Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:32

Ermənistan müxalifəti parlamentin qapalı iclasından narazı qalıb


Oktyabrın 26-da Ermənistan parlamenti qapalı iclas keçirib
Oktyabrın 26-da Ermənistan parlamenti qapalı iclas keçirib

Parlamentdəki Ermənistan müxalifəti qapalı iclasdan narazı qalıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, müxalif deputatlar güc nazirliklərinin nümayəndələrindən bir çox suallarına cavab almadıqlarını deyirlər.

Xəbər verilir ki, “Şərəfim var” müxalifət fraksiyasının deputatı Taqui Tovmasyan Milli Məclisi iclasın sonunu gözləmədən tərk edib.

O bildirib ki, qapalı iclasda verilən sualların çoxuna hökumət nümayəndələri “bu dövlət sirridir” cavabını veriblər:

“Mən dərindən məyus olmuşam və müzakirəni tərk etmişəm. Bu təlxəkliyə daha qulaq asa bilmədim”.

Azatuyun yazır ki, güc nazirliklərinin nümayəndələri jurnalistlərin suallarına ümumiyyətlə cavab verməyiblər.

Ohanyanın çıxardığı nəticə

Xəbər verilir ki, qapalı iclasda Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan iştirak etməyib.

Onu əvəz edən Arman Xaçatryanın ardınca zaldan MTX sərhəd qoşunlarının komandanı çıxıb.

Silahlı qüvvələr baş qərargahı rəisinin birinci müavini Kamo Koçunts Milli Məclisə mühafizəsiz gəlib və binanı elə mühafizəsiz də tərk edib.

Parlamentin içərisində çıxış qapısını tapmayan general daha sonra mühafizə xidmətindən ona binadan çıxmaqda kömək etmələrini istəyib.

“Hayastan müxalifət” fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan iclasdan sonra deyib ki, belə bir görüşdə hakimiyyətin birinci simaları iştirak etməliydilər.

Ohanyan oktyabrın 26-da keçirilən qapalı iclasdan bir neçə nəticə çıxardığını deyib.

Onun sözlərinə görə bu nəticələrdən biri də 44 günlük müharibəyə son qoymuş 9 noyabr üçtərəfli bəyanatı ilə bağlıdır.

Geri çəkilmək əmrini kim verib?

Ohanyanın fikrincə, sözü gedən bəyanatın birinci bəndində Azərbaycan və Ermənistan qoşunlarının olduğu yerdə qalması nəzərdə tutulsa da, Ermənistan tərəfindən geri çəkilmək barədə şifahi əmr olub:

“İstər Müdafiə Nazirliyinin, istərsə də sərhəd bölmələri hərbçilərinin müharibənin başa çatdığı mövqelərindən, xüsusən də Sünik və Geğarkunikdən geri çəkilməsi üçün heç bir əsas olmayıb. Bizim gəldiyimiz yeganə nəticə budur: Bütün bunları şifahi şəkildə Ermənistan hakimiyyəti, ya da başqa kimsə əmr edib. Qoy özləri dəyərləndirib cəmiyyətimizə cavab versinlər”.

Azatutyun yazır ki, həbsdən bu yaxınlarda azad edilmiş keçmiş Sisyan meri, müxalifətçi deputat Artur Sarkisyan da oktyabrın 26-da jurnalistlərlə brifinqdə elə bu barədə danışıb:

“Dekabrın 17-də müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa gəlmiş, bizi, bütün icma başçılarını ora dəvət edib demişdi: Sizə sabah saat 5-dək vaxt verilir ki, bütün yerlərdən çəkiləsiniz”.

Deputat xatırladıb ki, 2020-ci il dekabrın 14-də baş nazir Nikol Paşinyan müraciətlə çıxış etmiş və Ermənistan və Azərbaycan arasında Sünik vilayətində sərhədin dəqiqləşdirilməsi barədə danışarkən, danışıqlarda razılığa gəlindiyinə işarə etmişdi.

