Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:54

Sakin: 'Gədəbəydə Çıxarış satılır - 1500 manata'


Foto illüstrasiya
Foto illüstrasiya

«8 aydan çoxdur bütün sənədləri təqdim etmişik, açıq aşkar deyirlər, «gətir 1500 manat ver, 5 dəqiqənin içərisində Çıxarış verək, götür get»».

«1500 MANAT VERMƏLİSƏN»

Gədəbəy sakini Fəqani Hüseynov AzadlıqRadiosuna danışır ki, öz adına Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış obyektinə, oğlu Faiq Hüseynovun adına Slavyanka kəndində olan 12 sot torpaq sahəsinə Çıxarış sənədi əldə etmək üçün ondan rüşvət istənilir:

«Təqdim etdiyim sənədləri, az qala, böyüdücü şüşə ilə yoxlayıblar, bir əskiklik tapmayıblar. Bütün sənədlərimiz qaydasındadır. Hər iki Çıxarışa görə ayrı-ayrılıqda 81 manat rüsum da ödənilib, qəbzi sənədlərə əlavə olunub. Ancaq Çıxarışları özlərində saxlayıblar. Hər dəfə gedəndə deyirlər, «Çıxarışlar hazırdır». A kişi, hazır olan sənəd çoxdan mənə verilməliydi, səndə nə gəzir? Seyfində saxlayır ki, hərəsinə görə 1500 manat rüşvət verim. Rüşvəti işi əyri olan adam verər ki, ört-basdır etdirsin. Qanuni sənədə görə dövlətin rüsumunu ödəyəndən sonra rüşvəti niyə verim ki? Mənə ancaq və ancaq həftədə bir dəfə gedib bu sözləri onlara deyib evə qayıtmaq qalır. Sanki sözlərim daşa dəyib qayıdır. Deyirlər, «qayda budur, 1500 verməsən, sənədi verə bilmərik»».

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı ərazi idarəsinin Gədəbəy rayon şöbəsindən «Qaynar xətt»ə Fəqani Hüseynovdan rüşvət istənilməsi ilə bağlı deyilənlər təkzib olunub: «Vətəndaş yaxınlaşsın, məsələni aydınlaşdıraq, əgər sənəd hələ də verilməyibsə, yəqin bir səbəb var. Ancaq o səbəb rüşvət deyil, hər halda bir şöbəyə yaxınlaşsın».

«MƏHKƏMƏYƏ VERMƏLİ İDİ»

Hüquqşünas Vaqif Alıyev bildirir ki, Fəqani Hüseynov sənədləri təqdim edəndən qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatanadək sənədi almayıbsa, çoxdan məhkəməyə müraciət etməli idi:

«Əgər istisna hal – məsələn, hər hansı araşdırma, qanunla nəzərdə tutulmuş hər hansı əlavə sənəd tələbi və sair yoxdursa, o sənəd vətəndaşa 5 iş günü ərzində təqdim olunmalıydı».

Hüquqşünas deyir, vətəndaş hələ də sənədi ala bilməyibsə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini məhkəməyə verə bilər.

XS
SM
MD
LG