Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

‘Tərslikdən özüm də vegeterianam...’


Qırılmış meşə
Qırılmış meşə

“Mən yuxarı qurumlara yazıram, “meşələri qırırlar, qarşısını alın”. Bunlar mənim özümü tutub cərimələyirlər”.

Elxan Mirzəyev əvvəllər Rusiya telekanallarında jurnalist işləyib. İşindən ayrılıb Azərbaycana qayıtdıqdan sonra Lerikin Günəşli kəndinin ərazisindəki meşəlikdə yerləşən bağ evində yaşamağa üstünlük verib.

“DÖZƏ BİLMİRƏM”

Ancaq deməsinə görə, neçə ildir ki, meşəliyin, heyvanların məhv olmasına göz yuma bilmir. Bu barədə yazmadığı, şikayət etmədiyi qurum qalmayıb. Əvəzində isə özü təzyiqlərlə üzləşib:

“Mən özüm vegeterianam. Ümumiyyətlə, yaşıllığa, heyvanlara çox həssasam. Küçədə it, pişik görəndə gətirib evdə saxlayıram, xəstə heyvanları həkimə daşıyıram, xüsusi məntəqələrə təhvil verirəm. Tərslikdən də gəlib elə yerə düşmüşəm ki, hər gün ağaclar kəsilir, yaşıllıqlar məhv edilir. Dözə bilmirəm. Yerli polis, icra hakimiyyəti də bu məsələlərə görə nazirliklərə yazdığım üçün mənimlə düşmən olub. Uzun müddətdir ki, mənim boyda “başağrısından” xilas olmağın yollarını axtarırlar. 2 il əvvəl polis şərlədi, 200 manat cəriməylə canımı qurtara bildim. Bu dəfə isə döyüldüm”.

Buna da bax:​ Astarada sürüşmədən yol çöküb

Elxan Mirzəyevin sözlərinə görə, Lerik rayon polis şöbəsində işləyən mayor Əsrəddin Əliyev və elə həmin şöbədə polis əməkdaşı olan oğlu Nurəddin Əliyev tərəfindən təzyiqlərə məruz qalıb:

“İKİ OĞLU DA POLİS ŞÖBƏSİNDƏ İŞLƏYİR”

“Həmin polis mayoru da Günəşli kəndində yaşayır. Oktyabrın 6-da oğlanları məni yaşadıqları həyətə dəvət etdi. Polis mayoru üstümə acıqlandı ki, “sənin müdafiə elədiyin itlər mənim ördəklərimi yeyir”. Başa düşdüm ki, bəhanədir. Mənimlə küçə söyüşləri ilə danışmağa başlayanda qanuna dəvət elədim. Oğlu Nurəddin yaxınlaşıb arxadan məni yumruqladı. Onu da deyim ki, Əsrəddin Əliyevin iki oğlu da özü ilə Lerik rayon polis şöbəsində işləyir. Halbuki, bu, qanunla qadağandır”.

Elxan Mirzəyev Əliyevlərin hərəkətindən DİN “102” xidmətinə şikayət edəndən sonra Lerik rayon polis şöbəsinə çağırılıb. Ekspertizadan keçmək üçün göndəriş tələb etsə də, ona hadisədən iki gün sonra göndəriş verilib. O, polisdən polisə şikayətinin nəticəsiz qalacağını düşünür:

“Məni döyən də, təhqir edən də elə həmin şöbənin əməkdaşlarıdırsa, həmin şöbədə şikayətimin obyektiv araşdırılacağına inanmıram. Daxili işlər nazirinə də elektron müraciət etmişəm. Bu rayonun nə məhkəməsinə, nə prokurorluğuna, nə polisinə arxayın deyiləm. Bunlar bütün günü birlikdə oturub dururlar, bir-birlərinin xeyrinə-şərinə gedib gəlirlər”.

Buna da bax:​ Günahsız meşə qatilləri

“FƏALİYYƏTİYLƏ ƏLAQƏSİ YOXDUR”

Lerik rayon polis Şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, Elxan Mirzəyev 2 il əvvəl polisi söydüyü üçün cərimələnib və xəbərdarlıq olunub. Onun inzibati cəzalandırılmasının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən təhqir olunması və döyülməsinə gəlincə isə, bu barədə şöbəyə daxil olmuş ərizəsi araşdırılır. Ata ilə oğulun polis şöbəsində birlikdə işləmələri ilə bağlı deyilənlərə gəlincə, şöbədən bunu nə təkzib, nə də təsdiq ediblər.

Elxan Mirzəyev başına gələnləri ictimai fəaliyyəti ilə əlaqələndirir və düşünür ki, bu addımları ilə polis ona “sataşır”.

Hüquqşünas Vaqif Alıyev deyir, Elxan Mirzəyev şikayətinin başqa rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasından ötrü baş prokurora müraciət etməlidir.

XS
SM
MD
LG