Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:37

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

12:43 4.4.2016

Cəbhədə döyüşlər gərginləşir

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yayıb.

Məlumatlarda cəbhədə döyüşlərin davam etdiyi bildirilir.

Nazirliyin deməsinə görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi sıradan çıxarılıb. Orada general və bir sıra yüksəkrütbəli zabitlərin də öldüyü bildirilir.

Müdafiə Nazirliyi qeyd edir ki, həyata keçirilən əməliyyatla bağlı videogörüntülər ictimaiyyətə təqdim olunacaq.

11:26 4.4.2016

A.İsazadə: «Azərbaycan status-kvonu dəyişmək istəyir»

Azad İsazadə
Azad İsazadə

«Son hərbi əməliyyatlar zahirən böyük görünməyə bilər. Amma 1994-ci ildən bu yana bu, Azərbaycanın güclə qazandığı qələbədir. Bunun sonucu olaraq, Azərbaycan tərəfi bir-iki günə «ya mənimlə danışın, ya da davam edəcəyəm» şərtini ortaya qoya bilər».

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Azad İsazadə bunu AzadlıqRadiosuna bildirib.

Onun fikrincə, erməni tərəf yaşayış məntəqələrini atəşə tutduğu üçün Azərbaycan tərəfi status-kvonu dəyişmək istəyir. Azad İsazadə deyir ki Azərbaycan danışıqlar masasına güc faktoruna söykənib əyləşmək istəyir:

«Erməni tərəf isə hücumları ilə nəyisə geri qaytara bilmək üçün səy göstərir. Özü bu masada güclü tərəf olaraq oturmağa can atır, hələlik, ümumi mənzərə belədir».

A.İsazadə bu məsələdə Rusiya amilinə da toxunub: «Bunu mülahizə olaraq deyirəm. Əlimizdə bunu sübut edəcək dəlil yoxdur. Amma Rusiya qeyri-müəyyən durum yaratmaqla, hər iki tərəfə öz şərtlərini diktə etmək istəyir. Bu belədir ya yox, bunu yaxın iki-üç gün ərzində görəcəyik».

10:32 4.4.2016

Azərbaycanın daha 3 hərbiçisi həlak oldu

Tərtərdə həlak olmuş Azərbaycan hərbçisinin dəfni – 3 aprel 2016
Tərtərdə həlak olmuş Azərbaycan hərbçisinin dəfni – 3 aprel 2016

Aprelin 4-ü səhər cəbhədəki son vəziyyətlə bağlı Azərbaycan Müdafiə Nazirliyi yeni məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına baxmayaraq, Ermənistan vəziyyəti gərginləşdirməkdə davam edir:

«İtirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tuturlar. Ötən gün və gecə ərzində aparılan döyüşlərdə Ermənistan canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb».

Müdafiə Nazirliyi bildirir ki, döyüşlərdə Azərbaycan daha 3 hərbi qulluqçusunu itirib.
Bundan əvvəl isə cəbhədəki son döyüşlərdə Azərbaycanın 12 hərbiçisinin həlak olduğu bildirilirdi.

Davamı

XS
SM
MD
LG