Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

'Bir hissə dörd saat yatıb durur, sonra digər oyaq məhkumlar yatırdı'


'Türmədə ayı 20 min manata lüks otaqlar var' - Keçmiş məhbuslar
Gözlə

No media source currently available

0:00 0:05:51 0:00

'Türmədə ayı 20 min manata lüks otaqlar var' - Keçmiş məhbuslar

"1 saylı Bakı Təcridxanasında olduğum müddətdə altınəfərlik kamerada 12, dördnəfərlik kamerada 8-9, 8 çarpayı olan yerdə 19-20 nəfər adam qaldığını dəqiq bilirəm". Aqil Məhərrəmov 2018-ci ildə həbs olunub. O, dörd illik həbs müddətinin bir ilini 1 saylı Bakı İstintaq Təcridxanasında, qalan üç ilini isə 2 saylı Cəzaçəkmə Müəssisəsində keçirib. Keçmiş məhkumun sözlərinə görə, xüsusilə 1 saylı Bakı İstintaq Təcridxanasında sıxlıq olduqca çox olub.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 2022-ci il üzrə məruzəsində bildirir ki, sıxlıq probleminə əsas etibarilə istintaq təcridxanalarında rast gəlinir. 2 min 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında 3 min 500-dən çox məhkum olduğu bildirilir. 700 nəfər üçün nəzərdə tutulmuş Gəncə 2 saylı İstintaq Təcridxanasında 800 nəfər, 1 min 50 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1 min 400-dən çox məhkum saxlanılır.

Ölkə üzrə Ədliyyə Nazirliyinin nəzdində 17 istintaq təcridxanası, 14 məntəqə tipli cəzaçəkmə müəssisəsi, bir həbsxana, bir tərbiyə və iki müalicə müəssisəsi var.

WorldPrisonBrief databazası 2022-ci ildə Azərbaycanda 22 min 334 məhkum olduğunu açıqlayıb. Hələ 2015-ci ildə "Cəzaçəkmə müəssisələrində sıxlığın qarşısının alınmasına dair" Avropa Şurasının sənədlər toplusunda Azərbaycana da tövsiyələr verilib.

"Altınəfərlik kameralarda 10 nəfərə yaxın adam saxlayırdılar"

Siyasi fəal Əziz Məmiyev 2022-ci ilin iyulunda quru sərhədlərin bağlı qalmasına etiraz aksiyasında iştirak etdiyi üçün 30 gün inzibati həbs alıb. O, Binəqədi rayon inzibati həbs olunanların saxlanma mərkəzində cəzasını çəkdiyi müddətdə məhkumların sıxlığı ilə rastlaşdığını söyləyir: "Həbs olunandan bir gün sonra məhbusları bir-bir rəislə görüşdürmək üçün yuxarı çıxarırdılar. Bizi rəisin otağının qarşısındakı dəhlizə düzmüşdülər. Təsəvvür edin, dəhlizdə tərpənməyə yer yox idi. Elə gün olurdu, 40 nəfər, elə gün olurdu, 80-ə yaxın məhkum gətirirdilər. Sıxlıq o dərəcədə idi ki, altınəfərlik kameralarda 10 nəfərə yaxın adam saxlayırdılar. Bəzən elə adamlar gətirirdilər ki, baxırdın ki, onların yeri həbsxana yox, müalicə mərkəzi olmalıdır".

Hüquq müdafiəçisi Rəsul Cəfərov cəzaçəkmə müəssisələrində sıxlığı cinayət törətmiş şəxslərin və azadlıqdan məhrumetmə cəzası alan məhkumların çoxluğu, həmçinin həbsxanaların köhnə tikililər olması ilə əlaqələndirir: "Yəni, faktiki, yeni çarpayıların artırılması şansı sıfıra bərabərdir. Bu yerdə hökumət nə etməlidir? Düzdür, yeni cəzaçəkmə müəssisələrinin tikilməsini dəstəkləmirik. Amma zərurət varsa, bu addımlar atılmalıdır" .

“Dustaqların sayı çarpayıların sayından çoxdu”
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Sıxlığın artmasının daha bir səbəbi

Son dövrlərdə cəzaçəkmə müəssisələrində sıxlığın artması hökumətin narkotik vasitələrlə mübarizəsi ilə də əlaqələndirilir. Rəsmi məlumatlara görə, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar qeydə alınmış cinayətlərin sayı 2018-2022-ci illərdə kəskin artıb. Həmin dövr ərzində bu ittihamlarla ümumilikdə 25 min 436 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 2022-ci ildə ölkədə qeydə alınmış 36 min 494 cinayət hadisəsinin 10 min 665-i və ya 29.2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu cinayəti törətmiş şəxslərin 98.9 faizi cinayət məsuliyyətinə cəlb olunub, yalnız 1.1 faizi cinayət məsuliyyətindən azad edilib.

