN»

Masallı Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Məmmədobadakı doqquzillik orta məktəb 1992-ci ildə istifadəyə verilib. Bina çox köhnədir, tələblərə cavab vermir. Üstəlik də, şagird sayı aşağıdır:

«Təhsil Nazirliyinin rasionallaşma ilə bağlı sərəncamına uyğun olaraq, məktəbin fəaliyyəti dayandırılıb və şagirdlər ən yaxın məsafədə yerləşən məktəbə yerləşdirilib. Yaxşı olar ki, valideynlər həmin nazirliyə müraciət etsinlər, qurum da qış aylarında uşaqların nəqliyyat probleminin aradan qaldırılmasını təmin etsin».

Masallı Rayon Təhsil Şöbəsindən bildirilib ki, rayonda ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində kənd məktəbi köçürülüb. İndiyədək rayonda üç məktəbin fəaliyyəti dayandırılıb.

Məmmədoba məktəbinin bağlanmasına görə müəllim və texniki işçilər də işsiz qalıb.

XS
SM
MD
LG