Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

MeydanTV-nin müxbirləri yenidən istintaqa çağrıldı


MeydanTV-nin səfərdən qayıdarkən jurnalistləri
MeydanTV-nin səfərdən qayıdarkən jurnalistləri

►Vətəndaşı istintaqa necə çağırarlar? Qanunlar nə deyir?

Son günlər MeydanTV ətrafında baş verənlər Azərbaycanda adamların istintaqa cəlb olunma formasıyla bağlı narahatlıq yaradıb.

MeydanTV əməkdaşlarının bir qisminin küçədə getdikləri vaxt, digərlərinin də Kiyevdən media təlimindən qayıdarkən Bakı aeroportunda saxlanılaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması bu sahədə ciddi hüquqi problemlərin olduğunu bir daha ortaya qoydu.

Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər idarədə şahid qismində dindiriliblər. İstər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, istərsə də yerli qanunvericilik şəxsin şahid qismində istintaqa cəlb olunmasıyla bağlı tamam fərqli qaydalar nəzərdə tutur.

Buna da bax: Xanım jurnalistlərin “Bandotdel”də gördükləri

Saxlanılan şəxsin yaxınlarına məlumat verilməlidi

Cinayət-Prosessual Məcəllənin 91.5.6-cı maddəsində göstərilib ki, şəxs saxlanıldıqdan dərhal sonra onun tutulduğu və ya həbsə alındığı, harada saxlanıldığı barədə yaxın qohumlarına, yaxud əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat verilməlidir.

Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov isə sentyabrın 16-da günorta saatlarında yoxa çıxmış və bir sutkadan sonra onun harada saxlanıldığı məlum olmuşdu. Bu müddətdə onun yaxınlarına hansı səbəbdən saxlanıldığı, yeri barədə heç bir məlumat verilməmişdi.

Maraqlıdır, bəs şahid qismində tanınan şəxslərin zorla istintaq orqanına aparılması məsələsində qanunvericilik nə deyir?

Şahid istintaqdan yayınsa...

Aytac Əhmədova
Aytac Əhmədova

​Xatırladaq ki, Meydan TV ilə əməkdaşlıq edən Aytac Əhmədova və onun rəfiqəsi sentyabrın 16-da mağazaya gedərkən küçədə onları saxlayıb, məcburi şəkildə avtomobilə mindirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb orada dindiriblər. Bu media orqanı ilə əməkdaşlıq edən daha üç xanım jurnalist - Sevinc Vaqifqızı, Aytən Fərhadova İzolda Ağayeva isə Kiyevdən qayıdarkən gecəyarı Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Əvvəlcə onları Hava Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşlarına təhvil veriblər. Oradan da elə gecə ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər. Xanım jurnalistlər idarədə dindirildikdən sonra günorta saat 12.30 radələrində buraxılıblar.

Cinayət-Prosessual Məcəllənin 226-cı maddəsində dindirməyə çağırışın qaydaları öz əksini tapıb. Orada göstərilib ki, şahid, zərərçəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına çağırış vərəqəsilə çağrılırlar. Onlar, həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə də çağrıla bilərlər. Çağırış vərəqəsində kimin, hansı prosessual qismdə çağrıldığı, habelə çağrılan şəxsin hara və nə vaxt (gəlmə günü və saatı) gəlməli olduğu göstərilməlidir. Çağırış vərəqəsində xəbərdarlıq olunur ki, əgər gəlməsə, məcburi gətirilə bilər.

Bu Məcəllənin 178-ci maddəsində isə şəxsin hansı hallarda məcburi gətirildiyi öz əksini tapıb. Qeyd olunub ki, şəxs cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə; çağırışları almaqdan boyun qaçırdıqda; cinayət prosesini həyata keçirən orqandan gizləndikdə məcburi şəkildə gətirilə bilər. Amma bu addım cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatətilə məhkəmənin qərarı əsasında həyata keçirilməlidir.

Buna da bax: Polşada azərbaycanlı məhbusları müdafiə aksiyası- [Fotolar]

"Müstəntiqdən soruşdum, cavab vermədi..."

Demək istədiyim odur ki,bizi çağırış vərəqəsi və ya telefon zəngi vasitəsilə çağırsaydılar, biz onsuz da boyun qaçırmayacaqdıq.

Meydan TV əməkdaşları isə deyirlər ki, onlara şahid qismində istintaqa cəlb olunmaları haqda əvvəlcədən heç bir məlumat verilməyib.