Aqil Məhərrəmov həmin dövrü çox yaxşı xatırladığını deyir. Onun sözlərinə görə, belə kütləvi həbslər başlayanda cəzaçəkmə müəssisəsində yatmağa belə yer olmayıb: "O dövrdə sıxlıq daha da dözülməz hala çatdı. İnsanlar növbəli şəkildə yerdə yatırdılar. Bir hissə dörd saat yatıb durur, sonra digər oyaq məhkumlar yatırdı. O dərəcədə sıxlıq olur ki, bir çarpayıya üç nəfərin düşdüyünü deyə bilərik".

Məhərrəmov sıxlıqla bağlı problemləri həbsxana rəhbərliyinə çatdırsalar da, ya həllini tapmadığını, ya da rəhbərliyin səlahiyyətləri çərçivəsində olmadığını söyləyir.

AzadlıqRadiosu təcridxanalarda sıxlıqla bağlı suallara Penitensiar Xidmətdən cavab ala bilməyib.

Humanist cəzalar, vaxtından əvvəl azadetmə

Hüquq müdafiəçisi Cəfərov sıxlığın səbəbləri arasında həm də alternativ cəzaların tətbiqinin azlığını görür. Onun sözlərinə görə, 2017-ci ildən 2020-ci ilin əvvəlinə kimi cəzaların humanistləşdirilməsi üçün bəzi addımlar atılıb, məhkumların sayı da azalmağa başlayıb. Ancaq sonradan əks proses gedib. Cəfərov bəzən az ağır cinayətə də azadlıqdan məhrumetmə cəzası verildiyini qeyd edir.

"Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq, 2020-ci ildə Cinayət, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Burada azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası yönündə müasir texnoloji vasitələrdən istifadə ilə bağlı müddəalar öz əksini tapıb. Nazirlik bu dəyişikliklərin alternativ cəzaların tətbiqində uğurlu nəticə verdiyini bildirir.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Alternativ cəzalar elə tətbiq edilməlidir ki..."

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) və Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elşad Mirbəşiroğlu da alternativ cəzaların tətbiqini daha məqsədəuyğun hesab edir. Hazırda qanun pozucularına qarşı ictimai işlərə cəlbetmə, elektron qolbaqlar, peşəkar fəaliyyətlə məşğul olmanın məhdudlaşdırılması kimi cəza növləri tətbiq oluna bilər. Deputatın fikrincə, bu cəzalar elə tətbiq olunmalıdır ki, qanunu pozan şəxs növbəti dəfə buna cəhd etməsin: "Azadlıqdan məhrumetmə insanı islah etməkdən çox, əksər hallarda əks təsir göstərə bilir. Təcridxana həyatı keçirmiş məhkumun resosializasiyası ya çətin olur, ya da baş tutmur. Ona görə də, qanunvericiliyə dəyişiklik edərək cəmiyyət üçün çox da təhlükəli olmayan cinayətlərə görə alternativ cəzaların tətbiqi daha məqbul olar. Bu, həm həbsxanalarda sıxlığı azaldar, həm də dövlət büdcəsini xeyli səviyyədə yükdən azad etmiş olar".

R.Cəfərov
R.Cəfərov

"Avropa Məhkəməsində qazanmaq şansı yoxdur"

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, istər müddətli, istərsə də ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün vaxtından əvvəl azadetmə tətbiq oluna bilər, ölkə qanunvericiliyi buna imkan versə də, praktikada çox ciddi problemə çevrilir: "Orada artıq korrupsiya ilə bağlı ittihamlar ortaya çıxır, ayrıseçkilik məsələləri var. Tutaq ki, eyni hüquqi vəziyyətdə olan məhkumun biri rahatlıqla azadlığa çıxa bilir, digəri yox. Onlar arasında nə fərq var, bu, müəyyən edilmir".

Cəfərov deyir ki, həbsxanalardakı vəziyyətlə bağlı sübut toplamaq çətin olduğundan bu faktların məhkəmə perspektivi çox zəifdir. Belə işlərin Avropa Məhkəməsində qazanmaq şansının zəifliyini nəzərə alaraq, hüquq müdafiəçisi ən effektiv mübarizə yolunu yuxarı instansiyalara şikayətlərdə görür. Onun sözlərinə görə, öz hüquqlarının bərpası üçün addım atmaq məhkumların hüququdur.

XS
SM
MD
LG