Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

17 apreldə istirahət hüququ pozulanlar


«İnsanların istirahət hüququnu pozan müxalifət yox, hökumətdir». Bunu aprelin 17-də «Sahil» bağında istirahət etmək istəyən ixtiyar qocalar deyib. Həmin gün İctimai Palata «Sahil» bağında mitinq keçirəcəyini elan etmişdi. Ancaq Bakı şəhər icra hakimiyyəti artıq bir neçə ildir ki, sakinlərin istirahət hüququnun pozulduğunu əsas gətirərək müxalifətin şəhər mərkəzində aksiya keçirməyinə icazə vermir.

«HARA GEDİM, ÇOLAQ ADAMAM»


«Sahil» bağını necə deyərlər «üzük qaşı kimi dövrəyə alan» polis isə ağına-bozuna baxmadan oradakıları uzaqlaşdırmağa çalışırdı. 80 yaşlı Xəlil Əliyev deyir ki, polis onun bağda dostları ilə rahat oturub istirahət etməsinə imkan vermir:

«Bizim hüququmuzu müxalifət yox, polis pozur. Oturmuşuq burada, deyir «dur get o tərəfə». Hara gedim, çolaq adamam. Biz burda istirahət edirik. Deyirlər olmaz, gedin buradan. Müxalifət bizə heç nə etmir. Düz edib mitinq keçirirlər. Nə edir, xuliqanlıq etmir ki, haqqın tələb edir də».

76 yaşlı Feyzulla kişi ilə 71 yaşlı Yaqub kişi də Xəlilin dediklərini təkrar edirlər.

SON DAYANACAQ- GÜZDƏK


Həmin gün Bakının bütün yolları sanki «Sahil» bağına aparırdı. Hər yerdə polislər dayanmışdı. Asayiş keşikçiləri evinə gedən müəllimi, şəhərə gəzməyə çıxan gənc qızı, M.F.Axundov adına Milli Kitabxanaya gedən tələbəni, bir sözlə, üzü «Sahil» istiqamətinə gedən hər kəsi geri qaytarır, təkid edənləri isə polis maşınına basıb bölməyə yollayırdılar. Tələbə Abdulla Tağıyev deyir ki, ilk dəfədir kitab oxumağın qanun pozuntusu olduğunu eşidir:

«Mən tələbəyəm. Kitabxanaya gedirəm, qoymadılar».

«A kişi mən müəlliməm, niyə məni vurursan?» Bunu da polisin saxladığı, təxminən 45 yaşlı bir kişi deyir.

Onu da deyim ki, polis maşınına basılıb aparılanların bəzilərinin sorağı sonradan Abşeronun Güzdək qəsəbəsindən gəlirdi. Yəni onları bölməyə yox, Güzdəkə aparıb orada sərbəst buraxıblar. Necə ki, ötən yay keçirilən mitinqlər zamanı polis saxlanılanların bəzilərini aparıb Qobustan qəsəbəsində azad buraxmışdı.

CƏRİMƏ, XƏBƏRDARLIQ VƏ 15 SUTKA


Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun məlumatına görə, 17 aprel aksiyası zamanı 65 nəfər saxlanıb. Onlardan 40 nəfərin işi məhkəməyə göndərilib, 25 nəfərdən isə izahat alınandan və hüquqa zidd hərəkətlərə yol verməmələri barədə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Məlumatda aksiyanın təşkilatçılarının ümumi sayı təxminən 150 nəfərədək göstərilib.

Müxalifətin İctimai Palatası isə aprelin 18-də yaydığı bəyanatda deyilir ki, 17 aprel mitinqində 200 nəfərə yaxın adam saxlanıb. Həbs olunanların 40 nəfərinin işi məhkəməyə göndərilib. Məhkəmələrin qərarı ilə onların 6 nəfəri 5 sutkadan 15 sutkaya qədər həbs cəzası alıb. 19 nəfəri 10 manatdan 100 manata qədər müxtəlif məbləğdə cərimə edilib, 11 nəfərə isə xəbərdarlıq olunub. 20 nəfərdən artıq adam polis şöbələrində cərimələnib.