Sevinc Vaqifqızı AzadlıqRadiosuna açıqlamasında bildirib ki, Meydan TV ilə əməkdaşlıq edən şəxslər bu hadisələrdən bir neçə gün öncə çağırış əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedərək, orada ifadə veriblər. Əgər bu dəfə də qanuna uyğun şəkildə istintaqa çağırılsaydılar, gedib ifadə verəcəkdilər:

"Bizim istintaqdan yayınmaq fikrimiz olmayıb və indi də yoxdur. Bu gün (sentyabrın 21-də) iş vaxtının bitməsinə az qalmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini, bir gün əvvəl bizi dindirmiş Murad Quliyev zəng elədi və bizi yenidən ifadə verməyə çağırdı. Bildirdim ki, "bu gün gələ bilməyəcəm, çünki həm iş saatının bitməyinə az qalıb, həm də ötən gecəni bizi oyaq saxlamısız, bu üzdən çox yorğunam, amma sabah mütləq gəlib ifadə verəcəm". Demək istədiyim odur ki,bizi çağırış vərəqəsi və ya telefon zəngi vasitəsilə çağırsaydılar, biz onsuz da boyun qaçırmayacaqdıq. Özüm də hələ anlamıram ki, hava limanında sanki cinayətkar tuturlarmış kimi bizi saxlayıb, gecə vaxtı idarəyə aparmağa, bütün gecəni oyaq saxlamağa nə ehtiyac vardı?! Müstəntiqdən də bunu soruşdum.Hətta dedim ki, “bizi ölkədən çıxanda yox, qayıdanda saxlayıb bura gətiriblər,istintaqdan yayınan olsaydıq, heç ölkəyə qayıtmazdıq”. Müstəntiq sualıma heç bir cavab vermədi..."

Sevinc Vaqifqızı onu da qeyd edib ki, onlara münasibətdə yol verilmiş qanun pozuntusuyla əlaqədar müəyyən addım atmaq niyyətləri var:

"Təbii ki, hüquqlarımızın pozulmasıyla əlaqədar hüquqi müstəvidə müəyyən addımlar atılacaq. Vəkillə məsləhətləşmələrdən sonra bu haqda qərar verəcəyik".

Yeri gəlmişkən, Cinayət Prosessual Məcəllənin 449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi nəzərdə tutulub.

Buna da bax: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib

Gecəyarısı istintaqa nə vaxt icazə verilir

Müzəffər Baxışov
Müzəffər Baxışov

"Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Müzəffər Baxışov baş verənləri AzadlıqRadiosuna şərh edərkən bildirib ki, şəxsə istintaqa çağırış vərəqəsi göndərilməyibsə və bu haqda digər vasitələrlə ona məlumat verilməyibsə, onun zorla saxlanılaraq istintaq orqanına aparılıb dindirilməsi kobud qanun pozuntusudur.

Üstəlik, şəxslərin heç bir zərurət olmadığı halda gecəyarı istintaq orqanına aparılması da daha bir qanun pozuntusudur:

"Cinayət Prosessual Məcəllənin 7-ci maddəsində "gecə vaxtı" anlayışı öz əksini tapıb. Qanunda göstərilib ki, axşam saat 22.00-dan səhər saat 7.00-a qədər olan müddət gecə vaxtı sayılır. Qanun gecə vaxtı yalnız təxirə salınması mümkün olmayan hallarda dindirmə və digər istintaq hərəkətlərinin aparılmasına icazə verir. Konkret jurnalistlərin məsələsində "yalnız təxirə salınması mümkün olmayan" hansı haldan söhbət gedə bilər? Əlbəttə ki,səhərin açılmasını gözləyib, qanuna uyğun şəkildə onları çağırıb dindirmək olardı..."

Hüquqşünas onu da əlavə edib ki, Cinayət Prosessual Məcəllənin 125-ci maddəsi qanun pozuntusuyla əldə olunan sübutların, o cümlədən şahid ifadələrinin sübut kimi qəbul olunmasına yol vermir.

Jurnalistlərin küçədən tutularaq və ya gecə vaxtı saxlanılaraq dindirməyə cəlb olunmasının səbəblərinə Daxili İşlər Nazirliyindən də aydınlıq gətirməyə çalışdıq. Lakin bu qurumdan AzadlıqRadiosunun suallarını cavablandıran tapılmadı.

XS
SM
MD
LG