Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Heydər Əliyev Mərkəzinin saxlanmasına milyonlar ayrılır, amma...


Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi

-

Yasamalın bir köhnə məhəlləsinin sakini, pensiyaçı Rüstəm Məmmədli deyir ki, qonşularla birgə dəfələrlə rayon icra hakimiyyətinə kollektiv ərizə yazıb. İstəyiblər ki, yaşadıqları ikimərtəbəli binanın fasadına yenidən suvaq vurulsun, ümumi pəncərələrə şüşə salınsın, dam örtüyü təmir edilsin. İxtisasca maliyyəçi olan R.Məmmədov həmin binanın təmirinə 50 min manatın gen-bol yetəcəyini deyir. Di gəl, gəlib əncam çəkən yoxdur.

İkimərtəbəli binanın təmirinə 50 min manat tapılmırsa, 2007-2011-ci illərdə Bakıda inşa olunmuş və qeyri-rəsmi hesablamalara görə, tikintisinə 251.1 milyon manat xərclənmiş Heydər Əliyev Mərkəzinin hər hansı təmiri dövlət büdcəsinə ağır yük olmalıdır, deyilmi?

«AĞ FİL»LƏRDƏN BİRİ

Sözügedən mərkəz qoyulan sərmayənin həcmi və iqtisadi səmərəsizliyi baxımından ekspertlərin «ağ fil» kimi dəyərləndirdiyi çoxsaylı layihələrdən biridir. Bu il həmin ideoloji mərkəzin saxlanmasına dövlət büdcəsindən ötənilki qədər - 3 milyon 511.2 min manat ayrılıb.

Beş il öncə - istifadəyə verilərkən, Heydər Əliyev Mərkəzinin saxlanmasına 2 milyon manat ayrılmışdı. Bu, 2013-cü ilədək davam etdi. 2014-cü ildə mərkəzin saxlanmasına daha 1 milyon manat artırıldı. Ötən il xərclər 3.5 milyon manatı aşdı. Büdcə vəsaitlərinə qənaət rejiminə keçidin elan edildiyi 2016-cı ildə isə bəzi sosial və investisiya xərcləri azaldılsa da, Heydər Əliyev Mərkəzinin maliyyələşdirilməsi xərclərinə toxunulmadı.

Mərkəzdə ilboyu müxtəlif tədbirlər – konsert və təqdimatlar, konfrans və sərgilər təşkil olunur. Bura hüquqi baxımından dövlət qurumudur, ancaq gəlir və xərcləri barədə hesabat vermir.

«GÜLLÜBULAQ»DAN ELEKTRİK AVADANLIĞI...

İlin əvvəlindən Heydər Əliyev Mərkəzinin saxlanması məqsədilə keçirilən satınalma prosedurlarının sonucu olaraq 10 yerli və bir Türkiyə şirkəti, eləcə də iki fiziki şəxslə ümumi dəyəri 469 min manat olan 15 müqavilə bağlanıb. Xərclər ötən ilə nisbətdə 35.4 min manat artıb.

Mərkəz binası fasad və interyerinin işıqlandırılmasına bu il «Güllübulaq», «Santral Elektrik Ltd.» və «Xəzər Elektron» şirkətlərindən 140 min manatlıq elektrik avadanlığı satın alınacaq.

Burada istismar olunan yanğın təhlükəsizliyi cihaz və avadanlıqlarına texniki xidmətə görə «NAT Corp» MMC və Yanğından Mühafizə Cəmiyyətinin hər birinə təxminən 18 min manat ödəniləcək.

DİGƏR XƏRCLƏR

- Mərkəzdə istifadə olunan səhnə avadanlığına texniki xidmət («Star Sahne» şirkəti, Türkiyə) 31.4 min manata;

- liftlərə, avtomatik qapılara və eskalatorlara texniki xidmət («Piramida-F.R.» MMC və «Verti» MMC) – toplam 82.4 min manata;

- suqızdırıcı qazan və nasoslara texniki xidmət («Buxar Mühəndislik» MMC) – 23.5 min manata;

- isitmə, soyutma və havalandırma sistemlərinə texniki xidmət («İqlim Ltd.» MMC və «Hightechnic Systems» MMC) – 71.6 min manata başa gələcək.

Heydər Əliyev Mərkəzinin Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytına artıq neçə illərdir ki, «Ultra Computers» şirkəti texniki dəstək verir. Bu xidmət ildə 23 min 576 manat 40 qəpik məbləğində dəyərləndirilib.

Mərkəzdə nümayiş etdirilən avtomobillərin və yeraltı avtomobil dayanacağı döşəməsinin yuyulmasına Elman İlham oğlu İmanov cavabdehdir. Ona bu işə görə elə ötənilki qədər – 41 min 480 manat ödəniləcək.

MALİYYƏ MƏNBƏLƏRİ MƏLUM DEYİL?

Heydər Əliyev Mərkəzi prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli sərəncamıyla yaradılıb.

Mərkəzin saytında deyilir ki, qurum «Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği» ilə məşğul olur.

Mərkəzdə 154 nəfər çalışır. Direktor Anar Ələkbərov həm də Heydər Əliyev Fondunun icraçı direktorudur. O, Azərbaycanda vəzifə maaşını dövlət başçısının təyin etdiyi çox azsaylı şəxslərdən biridir. Maaşın məbləği ictimaiyyətə açıqlanmır.

Heydər Əliyevin adını daşıyan belə mərkəzlər ölkənin bütün şəhər və rayonlarında inşa olunub. Onların maliyyə mənbələri məlum deyil.

XS
SM
MD
LG