Ohanyan deyib ki, məhz bu kimi suallara cavab verilməsi üçün qapalı iclasda Paşinyan və başqa məsul şəxslər iştirak etməli idilər.

Bu yaxınlarda Azərbaycan və Ermənistan arasında yeni sənədlərin imzalanacağına dair söz-söhbət barədə suala cavab verərkən Ohanyan deyib ki, iclasa dəvət olunanların bu barədə heç bir informasiyası olmayıb.

Ermənistan parlamenti qapalı iclas keçirib

Deputatların beşdə birindən az olmayan bir qrupun təklifi ilə oktyabrın 26-da günorta saatlarından Ermənistan Milli Məclisində Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət və demarkasiya ilə bağlı məsələlərin müzakirəsinə başlanıb. İclas qapalı keçirilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatuyun yazır ki, oktyabrın 26-da səhər, 63 leyhinə və 17 deputat bitərəf olmaqla sözü gedən məsələlərin müzakirəsi üçün layihə qəbul olunub.

Ermənistan Milli Məclisinin spikeri Ruben Rubinyan deyib ki, bu iclasda silahlı qüvvələr baş qərargahının rəisi Kamo Kaçunts və MTX sərhəd qoşunlarının komandanı Arman Maralçyan həmməruzəçi qismində çıxış edəcəklər.

Bu barədə layihə də səsvermə yolu ilə təsdiqlənib.

Xarici işlər naziri gəlməyib

Hayastan müxalifət fraksiyasının katibi Artsvik Minasyan xarici işlər nazirinin iclasa niyə gəlmədiyi ilə maraqlanıb:

“Biz xarici işlər nazirinin də müzakirəyə cəlb olunmasını təklif etmişik. Niyə gəlməyib? Səbəb sırf işlə bağlıdır? Nə baş verir? Axı bir çox suallar məhz onun sahəsinə aiddir”.

Hakim fraksiyadan iclasa sədrlik edən vitse-spiker deyib ki, müxalifətin təklifi hökumətə çatdırılıb:

“Mahiyyət etibarilə hökumət adı çəkilənlərin Milli Məclisdəki müzakirəyə göndərilməsini zəruri sayıb”.

Artıq bir neçə həftədir ki, müxalifət deputatları təhlükəsizlik məsələləri ilə məşğul olan güc strukturları nümayəndələrinin parlamentə gəlməsini və suallara cavab verməsini tələb edirlər.

Bu təklif barədə yalnız bugün, oktyabrın 26-da razılaşma əldə olunub.

Ermənistan parlamentində insident
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

***

Ermənistan parlamenti Azərbaycanla təmas xəttindəki vəziyyəti və sərhədin demarkasiyasını qapalı iclasda müzakirə edəcək.

Qanun layihəsi oktyabrın 26-da parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Silahlı qüvvələrin Baş qərargah rəisi və Milli təhlükəsizlik xidməti sərhəd qorşunlarının komandiri iclasda məruzə ilə çıxış edəcəklər.

AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, “Ayastan” fraksiyasının deputatı Artsvik Minasyan Xarici işlər naziri Ararat Mirzoyanın müzakirəyə niyə dəvət olunmaması ilə maraqlanıb. Halbuki onu dəvət etmək təklif olunmuşdu.

Parlamentin vitse-spikeri Ruben Rubinyan deyib ki, müxalifətin təklifini hökumətə çatdırıb: “Faktiki olaraq, hökumət müzakirədə iştirak üçün parlamentə sözügedən şəxslərin göndərilməsini vacib sayıb”.

Müxalifət fraksiyaları hələ sentyabrda tələb edirdilər ki, Sünik vilayətində sərhəddəki vəziyyət parlamentdə müzakirəyə çıxarılsın.

Azərbaycan polisi sentyabrın 12-də Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa başlayıb. Avqustun sonunda isə Azərbaycanın Silahlı Qüvvələri Gorus-Qafan yolunun iki hissəsini iki sutka bağlı saxlamışdı.

Azərbaycan ötən il hərbi əməliyyatlar yoluyla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG