Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Əliyev Qarabağ erməniləri ilə qeyri-formal təmasların olduğunu deyir


Soldan sağa: Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Azərbaycan prezidenti İlham Əliyev
Soldan sağa: Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan Prezidenti Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Qarabağın erməni əhalisinin nümayəndələri ilə əlaqələrə də toxunub. Onun deməsinə görə, daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz: "Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır".

Praqada Erdoğan-Paşinyan görüşü başlanıb

Praqada Türkiyə prezidenti ilə Ermənistan baş naziri arasında danışıqlar başlanıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, danışıqlarda habelə, Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın, xarici işlər nazirləri Ararat MirzoyanMevlüt Çavuşoğlu, iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr - Ruben RubinyanSerdar Kılıc iştirak edirlər.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, son 13 ildə ilk dəfə görüşən Türkiyə və Ermənistan lideri ikitərəfli münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Hər iki tərəf birbaşa kontaktların, ən yüksək səviyyədə görüşlərin vacibliyini vurğulayıb.

İki ölkənin xüsusi elçilərinin müzakirələrində əldə olunmuş razılaşmaların tezliklə gerçəkləşməsinin zəruriliyi qeyd olunub. Söhbət özəlliklə, üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılmasından, Ermənistanla Türkiyə arasında birbaşa hava yükdaşımalarının gerçəkləşməsindən gedir.

+++

Praqada Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, Fransa prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə dördtərəfli danışıqlar başa çatıb.

Fransa prezidenti Emmanuel Makron bu görüşdən sonra Twitter-də foto paylaşıb və “Qafqazda uzunmüddətli sülh naminə” yazıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, bu, Azərbaycan-Ermənistan sərhədində bir neçə həftə bundan əvvəl baş vermiş toqquşmalardan sonra ilk Əliyev-Paşinyan görüşü idi.

Dördtərəfli danışıqlardan əvvəl Azərbaycan prezidenti Nikol Paşinyanın Azərbaycan və Qarabağ arasında birbaşa danışıqlar təklifinə dair müxbir sualına belə cavab verib:

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Onlarla ünsiyyət bizim daxili işimizdir və biz bunu üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyilik”.

İlham Əliyev: 'Sülh prosesinə artıq təkan verildi'

“Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq.”

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Bu dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlət başçısı daha sonra deyib:

“Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi”.

O, əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçiriblər (oktyabrın 2-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Cenevrədə ikitərəfli formatda görüşmüşdülər) və onların fikrincə, bunun arası kəsilməməlidir.

“Biz təklif etdik ki…”

Prezidentin vurğulamasına görə, nazirlər tezliklə ikinci dəfə görüşməlidir:

“Biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”.

"Sülh müqaviləsi ilin sonunadək imzalana bilər"

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.”

AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 6-da Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

O, əlavə edib ki, "vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir":

“Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik.”

Praqada dörttərəfli görüş

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Oktyabrın 6-da, günorta Əliyev və Paşinyan prezident Ərdoğanın iştirakı ilə Praqada görüşüblər. Amma görüşlə bağlı əlavə bilgi verilməyib.

Özəl video: AzadlıqRadiosu müxbirinin Əliyev və Ərdoğanla söhbəti

Praqada İlham Əliyev Şarl Mişellə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-ı Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Ş.Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. (Ötən ilin dekabrından dörd belə görüş olub)

Prezident İ.Əliyev Ş.Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib.

Xəbərə görə, söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün (Avropa İttifaqı, Azərbaycan və Ermənistan) gündəliyi müzakirə olunub.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan prezidenti Praqadadır

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirak etmək üçün Praqada səfərdədir.

Səfər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çexiya Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə gerçəkləşib.

İ.Əliyev bu səfər çərçivəsində Ş.Mişel ilə görüşməlidir. Eyni zamanda, Türkiyə və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında danışıqlar ola bilər

Müzakirə ediləcək məsələlər…

Əksər Avropa ölkələrindən liderlər oktyabrın 6-da qitədə təhlükəsizlik məsələlərini, ilk növbədə Ukraynadakı müharibəni müzakirə etmək üçün Praqaya toplaşır. Toplantı Avropa Siyasi Birliyi kimi təqdim edilir.

Avropa Siyasi Birliyinin (ASB- EPC) yaradılması ideyasını ilk dəfə mayda Fransa Prezidenti Emmanuel Makron irəli sürüb. ASB ilə bağlı 44 Avropa ölkəsinin liderlərinə dəvətlərin göndərildiyi bildirilir.

Oktyabrın 7-də isə eyni məkanda qeyri-rəsmi Avropa Birliyi (AB) sammiti keçirilməlidir. 27 üzv ölkənin liderləri Rusiyaya qarşı sanksiyaları, enerji böhranını və qarşıdan gələn çətin qışı müzakirə etməlidirlər.

Rusiya bu il fevralın 24-də Ukraynaya təcavüz edib. 2014-cü ildə isə bu ölkənin Krim bölgəsini ilhaq etmişdi. Onda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ildən genişləndirilib.

XS
SM
MD
LG