Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

'Rüşvətdən əlini üzən' müstəntiq maddəni ağırlaşdırdı


Elşən Yazımov
Elşən Yazımov

«Oğluma 126-cı maddənin 1-ci hissəsi ilə cinayət işi açılmışdı. Ortada ağır cinayət yox idi. Müstəntiq 8 min manat rüşvət istədi. Dedi, «çatdırmasan, uşağın işi ağırlaşacaq». İnanmadım, düşündüm, bu uşaq neynəyib, işi necə ağırlaşdıra bilərlər, üstəlik də, zərərçəkmişin ortada barışıq ərizəsi var. Əməlinə uyğun cəzası nədir, məhkəmə kəsəcək. Pulu vermədim, daha doğrusu, istəsəydim də, o məbləği düzəldə bilməzdim, ağır ailə şəraitində yaşayırıq. İstintaq bitənə yaxın müstəntiq bizə «sürpriz» elədi. Uşağın işini eyni maddənin ən ağır hissəsinə tövsif elədi, uşağın da belini qırdı, bizim də...».

Bunu AzadlıqRadiosuna Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunmuş Elşən Yazımovun anası deyir.

***Buna da bax-Zərdab sakini: 'Qızımın ölümü ört-basdır edilir'

ZƏRƏRÇƏKMİŞ MÜRACİƏT ETSƏ DƏ...

E.Yazımov bu il martın 19-da şəxsi münaqişə zəminində Azər Yusifova yüngül xəsarət yetirib. Buna görə 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə Binəqədi polisi tərəfindən həbs olunub. Ana iddia edir ki, işi icraatına götürən müstəntiq iyunun sonunadək davam edən istintaq müddətində ondan təqsirləndirilən şəxsin işinin yüngülləşdirilməsi üçün rüşvət istəyib. İstintaqın bitməsinə bir həftə qalmış rüşvətdən əlini üzən müstəntiq E.Yazımovun əməlini eyni maddənin 2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır zərər vurma) hissəsinə tövsif edib.

Ancaq iş məhkəməyə göndərildiyi ərəfədə – bu il iyulun 7-də zərərçəkmiş Binəqədi Rayon Polis İdarəsinin müstəntiqinə ərizə ilə müraciət edib. O bildirib ki, E.Yazımov sağlamlığına vurduğu zərərin maddi tərəfini tam ödəyib, tərəflər arasında problemlər çözülüb və cinayət işinə xitam verilməsini istəyir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Zərərçəkmiş şikayətçi olmadığını məhkəmədə də bildirib. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsə 8 illik həbs cəzası kəsib.

***Buna da bax-Sahibkardan polisə cəza tələbi və ikiillik süründürməçilik

Binəqədi Rayon Polis İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, E.Yazımovun istintaqını istintaq şöbəsinin müstəntiqi Elgiz Məmmədov aparıb. Zərərçəkmiş tərəf istintaqa iş materialları məhkəməyə göndərildikdən sonra ərizə ilə müraciət edib. İstintaq orqanı vəzifəsini bitirdiyindən, zərərçəkmiş bunu artıq yalnız məhkəmədə deyə bilərdi.

İdarədən vətəndaşdan rüşvət istənilməsi ilə bağlı deyilənlər də təkzib olunub. Bildirilib ki, vətəndaşdan rüşvət istənilmişdisə, o bu barədə aidiyyəti qurumlara bildirməliydi.

Vaqif Alıyev
Vaqif Alıyev

«3 İL HƏBS TƏYİN OLUNA BİLƏRDİ»

Bakı Ağır Cinayətlər Məhkəməsi isə çıxarılan hökmlərə şərh vermir. Məhkəmədən bildirilib ki, tərəflər hökmdən 20 gün ərzində Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər.

Hüquqşünas Vaqif Alıyev deyir, Cinayət Məcəlləsinin 126.1 maddəsində cəza 3 ildən 8 ilədək nəzərdə tutulur:

«İlk məhkumluq, qarşı tərəfin barışıq ərizəsi və sair yüngülləşdirici hallar nəzərə alındıqda, Elşən Yazımova cəzanın minimum həddi – 3 illik həbs cəzası təyin oluna bilərdi. Bu maddənin 2.4-cü hissəsində isə cəza 6 ildən 11 ilədək nəzərdə tutulur. Əgər Elşən Yazımovun ilkin məhkumluğu, öhdəsindəki azyaşlılar, zərərçəkmiş tərəfin barışıq ərizəsi nəzərə alınsaydı, ona maksimum cəza 6 il nəzərdə tutulurdu. Ortada cinayət varsa, mütləq cəzası da olmalıdır. Zərərçəkmiş tərəfin barışıq ərizəsi vətəndaşın düşündüyü kimi, təqsirləndirilən şəxsi cəzadan tamamilə azad etmirdi. Yalnız aşağı hədd cəza almasına kömək etmiş olardı. Vətəndaşların rüşvətlə bağlı iddialarına gəlincə, bu, çox vaxt sübutsuz qalır. Yəni fakt var, sübut yoxdur. Rüşvət tələbini sübut etmək bir qədər çətin məsələdir. Vətəndaş müstəntiqin hərəkətlərindən vaxtında şikayətçi olmalıydı».

İndi E.Yazımova oktyabrın 4-də çıxarılmış məhkəmə hökmündən apellyasiya şikayəti vermək qalır. Hüquqşünas deyir, buna görə E.Yazımovun oktyabrın 24-dək vaxtı var.

XS
SM
MD
LG