Sənəddə bu həbs və cəzaların ölkədə son aylar başlamış repressiya dalğasının davamı olduğu, hakimiyyətin bu yolla ölkədə demokratik dəyişikliklər tələb edən insanları susdurmaq istədiyi bildirilir.

POLİS ASAYİŞİ QORUYUB


«Sahil bağı»nda baş verənləri yaxınlıqdan- yəni YAP-ın qərargahının eyvanından müşahidə edən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı AzadlıqRadiosunun «İşdən sonra» proqramına deyib ki, hadisə yerində polis heç də çox olmayıb. Orada azacıq polis əməkdaşları olub, onlar da ictimai asayişi qoruyublar.

«Mən orada hər hansı aksiya və onun iştirakçısı olan şəxs görmədim. Radikallar qanunla qadağan olunmuş aksiya keçirməyə cəhd etmək istəyirlər. Elan edirlər ki, Sahil bağında mitinq keçirdəcəyik. Polis də orada müşahidə aparır ki, qeyri- qanuni hərəkətlərə yol verilməsin. Orada heç bir aksiya keçirən olmadı. İctimai Palata deyilən qurumun iddiaları boş və mənasız söhbətdən başqa bir şey deyil. Orada dincələn yaşlı insanlar mənə yaxınlaşıb narahat olduqlarını bildirdilər və dedilər ki, bura aksiya yeri deyil axı. Yəni radikalların iflası göz önündədir. İnsanlar bu cür radikal hərəkətləri istəmir və pisləyir».

Onu da qeyd edim ki, «Sahil bağı» ətrafında toplaşan polislər bəzi hallarda jurnalistləri də vurmaqdan çəkinmirdilər. Mübariz Qurbanlı isə polisin jurnalistləri vurması barədə deyilənlərlə razılaşmır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin hadisə yerində olan şöbə müdiri Orxan Mansurzadə isə mümkün qədər jurnalistlərə qarşı zorakılıq hallarına mane olmağa çalışsa da, bu cür hallar bir neçə dəfə baş verdi. Orxan Mansurzadə elə aksiyadaca açıqlamasında bildirdi ki, «bəzi anlaşılmazlıqlar ola bilər. Amma jurnalistlər kimi polis də öz vəzifəsini yerinə yetirir».

«ONLAR HAQSIZ OLDUQLARINI BİLİRLƏR»


Politoloq Zərdüşt Əlizadənin 17 aprel aksiyasına təşkilatçıllıq baxımından müəyyən iradları olsa da, deyir xeyli sayda müxalifətçi gənçin saxlanması özü özlüyündə aksiyaya keçirməyə cəhdin edildiyini göstərir. O ki qaldı, aksiya keçiriləcək yerə xeyli sayda polis əməkdaşının və mülki geyimli şəxslərin cəlb edilməsinə:

«Onlar haqsız olduqlarını bilirlər. Hər şeydən qorxurlar. Ona görə qorxurlar ki, xalqa, zordan, yalandan başqa təklif etməyə heç nələri yoxdur. Vətəni qarət edirlər, satırlar, ciblərini doldururlar və qorxurlar ki, bir gün xalq gəlib onlardan hesab istəyər».

Zərdüşt Əlizadə hesab edir ki, hakimiyyətdə bu qorxunu yaradan, gözünün qarşısında baş verən Tunus, Yəmən, Misir, Suriya, Livan nümunələridir. O hesab edir ki, hazırda Azərbaycanda hakimiyyətə yeni müxalif qüvvə formalaşması üçün situasiya yetişib. Tezliklə bu baş verəcək və o zaman hesab soran xalqın qarşısında hakimiyyətin indiki qüvvəsi kifayət etməyəcək.
XS
SM
MD
LG